AZ

Dövlət Departamentinin ədaləti hara qeyb olub?

ABŞ Dövlət Departamentini dünya ölkələrində insan  hüquq və azadlıqlarına nəzarət etmək vəzifəsinə kim seçib? Belə bir seçki və ya təyinat heç vaxt olmayıb. Qayda belədir ki, özbaşına arbitrlik edən insan, qurum və ya dövlət əvvəl özü hamıya nümunə göstərməli, münasibətlərdə və siyasətdə steril və ədalətli olmalıdır. Təəssüf ki, özünü "demokratiyanın beşiyi" adlandıran ABŞ-da zəncilərin və hinduların hüquqları ayaqlar altına atılıb. Departamentin bu günlərdə 2023-cü ilin yekunlarına aid tərtib etdiyi  hesabatından isə ənənəvi olaraq  real vəziyyəti əks etdirməkdən daha çox digər ölkələrə təzyiq vasitəsi  kimi istifadə olunur. Bu hesabatı hazırlayanlar əvvəl öz ölkələrinə baxsınlar, sonra özgələrə.

Ona görə də biz deməyə məcbur qalırıq ki, yüz illər uzunu ABŞ-ın yerli sakinləri olan zəncilər və hindular təhqir edilir, öldürülür, bir çox hallarda cinayəti törədənlər həbs olunub cəzalandırılmırlar, yəni orada qara dərililəri insan hesab etmirlər. Öz vətəndaşlarının qanını tökən belə ölkə başqalarına necə münsiflik edə bilər? ABŞ rəsmiləri özləri öz qanunlarına əməl etmirlərsə, özgələrə hansı əsaslarla irad tuturlar? Buna onların mənəvi haqqı çatırmı?  Öz vətəndaşının hüquq və azadlıqlarını zorbalıqla pozanlar hansı mənəvi əsasla başqalarından nəyisə tələb etməlidirlər? Bu barədə çox danışmaq və yazmaq olar. Ancaq bu mövzu ilə bağlı bizə aidiyyəti olan bir məsələdən danışacağıq.

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb.  Bəyanatda deyilir: "Əvvəla qeyd edək ki, ABŞ Konqresinin tapşırığı ilə hazırlanan illik hesabatlar insan hüquqlarının təşviq olunması ilə heç bir əlaqəsi olmayan siyasi təzyiq vasitəsidir. Dünyada baş vermiş insan hüquqları pozuntularına görə böyük məsuliyyət daşıyan və öz daxilində insan haqları sahəsində vəziyyəti heç də ürəkaçan olmayan ABŞ-ın bu hesabatı hansı mənəvi əsasla hazırlaması sual doğurur.

ABŞ bu il də həmin hesabatlar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışaraq ikili standartlara, qərəzkarlığa və ayrı-seçkiliyə yol verib. Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və öz torpaqlarına qayıdışına imkan verilməməsi kimi kütləvi kobud  insan haqları pozuntuları faktlarına toxunulmur."

Açıq hiss olunur ki, hesabat real vəziyyəti əks etdirmək əvəzinə əsassız faktlarla insanları çaşdırır. Real vəziyyətdən hali olanlar hiss edirlər ki, hesabat onu hazırlayanların siyasi şüurlarının və insani səviyyələrinin çox aşağı olduğunu göstərir. Elə olmasaydı həqiqətdən uzaq,  sosial mediada, təsadüfi mənbələrdə yayılan neqativ məlumatlardan istifadə etməz, dedi-qodulardan nəticə çıxarıb belə zay hesabat hazırlamazdılar. Bu dövlət hələ Birinci Qarabağ müharibəsi dövründə işğalçı Ermənistana mənəvi və maddi yardım göstərməklə öz bədxah mövqeyini ortaya qoyub və  indi də davam etdirir. Həmin illərdə bir milyona qədər vətəndaşımızın öz ata-baba yurdlarından zorla deportasiyasına göz yuman ABŞ rəhbərləri işğala məruz qalan Azərbaycana sanksiyalar tətbiq etdi və az qala bizi günahkar çıxardı. Ermənipərəst senatorlar və konqresmenlər ləyaqətsiz hərəkətləri ilə ölkəmizi daim təhdid altında saxlamağa çalışdılar. ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi Ermənistanın işğalçı siyasətini, azərbaycanlıları soyqırımına məruz qoymasını, kəndlərini və şəhərlərini dağıdıb xarabazara çevirməsini, ekologiyasını, mədəni irsini məhv etməsini və saysız-hesabsız vəhşiliklərini pisləmədi, cinayətkar planını dayandırmağı tələb etmədi. Görmədik ki, ABŞ Dövlət Departamenti Fransanın, Ermənistanın işğalçı siyasətini və terrorçu planlarını pisləsin, bunların dayandırmalarını tələb etsin və ya sanksiya tətbiq etsin.

Bəs bu dövlətin ədaləti haradadır? Departament Qəzza bölgəsində törədilən müharibə cinayətləri barədə niyə susur? Orada kəndlər, şəhərlər raketlərlə darmadağın edilir, günahsız insanlar həlak olur, öz yurdundan didərgin düşür. İraqda, Əfqanıstanda ABŞ ordularının sadə insanların kobudluqla pozulan haqq və hüquqları haqqında niyə hesabat hazırlamır? Artıq ölkələr Dövlət Departamentinin böhtan xarakteri daşıyan hesabatlarına o qədər qeyri-ciddi yanaşırlar ki, onlar öz dəyərini itirir. Azərbaycanı bir dəfə görməyən və  min kilometrlərlə uzaqda oturub buradakı vəziyyət barədə hesabat hazırlayanlar qoy bir öz işləri haqqında da hesabat versinlər. Ya da Azərbaycanın ictimai-siyasi həyatını düzgün əks etdirsinlər. Bizim də tələb etmək hüququmuzu tanıyırlarsa onda buna əməl etsinlər. Yoxsa müzakirə olunmalı yalnız bizik? Müdriklər deyiblər: “Dost dosta tən gərək, tən olmasa...”

Vəli İlyasov, "İki sahil"

Seçilən
141
Mənbələr
Şərh ()
Bağla