AZ

Barış Alpər Yılmaz Arda Turanın rekordunu yeniləyə bilər

“Qalatasaray”ın bu mövsümdəki uğurlu çıxışının əsas qəhrəmanlarından biri olan, universallığı ilə seçilən, Okan Buruk tərəfindən bir çox mövqelərdə istifadə olunan Barış Alpər Yılmaz Avropa klublarının diqqətini cəlb etməkdədi.

“Football-plus.az” xəbər verir ki, bu gedişlə o, “Qalatasaray” tarixində ən baha qiymətə satılan yerli futbolçuya çevriləcək. Türkiyə mətbuatının yazdığına inansaq, İngiltərə təmsilçisi “Aston Villa” Barış Alpər üçün real addımlar atmaq qərarına gəlib. Bu mövsüm həm Konfrans Liqasını qazanmağa çalışan, həm də premyer-liqada ilk “4-lüy”də düşməyə can atan Birmingem təmsilçisi türkiyəli futbolçuya görə 18 milyon avro irəli sürüb. “Qalatasaray” rəhbərliyi isə bu satışdan daha böyük gəlir əldə edə biləcəyinə inandığı üçün təklifi geri çevirib və ingilislərdən 25 milyon avro tələb edib! Bu yerdə xatırladaq ki, “Cim-Bom” bu futbolçunu 2021-in yayında 1-ci liqa təmsilçisi “Keçiörəngücü”dən cəmi 2,1 milyon avroya transfer etmişdi. Həmin vaxt Barış Alpəri, demək olar, heç kim tanımırdı. Aradan cəmi 3 mövsüm keçib və göründüyü kimi, İstanbul nəhəngi oyunçusunu az qala 12 qat baha qiymətə satmaq istəyir. Ən maraqlısı odu ki, “Aston Villa”nın bu məbləği ödəməyə razı olduğu deyilir. İngiltərə mətbuatında da bununla bağlı xəbərlər dolaşır. Unay Emerinin komandası 23 yaşlı istedadlı futbolçunu 25 milyon avroya transfer edərək onunla beşillik müqavilə imzalamaq niyyətindədi. Keçid bu qiymətə baş tutsa, Barış “Qalatasaray” tarixində ən baha qiymətə satılan yerli oyunçuya çevrilərək əvvəlki rekordu az qala iki dəfə yeniləyəcək. Hazırda bu rekord 2011-ci ildə 13 milyon avroya “Atletiko”ya transfer olunan Arda Turana məxsusdu. AÇ-2024-də Türkiyənin əsas silahlarından biri olacağı gözlənilən Barış Alpər Yılmaz bu mövsüm “Qalatasaray”da hamıdan çox – 50 rəsmi oyun keçirib. Bu qarşılaşmalarda ümumilikdə 3057 dəqiqə meydanda olan Barış 6 qol, 9 məhsuldar ötürməlik fayda verib və karyerasının ən yaxşı mövsümünü keçirir.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla