AZ

“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib, Almaniyanın dövlət rəsmiləri ilə görüşüb.

 

Prezidentin Almaniya səfəri və keçirilən görüşlər iki dövlət arasında münasibətlərin gələcək inkişafına nə vəd edir?

 

Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu səfərin iki ölkə arasındakı münasibətlərə mühüm töhfə verəcəyini qeyd edib:

 

“Bildiyiniz kimi, Prezidentin Berlinə səfəri əsasən “15-ci Petersberq İqlim Dialoqu” ilə bağlı idi. Səfər əsnasında Prezident İlham Əliyev Almaniyanın Kansleri Olaf Şolts, Prezident Frank-Valter Ştaynmayer, eləcə də Almaniya xarici işlər naziri Annalena Berbokla görüşdü, ciddi müzakirələr apardı.

 

Danışıqlardan, verilən bəyanatlardan bəlli oldu ki, Almaniya Azərbaycanın COP29-a sədrliyini dəstəkləyir, ölkəmizin iqlim dəyişikliklərinə qarşı mübarizə, yaşıl enerjiyə keçid, bu sahədə beynəlxalq miqyasda əməkdaşlıqla bağlı səylərini yüksək qiyətləndirir. Yəni bu məsələlərdə Berlinin Azərbaycana tam dəstəyi var.

 

Sülh prosesi, regional və qlobal təhlükəsizlik də müzakirə olunan məsələlər sırasında idi. Azərbaycan bu məsələlərlə bağlı mövqeyini də aydın formada ortaya qoydu, konkret faktlara, tarixi-siyasi reallıqlara diqqət çəkdi.

 

Hesab edirəm ki, Prezident İlham Əliyevin Almaniya səfəri və səfər əsnasında keçirdiyi görüşlər son dərəcədə səmərəli oldu və biz yaxın gələcəkdə bu görüşün mümkün nəticələrinə şahid olacağıq”.

 

Seymur ƏLİYEV

 

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla