AZ

“El Klasiko”dakı hakim qərarları İspaniyanı qarışdırdı

İspaniya çempionatında 32-ci tur növbəti “El Klasiko” ilə əlamətdar oldu.

“Real” “doğma divarlar” arasında “Barselona”nı 3:2 hesabıyla məğlub etməklə əsas rəqibi ilə aradakı xal fərqini 11-ə çatdırdı və faktiki çempionluğu təmin etdi. Baxmayaraq ki, oyunun gedişində Kataloniya nəhəngi iki dəfə hesabda irəli çıxmağı bacarmışdı.

“Real” – “Barselona” oyunlarından sonra hakim qərarlarının az qala zərrəbinlə təftiş olunması təbiidi. Həm İspaniya futbol ictimaiyyəti arasında bu iki komandaya azarkeşlik edənlər çoxdu, həm də ölkə nəhənglərinin yandaş mediası var. İş ondadı ki, bu oyunu idarə edən referi Sezar Soto Qrado mübahisəli qərarlarla “təftişçilərə” lazimi materialı verib. Digər bir önəmli məqam da La Liqada topun qapı xəttini keçib-keçmədiyini avtomatik müəyyənləşdirən texnologiyadan istifadə olunmamasıdı.

Hansı qərarlar mübahisə doğurdu?
Əvvəlcə referinin ən çox mübahisə doğuran qərarlarına baxaq. 17-ci dəqiqədə referi Pau Kubarsinin hərəkətinə görə səhvən “Barsa”nı penalti ilə cəzalandırdı. Hakimə elə gəldi ki, Kubarsi Lukas Vaskesin hərəkətinin qarşısını kobudluqla alır. Amma əslində “Real”ın oyunçusu referini aldatdı: Kubarsiyə yaxınlaşan Vaskes sağ ayaqla rəqibə tərəf meyilləndi və özünü onun sağ ayağına çırpdı. VAR bu epizoda müdaxilə etməyi və Soto Qradonun səhvini düzəltməyi lazım bilmədi. Yeri gəlmişkən, oyunun VAR hakimi Xose Mariya Sançes Martines idi. Bəlkə də videoassistentlər referinin qərarına aşkar səhv kimi yanaşmadı. 28-ci dəqiqədə meydanda daha bir mübahisəli vəziyyət yaşandı. Hakimlər briqadası Lamin Yamalın zərbəsindən sonra topun qapı xəttini tam keçmədiyi iddiası ilə qol qeydə almadı. Sonradan aydınlaşdı ki, VAR-ın həmin anda topun mövqeyini müəyyənləşdirmək imkanı olmayıb. Bu məsəyələ yalnız stop-kadr yolu ilə aydınlıq gətirmək olardı ki, onda da “Real”ın qapıçısı Andrey Lunin kameraların baxış bucağını qapadıb. Belədə videohakimlər yardımçının və hakimim qərarını dəstəkləməyə borcludu. Onlar isə qolu saymayıb.

Sabiq hakimlər nə düşünür?
İndi isə bu epizodun İspaniyada doğurduğu əks-sədaya diqqət yetirək. AS qəzetinin hakimlik üzrə analitiki İturralde Qonsalesin fikrincə, Yamalın zərbə vurduğu və Luninin seyv etdiyi epizodda top qapı xəttini tam keçməyib, ancaq lazımi rakurs olmadığından etibarsızlıq yaranıb. Məşhur hakim topun qapı xəttini tam keçməli olduğunu xatırladır, həminin La Liqada qolu avtomatik müəyyənləşdirən sistemin yoxluğunu kəskin tənqid edir:
“Mövsümün ən vacib oyununun dünyaya göstərdiyimiz təsviri, sadəcə, qorxuncdu. Cəmi 3-4 milyon avroya indi heç nəyi gözləməzdik. Texnologiyalarsız etibar andı içməyə məcburuq. Qoy bəziləri bu məqamı nəzərə alsın: indiki kameralarla xətti tam müəyyənləşdirməklə bağlı heç bir perspektiv yoxdu! Və bunu da nəzərə alın: mən bunu heç də La Liqanın prezidenti Xavyer Tebas texnologiyanı dəstəkləmədiyinə görə demirəm, iş ondadı ki, klublar da onunla həmfikirdi. Qeyri-adi məsələdi. La Liqa FİFA-dan lisenziya almaq istəmir, belə hesab edir ki, FİFA inhisarçıdı, bu məsələdə puluna qıymır”.


