AZ

Gülnaz Dadaşova: I Türk Dövlətləri Kardioloji Qurultayı hər bir iştirakçı ölkənin səhiyyə sisteminə öz töhfəsini verəcək

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşovanın APA-ya müsahibəsi

- Gülnaz həkim, aprelin 20-də I Türk Dövlətləri Kardioloji Qurultayının açılış mərasimi oldu. Öncə, istərdim, ölkəmizdə belə bir qurultayın keçirilməsinin hansı əhəmiyyətləri olması barədə fikirlərinizi bizimlə bölüşəsiniz.

- Tədbirin yaranma ideyası möhtərəm Prezident İlham Əliyevin son dövrdə apardığı xarici siyasətin prioritet istiqamətlərindən olan türk dostluğunun möhkəmləndirilməsi və Prezidentin inaqurasiya zamanı söylədiyi - “Bizim başqa bir ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır” fikrindən yaranıb. Kardiologiya sahəsində dövlətimizin apardığı siyasəti möhkəmləndirmək üçün Səhiyyə Nazirliyi ilə birgə bu qurultayın keçirilməsini özümüzə borc bildik. Apardığımız araşdırmalardan məlum oldu ki, indiyəcən türk dünyası kardioloqlarının sadəcə kiçik toplantıları olub. Dövlətimizin strateji xəttini nəzərə alaraq türk dünyasının belə bir tədbirini keçirmək bizim üçün həm qürurverici, həm də məsuliyyətli bir iş idi. Düşünürəm ki, Türk Dövlətləri Kardioloji Qurultayı hər bir iştirakçı ölkənin səhiyyə sisteminə öz töhfəsini verəcək.

Qurultayın keçirilməsində məqsəd həm Azərbaycandakı mütəxəsissləri, həm də digər türk dünyasındakı kardioloqları bir araya gətirmək idi. Çox sevinirəm ki, buna nail olduq. Türk dünyası ölkələrindən gələn nümayəndələrdən qurultayın təşkili ilə bağlı çox gözəl fikirlər eşitdik. Qurultayda iştirak edən səhiyyə naziri tədbirin ənənəvi olaraq digər türk ölkələrində davam etdirilməsini təklif etdi. Bununla bağlı artıq qurultayda iştirak edən ölkələrin nümayəndələrindən müraciətlər alırıq.

Qurultay 3 gün davam etdi və tədbirə 1000-dən artıq iştirakçı qatılmışdı. Sevindirici haldır ki, qurultayda, həmçinin regionlarımızdan mütəxəssislərimiz də iştirak edirdi. Bu tədbir Səhiyyə Nazirliyi tərəfindən 51 balla akkreditasiya olunmuşdu. Çox nadir hallarda belə yüksək balla qiymətləndirilir. Tədbirdə çox önəmli, innovativ, robotik cərrahiyəyə aid minimal invaziv kardiologiyaya aid hazırda dünyada tətbiq olunan metodların Azərbaycanda tətbiq olunması və aparıcı mütəxəssislərimizlə xaricdən gətirilən simulasyon manikenlərdə bunun nümayiş etdirilməsi maraqla qarşılandı. Biz bunları davamlı olaraq bölgələrdə təşkil etməyi düşünürük. 3 gün davam edən qurultayın elmi hissəsinə aid çox zəngin proqramımız var idi. Bu proqramda dünyada tətbiq olunan ən yeni müalicə və müayinə metodları müzakirə edildi. Eyni zamanda real klinik hallar əsasında debatlar apardıq. Ən maraqlı məqamlardan biri də iştirakçı mütəxəssislərin ölkələrdəki epidemioloji vəziyyətlər zamanı hansı metodlardan istifadə edərək tibbi xidmətin yaxşılaşdırılmasını təmin etməkləri barədə bölüşdükləri fikirlər oldu. Bu qurultaya ev sahibliyi etməyimizdən qürur duyduq.

- Sizcə, hazırda türk dövlətlərində kardiologiyanın üzləşdiyi ən aktual problemlər hansılardır?

- Bizim apardığımız fikir mübadilələri nəticəsində gəldiyimiz qənaətə görə, ilk növbədə, əhalinin məlumatsızlığı ciddi problemdir. Eyni zamanda, xəstələrin zamanında diaqnostika olunmaması, yeni metodlardan vaxtında istifadə olunmaması, həkimlərin maarifləndirilməsi aktual məsələlərdəndir.

Ölkəmizdə 2021-ci ildən icbari tibbi sığorta tətbiq edildikdən sonra xəstəxanalarımızda kompüterləşmə, xəstələrin qeydiyyat sistemində yerləşdirilməsi daha da yaxşılaşdırılıb. Lakin bunu daha da təkmilləşdirməyə, profilaktik tədbirlərin artırılmasına nail olarıqsa, əhalinin sağlamlığını vaxtında qorumuş olarıq. Bu gün ən diqqət çəkən əhali qruplarından biri gənclərdir. Bizim gələcəyimiz olan genefondumuzun alkoqoldan, tütündən, enerji içkilərindən istifadə etmələri, stress faktoru xəstəliklərin gəncləşməsinə səbəb olur. Bu baxımdan hesab edirəm ki, həm əhalinin maarifləndirilməsinə, həm də həkimlərimizə olan inam hissinin artırılmasına ehtiyac var.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla