AZ

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirildi

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Ağdam rayonuna səfəri baş tutub.

Musavat.com xəbər verir ki, səfərdə, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İşçi qrupun üzvləri Ağdam rayonunda minatəmizləmə əməliyyatlarına cəlb olunan Fövqəladə Hallar Nazirliyinin, qadınlardan ibarət minatəmizləmə qruplarının və yerli minatəmizləmə şirkətinin fəaliyyəti ilə tanış olublar. İşçi qrup üzvləri icra edilən layihələrin gedişatını, o cümlədən aşkarlanan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

Səfər çərçivəsində Ağdam rayonunda İşçi qrupun növbəti iclası keçirilib.

Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda açılış nitqi ilə çıxış edərək hökumət tərəfindən təsdiq edilmiş illik tədbirlər planına əsasən icra olunan humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə məlumat verib. O bildirib ki, əsasən yaşayış məntəqələrinin bərpası, nəqliyyat, energetika infrastrukturları, eləcə də kənd təsərrüfatı sahələri və digər prioritet istiqamətlərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 133,373 hektar ərazi təmizlənib, 118 835 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.

İclasda, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra edilən fəaliyyət üzrə hesabatlar dinlənilib, cari məsələlər müzakirə olunub, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində maarifləndirmə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Cari və növbəti illərdə işğaldan azad edilmiş ərazilərə daha çox sayda keçmiş məcburi köçkünlərin geri qayıdışını nəzərə alaraq maarifləndirmə işlərinin və müvafiq qurumlarla bu istiqamətdə birgə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupun iclaslarının ərazilərdə keçirilməsi Böyük Qayıdış proqramının əsas prioritetlərindən biri olan minatəmizləmə prosesinin dinamikliyi və bu prosesə cəlb olunan qurumların icra etdiyi minatəmizləmə əməliyyatları ilə yerlərdə yaxından tanış olmaq imkanı verir.

Seçilən
42
19
Mənbələr
Şərh ()
Bağla