La Liqanın sabiq hakimi, “Mundo Deportivo” üçün turun hakimliyini şərh edən Sezar Barreneçea Monteronun da fikirləri ilə tanış olaq:
“Fikrimcə, Kubarsi cərimə meydançasında Vaskeslə mübarizə zamanı qaydanı pozmamışdı. Hesab edirəm ki, “Real”ın oyunçusu Soto Qradonu aldatdı, hakim təması görüb penalti təyin etdi. Ancaq təmas təşəbbüsü “Real”ın oyunçusundan gəlmişdi, “Barselona”nın müdafiəçisindən yox”.


Maraqlıdı ki, Soto Qrado bu epizoda monitorda baxmağı lazım bilməyib, çünki penalti olduğuna əmin idi. Yeri gəlmişkən, bu, adı çəkilən referinin karyerasındakı ilk “El Klasiko” idi.

Xavi: “Və biz özümüzü dünyanın ən yaxşı liqası adlandırmaq istəyirik...”
Bu oyunla bağlı maraq doğuran məqamlardan biri də “Real” azarkeşlərinin “Barselona”nın baş məşqçisinə isti münasibət göstərməsi idi. Onlar oyunun gedişində hətta “Xavi, qal” şüarını da səsləndirdilər. Baş məşqçisi isə hakimdən kəskin narazılıq etdi:
“Mən çox məyusam. Və biz özümüzü dünyanın ən yaxşı liqası adlandırmaq istəyirik... Hər kəs topun qapı xəttini keçdiyini gördü, ancaq hər şey əleyhimizə oldu. Bu oyun axmaqlıqlar paradıdı. Ancaq mən komandamla qürur duyuram, düşünürəm ki, biz yaxşı oynadıq. Daha təhlükəli vəziyyətlər yaratdıq, yaxşı müdafiə olunduq. Çox təəssüf. Dünyanın ən yaxşı liqası olmaq istəyiriksə, texnologiyalardan yararlanmalıyıq”.


Oyundan sonra “Barselona”nın sabiq müdafiəçisi Jerar Pike də jurnalistlərin maraq dairəsinə düşüb. Onun oyunsonrası fikirləri:
“Madrid qələbəni oğurladı? Bu sualı mənə verirsizsə, deməli, bəli. Obyektiv olmağa çalışacam. Hesab edirəm ki, Vaskesə qarşı hərəkət penalti qərarına uyğun deyildi. Penalti təyin olunandan sonra da heç kim təkrara baxmağı lazım bilmədi. Lukas Kubarsinin ayağını axtarır, baxın: o qaçır və görür ki, Pau ayağını yerə basıb. Lukas ayağını elə qoyur ki, Kubarsiyə toxunsun. Bu penalti deyil, ancaq VAR müdaxilə edə bilməz, görünür, bunun üçün lazımi əsas tapmır. Həmçinin belə hesab edirəm ki, Yamal qol vurmuşdu. Ən azı qapı xəttində kamera olmalıdı. Bu qol deyilsə, onda nədi?”.

Başqa fikirlər
“Mundo Deportivo”dan olan həmkarımız Anxel Peres oyunu qısaca belə təsvir edib:
“Barselona” “Santyaqo Bernabeu”dakı məğlubiyyətdən sonra La Liqanı qazanmaq şansı ilə vidalaşdı. “Göy-qırmızılar” yaxşı komanda oyunu nümayiş etdirdilər, ancaq Joao Kanselonun fərdi səhvləri və iki çox mübahisəli hakim qərarı üç xal qazanmaq yolunda keçilməz maneə oldu”.

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen də “El Klasiko”da yaşananlara münasibət bildirib:
“Bu, futbol dünyası üçün biabırçılıqdı. Niyə qolun müəyyənləşdirilməsi sistemi yoxdu? Bu sənayedə hər şeyə pul çatır, görünür, əsas şeyə yox. Sadəcə, utandırıcıdı”.


Topun qapı xəttini keçdiyini avtomatik müəyyənləşdirən sistem olmadığına görə “Relevo”, “Canal+” və “beIN Sports” öz texniki vasitələri hesabına, daha doğrusu, 3D texnologiyalarının köməyi ilə Yamalın zərbəsi zamanı qol olub-olmadığını araşdırıb. Ortaq fikir belədi ki, top qapı xəttini tam keçməyib, odu ki, hakim qolu qeydə almamaqda haqlıdı. Bu qurumların rəyindən belə məlum olur ki, topun əksər hissəsi qapı xəttini keçib, amma tam keçməyib. Yəni topun çox cüzi hissəsi qapının içərisinə yox, xəttin üzərinə düşüb.

O əjdahadan İspaniyada niyə yoxdu?
“Bəyin oğurlanması” filmindəki məşhur epizodu yəqin xatırlayırsız. Filmdə şedevr ifadələr var. İsrafilin qapısını elçilik niyyəti ilə döyən Mirzə Babayev qarma-qarışıq söhbət içində “o əjdahadan bizdə niyə yoxdu” deyir. İş ondadı ki, dünyanın ən güclü çempionatı olmağa iddialı İspaniya La Liqasında topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnologiya yoxdu. İspaniyanın futbol qurumlarının iddiası belədi ki, bu cür mübahisəli vəziyyətlər nadir hallarda yaranır. Əslində doğrudan da, qitənin bir neçə ölkəsinin milli federasiyasında mövsün ərzində bir neçə dəfə tətbiq olunan texnologiyaya görə böyük pullar xərcləməyi məqsədəuyğun saymırlar. La Liqanın prezidenti Xavyer Tevas da texnologiyanın yoxluğu ilə bağlı narazılıqlara cavab kimi sosial şəbəkə hesabında bu sistemin İtaliya, Almaniya, İngiltərə və Fransa liqalarında çökməsi ilə bağlı bilgini dərc edib. Həmin məlumatların üzərinə bunu da əlavə edib: “Şərhsiz”.

Tebas müəyyən mənada haqlıdı. Yəni bu işə bir neçə milyon avro pul qoysan da, sistemin normal çalışması ilə bağlı yüzfaizlik təminat almırsan.

Hakimlərin danışığı da açıqlandı
Bu arada İspaniya Kral Futbol Federasiyası “Real” – “Barselona” oyununda baş hakimlə VAR hakimi arasındakı danışıqlarının stenoqramını açıqlayıb. Daha doğrusu, ölkənin ünlü idman nəşrlərindən “Marca” həmin söhbətin mətnini dərc edib.

VAR: Gəl, danışaq, Sezar. Bir qədər gözlə, oyunu bərpa etmə.
Soto Qrado: Gözləyək. Yox, qolu avtomatik müəyyənləşdirən sistem yoxdu. Biz VAR-ın qərarını gözləyirik. Bəlkə də qol idi. Yoxlama aparırıq.
VAR: Serxio, topun Luninin əlcəyinə təmas etdiyi nöqtədə saxla. Bir saniyə gözlə, ona görə ki, 360 dərəcəlik rakursdan baxmaq istəyirik, bizdə lazımı rakurs yoxdu.
Soto Qrado: Ümid edirik. Biz heç nə bilmirik.
VAR: Lunin gövdəsu ilə baxış bucağını qapadır. Bir saniyə gözlə. Biz təsdiq axtarırıq. Bu rakurs işə yaramır, bu da, bu da, növbətisi, bu da, bu da...
Soto Qrado: Bizə tələsmək lazım deyil, bu, çox vacib qərardı. Tələsməyə dəyməz, bütün kameraları yoxlayın.
VAR: Daha yoxdu. Biz təsdiq edirik ki, əlavə kamera yoxdu, eləmi?
Soto Qrado: Biz tələsmirik, yaxşısı odu ki, gözləyək. Biz gözləməliyik.
VAR: Sezar, biz oyunu künc zərbəsindən başlamaq fikrindəyik. Topun qapı xəttini keçməsi ilə bağlı heç bir sübutumuz yoxdu, bu üzdən oyunu künc zərbəsi ilə canlandırın. Bizdə topun qapı xəttini keçməsi ilə bağlı sübut yoxdu.

Daha bir maraqlı məqam odu ki, “Barselona”nın prezidenti Xuan Laporta kataloniyalıların qolunun səhvən sayılmadığı sübut olunacağı halda, klubunun oyunun yenidən keçirilməsini tələb edəcəyini deyib. Nəhayət, onu da xatırladaq ki, “Real” hazırda 81 xalla turnir cədvəlinə başçılıq edir. “Barselona” isə madridlilərdən 11 xal geri qalır.

ORXAN
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla