AZ

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Bakı, 26 aprel, İvanayeva Tatyana, AZƏRTAC

Bakıda “Azərbaycanda Rusiya Kinosu Günləri” keçirilir və AZƏRTAC-ın müxbiri bu tədbir çərçivəsində qonaqlara Azərbaycan paytaxtına gələn hər kəs tərəfindən sevilən ən məşhur yerləri göstərib.

Rusiyanın tanınmış artistləri - “Müasir pyes məktəbi" Teatrının, “Luna” Teatrının və Komediya Teatrının aktrisası Yelena Zaxarova, “Çayka” filminin rejissoru, V. Mayakovski adına Moskva Akademik Teatrının aktrisası Polina Lazareva, “Nürnberq” filmində baş rolun ifaçısı, Dövlət Millətlər Teatrının aktyoru Sergey Kempo və layihənin prodüseri, Rusiyanın əməkdar mədəniyyət işçisi Yelena Lebedeva və həyat yoldaşı Bakının şəhər panoramasının açıldığı ən yüksək nöqtəsindəki müşahidə meydançasına qalxaraq, parlaq günəş işığında buxtanın mənzərələrinə heyranlıqla tamaşa ediblər.

Daha sonra qonaqlar İslam memarlığının ən əhəmiyyətli abidələrindən biri olan Bibiheybət məscidini ziyarət ediblər. Onlar XIII əsrə aid olan, bir çox müharibələrə və siyasi çətinliklərə şahidlik edən, lakin 1930-cu illərin dinlə mübarizə "dalğasına" müqavimət göstərə bilməyən qədim məbəd və buranı ziyarət edən məşhur insanlar, o cümlədən Aleksandr Dümanı bu məscidə qonaq gətirən sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvan haqqında məlumatları böyük maraqla dinləyiblər.

Qonaqlar 1999-cu ildə köhnə eskizlər əsasında və müasir reallıqlar nəzərə alınmaqla yenidən inşa edilən müasir məscidin görünüşünü qiymətləndirib və yeni kompleksin daha böyük və bəzəklərlə işlənmiş daxili hissəsi ilə tanış olublar.

Sonra qonaqlar Bakı buxtasına açılan başqa bir mənzərənin seyrinə davam ediblər. Məşhur artistlər bir vaxtlar sakinlərin dənizin üzərində yanan alovların (bunlar qabarcıqlar şəklində suyun səthinə çıxan neft qazları idi – red.) arasında qayıqla gəzməyə çıxmalarına dair hekayələri böyük maraqla dinləyiblər. Məlumat verilib ki, Bibiheybət dünyanın ilk neft quyusunun qazıldığı yer olduğuna görə, burada neft buruqları digər yerlərə nisbətən daha erkən kəşf olunub. Məhz burada Bakı taciri Qasımbəy dənizin tərkindən dünyanın ilk neft hasilatını həyata keçirib. Qonaqlara Bibiheybət körfəzinin nəhəng ərazisinin neft hasilatını asanlaşdırmaq üçün praktiki olaraq əllə doldurulduğu barədə də danışılıb.

Əlbəttə ki, rusiyalı qonaqlar daha sonra yüngül mehi və gözəl yaz havası ilə ürəkləri oxşayan Bakının Dənizkənarı bulvarında gəzintiyə çıxıblar, onlara bu bənzərsiz məkanın yaranma tarixi barədə məlumat verilib.

Seçilən
44
50
Mənbələr
Şərh ()
Bağla