AZ

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi anılıb.

Sonra ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov konfransda çıxış edərək 2020-ci ildə rektorun əmri ilə universitetdə təşkil olunan İctimai sağlamlıq kafedrasında fizioterapiya ixtisasının açılmasının İkinci Qarabağ müharibəsi zamanı yaralanmış hərbçilərimizin reabilitasiyası və normal həyata qaytarılması üçün zəruri addım olduğunu bildirib.

Fizioterapiya və tibbi reabilitasiya kafedrasının professoru Sədaqət Hüseynova təbabətin bu sahəsinin digər sahələri kimi sürətlə inkişaf etdiyini bildirib: “Məqsəd bu sahədə çalışan həkimlərin məlumatlılığını artırmaq, biliklərini təkmilləşdirməkdir. Kafedrada bu sahədə kadrların hazırlanması tibbi reabilitasiyanın müxtəlif sahələri üzrə ixtisaslı mütəxəssis qıtlığının aradan qaldırılmasına xidmət edəcək”.

TƏBİB-in sədr müşaviri Pərvin Əkbərov uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlandığını deyib: “Bu, ilk növbədə sağlamlığın bərpası üçün fizioterapiya və tibbi reabilitasiya xidmətlərindən daha əlçatan və keyfiyyətli şəkildə yararlanmağa şərait yaradacaq. Diqqətə çatdırılıb ki, ölkə üzrə reabilitasiya mərkəzlərinin yenidən qurulmasına başlanılıb və bu, tələbələrin daha keyfiyyətli təhsil almasına, daha müasir xəstəxanalarda işləməsinə imkan verəcək”.

ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev ölkəmizdəki mövcud təbii müalicə amilləri haqqında danışıb: “Palçıq vulkanları, Naftalan nefti, Naxçıvandakı Duz mağarası, Culfadakı mərgümüş tərkibli sular, Kəlbəcərin İstisu və sair kimi təbii şəfa ocaqları xəstələrin sağlamlığının bərpa olunmasında faydalı rol oynayır. Ona görə də tibbin bu sahəsinin daha da inkişafına və praktikada səmərəli tətbiqi baxımından ixtisaslı mütəxəssislərə ciddi ehtiyac var. Uzun müddət mütəxəssislərin hazırlanması və ixtisaslaşmış şəkildə xəstələrin müalicəsi ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu məşğul olub. 2018-ci ildə təmir olunan institutda indi xəstələr keyfiyyətli müalicə ala bilirlər. Fizioterapiya və tibbi reabilitasiya kafedrasında tibbi reabilitasiya ilə bağlı tədris proqram hazırlanıb. Artıq 20-dən çox rezident fizioterapevt və tibbi reabilitasiya üzrə ixtisaslaşıb”.

Kafedra müdirinin dediyinə görə, fizioterapevtlərə xəstə qəbul etmək, diaqnoz qoymaq və müayinələrə göndərmək səlahiyyəti verilməlidir. Belə olarsa, bu sahədəki müəyyən çətinliklərin aradan qalxmasına nail olmaq mümkündür”.

Konfrans başa çatandan sonra panel iclasları keçirilib.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla