AZ

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Yelena

Bakı, 26 aprel, Anara Axundova, AZƏRTAC

Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycanın Əməkdar rəssamı Yelena Haqverdiyeva respublikada və ölkədən kənarda bir çox sərgilərdə, rəssamlıq layihələrində və simpoziumlarda iştirak edib. Onun əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycanın Mədəniyyət Nazirliyində və Rəssamlar İttifaqında, eləcə də ölkədə və ölkə hüdudlarından kənarda şəxsi kolleksiyalardadır. Yelena Haqverdiyeva rəssam Ucal Haqverdiyevin həyat yoldaşı, rəssam Butunay Haqverdiyevin anasıdır.

AZƏRTAC ilə söhbətində tanınmış rəssam öz yaradıcılıq yolundan danışıb. Həmişəki kimi, zərif, heç kimə bənzəməyən, müəmmalı. Lena xanım ilə söhbət edəndə elə təsəvvür yaranır ki, sanki o, həyat yoldaşı Ucal müəllimin rəsm əsərindən indicə çıxıb. Bu dünyanı çox tez tərk edən Ucal Haqverdiyev sevimli həyat yoldaşını öz rəsmlərində tez-tez təsvir edirdi.

-Lena xanım, siz əslən Xabarovskdansınız, lakin biz sizi Azərbaycan rəssamı kimi qəbul edirik. Bəs siz necə düşünürsünüz?

-Azərbaycan mənim Vətənimdir, mən bununla fəxr edirəm. Mən həmişə Bakını sevmişəm, sevirəm. Mənim uşaqlığım da, gəncliyim də burada keçib, yəni bu şəhər mənim qanımdadır. Çox çətin dövr olub ki, insanlar buradan dünyanın müxtəlif yerlərinə köçüb gedirdilər. O vaxt Ucala da təklif etmişdilər ki, gəl sənə sənəd düzəldək, ailənlə birlikdə Almaniyaya get. Həmin gün o, evə gəlib “Bəli, hamı gedir, lakin kimsə burada qalmalıdır” dedi və biz qaldıq.

- Ucal müəllimdən danışdınız. Siz təkcə rəssam yox, həm də ilham pərisisiniz. Onun bir çox rəsmlərindən “baxırsınız”. Bu, hansı hisslərdir?

-Mən rəssamın həyat yoldaşı olmuşam, onun həyatı ilə yaşamışam. Bu, mənə kifayət edirdi: sadəcə, Ucal ilə yanaşı yaşayım. Bu, həm mənim yaradıcılığım, həm də mənim həyatım idi. O vaxt mənə sadəcə kiçik kətanlar kifayət edirdi. Mənə o kifayət edirdi ki, nəhəng Ucal var, mən isə sanki bu ağacda bir quş idim. Artıq sonradan, Ucal həyatdan köçdükdən sonra mən kilsədə il yarım onsuz işlədim (müəllifin qeydi – Müqəddəs Varfolemey kilsəsinin divar naxışları nəzərdə tutulur). Həmin vaxt hansısa formalaşma başlandı.

-Ucal müəllim divar naxışları üzərində işlədiyi vaxt necə dövr idi?

-O vaxt biz Ucalla yenicə tanış olmuşduq, artıq onda mənə demişdi ki, kilsədə boyalarla şəkillər çəkmək onun ən böyük arzusudur. O vaxt sovet dönəmində bu, tamamilə qeyri-real idi! Lakin elə alındı ki, o, buna nail oldu. Kilsənin baş keşişi Serafim ata idi. O, xeyir-duasını verdi və Ucal tədricən işə başladı. O, daha şəkil çəkmirdi. Deyirdi ki, bacarmıram, paralel olaraq məndə alınmır... O, 6 il kilsədə işlədi və demək olar ki, boş divarlardan onu boyamağa başladı... İnsanlar kilsəyə gəlməyə başladılar, Ucalın şagirdləri oldu, orada çoxlu gənc çalışırdı. Bütün şəhər cəlb olunmuşdu! Kimi boya gətirir, kimi məhlul qarışdırırdı. Sadəcə gəlir, “necə kömək edə bilərəm?” soruşurdular. O isə deyirdi: buyur, kömək elə. Ucal olan yerdə həmişə insanlar toplaşırdı, o, özü ilə bütün məkanı doldururdu. Kilsədə də belə idi.

-Bəs siz?

-Mən ona bacardığım köməyi edirdim. Həmin dövrdə xəstələnmişdi, qripdən sonra güclü ağırlaşması olmuşdu. O, dünyadan köçəndən sonra Serafim ata məni çağırıb dedi: Nə edək, iş başa çatmayıb. Biz ibadət mərasimini apara bilməyəcəyik... Biz daha il yarım divar naxışlarını, rəsmlərini tamamlamaq üçün işlədik.

-Bu, necə idi?

- Çox çətin idi. Bu, bir növ özünü adlama idi. Lakin Ucal həmişə mənim arxamda idi, yanımda idi, mən bunu həmişə hiss edirdim. Arxaya çevrilirdim, yanımda idi. Bəli, elə indi də elədir. Heç kim heç yerə getmir...

İşi elə həmin tərzdə tamamlamaq lazım idi. Lakin əslində bu, maraqlı idi, çünki kömək edən həmin gənclər elə orada böyümüşdülər. Bizim oğlumuz Butunay da orada böyümüşdü.

-Yeri gəlmişkən, belə çıxır ki, Butunay üçüncü nəsil rəssamdır. Siz Ucal müəllimlə birgə onu istiqamətləndirmisiniz, yoxsa o, ailə işini davam etdirmək qərarına özü gəlib?

-Demək olar ki, o, əlində karandaşlarla doğulub. Bir dəfə o, mənə belə dedi: “Ana, mənim çarpayımın üstündə çılpaq qadının təsviri olan rəsm asılıb, necə ola bilər ki, mən rəssam olmayım?” (Gülür). Hər şey çox təbii baş verdi. O, sadəcə su burulğanına düşmüşdü. Mən onu fikrindən daşındırmaq istəyirdim. Ona deyirdim ki, sən dildən pərgarsan, yaxşı hüquqşünas ola bilərsən!

-Lena xanım, bəs sizin nəsildə rəssamlar olub?

-Mənim anam Sibirdən, atam isə Uraldandır. Onlar ailə quranda Xabarovskda yaşayırdılar, mən orada doğulmuşam. Sonra biz bir müddətə Monqolustana köçdük. Demək olar ki, uşaq yaşlarım orada keçib. Bəlkə bu, öz işini görüb. Çünki mən ucsuz-bucaqsız həmin çölləri xatırlayıram... Çöldə durmağımı, üfüqdən üzərimə bax belə, özüm boyda (göstərir) nəhəng qızıl şarların gəlməsini xatırlayıram. Mən böyüyəndə anladım ki, bunlar quru dəvətikanları idi.

-Süpürüm (çöl bitkisi – red.) idi?

-Hə! Gün batan zamanı onlar qızılı olurdu. Sonra məndən soruşurdular ki, rəsmlərdə qızıl şarlar haradandır? Mən çox fikirləşirdim, sonra başa düşdüm ki, onlar uşaqlığımdandır.

-Bəs necə oldu ki, siz rəssamlığı seçdiniz?

-Həmin sovet dövründə uşaqları bir qayda olaraq dərnəklərə aparırdılar, elə indi də aparırlar! Məni baletə aparırdılar. Lakin məni balet məktəbində ikinci ilə saxlayanda, bu vəziyyət anamı çox pərişan etdi. O, məşğələləri izləməyə gəldi ki, orada baş verənləri görsün. Sonralar o, belə deyirdi: “Sakitcə sinfə baxıram və görürəm ki, bütün kiçik qu quşları bir tərəfə “üzür”, mənim kiçik qu quşum isə tamamilə başqa tərəfə “üzür”. Çünki mənim musiqi duyumum yox idi! (Gülür). Sonra üzgüçülük, şahmat, astronomiya. Məni hər şeylə təngə gətirirdilər. Sonra mən dedim: “Rəsm! Bu, mənim istədiyimdir”. Biz Pionerlər evinin qarşısından keçirdik, nəhayət ki, orada “qərar tutdum”. Anam dedi: “Özün seçdin, özün də çək”. Hamı küçədə gəzib-dolaşır, mən isə kəsmə taxtasında badımcanın şəklini çəkirəm. Mən buna görə anama çox minnətdaram.

-Qızıl şarlara biz aydınlıq gətirdik. Bəs sizin rəsmlərinizdə Şərq mövzusu haradan qaynaqlanır? Necə də zərifdir!

-Qacar üslubuna mənim böyük sevgim var. Bu, çox qədim, ötüb keçməyən sevgidir. Bu, yəqin ki, həmişə mənim əsərlərimdə yaşayır (müəllifin qeydi - Qacar incəsənəti 1794-1925-ci illər dövründə Qacar İranında inkişaf edən bədii üslubdur).

-Bəs demək olarmı ki, Ucal müəllim sizə nədəsə öz təsirini göstərib və yaxud siz ona? Bəlkə Butunay sizə təsir edib və ya siz ikiniz ona təsir göstərmisiniz?

-Əlbəttə. Hər halda diffuziya baş verib. Ümumiyyətlə rəssam və eləcə də hər bir adam bütün təsirlərin birləşməsi və təbəqələşməsidir. Rəssam isə həddən artıq həssasdır, o, bütün təsirləri, hətta ona çox aid olmayan təsirləri də əlinə keçirir. Haradasa uçan bulud da sənə təsir edir. Hər şey bir-biri ilə bağlıdır.

- Daha çox tərz haqqında...

-Bax elə bütün bunlar öz təsirini göstərir, sonra nə isə “sənin özününkü” alınır. Tərz nədən əmələ gəlir, bunu heç kim bilmir.

-Siz müsahibələrinizin birində belə demisiniz: “Kətana doğru gedən hər rəssam həyatının ən başlıca əsərini yaratmağı arzulayır”. Siz şah əsərinizi artıq çəkmisiniz?

-Hər bir rəsm ən əsasdır. Sən kətana doğru gedəndə arzulayırsan ki, bax bu, ən əsas olacaq! Və bu, hər dəfə baş verir.

-Siz bütün işləriniz arasından hansınısa seçib deyə bilərsinizmi ki, bax, bu, ən əsasdır, bu, şah əsərdir?

-Xeyr, hər rəsm əsasdır, bu, həqiqətən də belədir.

-Sizin rəssam kimi şəxsi missiyanız nə ilə bağlıdır?

-Mən Tanrıya yaşadığım və yaşamağı davam etdirdiyim bu həyatı mənə bəxş etdiyinə görə çox minnətdaram. Mən etdiklərimi Yaradanın izzəti üçün etməyə çalışıram.

-Planlarınızı bölüşərsinizmi? Bilirəm ki, tezliklə sərginiz nəzərdə tutulub.

-Çox böyük planlarım var. Yaşamaq planı. Hər gün yaşamaq! Yəqin ki, indi ən qiymətli olanı zamandır və sən onun getdikcə azaldığını başa düşürsən. Sərgiyə gəlincə, necə alınarsa. Mən öz rəsmlərimi çəkirəm... Qoy, hər şey alınsın. Mən indi onu da anladım ki, Monqolustana getmək istəyirəm!

Seçilən
76
1
Mənbələr
Şərh ()
Bağla