AZ

Bernardo Silva penalti zamanı zərbəni nə üçün mərkəzə vurdu?

Bernardo Silva son qarşılaşmalarda “Mançester Siti”nin ən yaddaqalan və ən çox müzakirə olunan futbolçularındandı.

“Football-plus.az” xəbər verir ki, onun “Real”a qarşı Çempionlar Liqasının 1/4 finalının cavab matçındakı penalti seriyasında vurduğu bərbad zərbə hələ uzun müddət xatirələrdən silinməyəcək. Təcrübəli portuqaliyalı futbolçu qapıçının cinahlardan birinə tullanacağını düşünərək zərbəni düz mərkəzə vurdu. Amma “Real”ın qapıçısı Andrey Lunin yerindən tərpənmədiyi üçün top düz onun üzərinə gəldi. Düzdü, bundan 3 gün sonra “Çelsi” ilə oyunda məhz Silvanın yeganə qolu “Siti”ni ölkə kubokunun finalına daşıdı. Sən demə? “Kral klubu”na qarşı oyundan sonra Silva bir neçə gecə yaxşı yatmayıb:
“Bizim üçün çox üzücü bir gecə oldu. Ümumiyyətlə, həftəboyu həmin oyun da daxil olmaqla mənim işlərim düz getmədi. Hər birimiz daha bir tarixi mövsüm keçirmək və treblı təkrarlamaq arzusundaydıq. Ona görə də ÇL-də mübarizəni dayandırmaq hər birimiz üçün böyük zərbə oldu. Oyundan sonrakı gecə, demək olar, gözümə yuxu getmədi. İkinci gecə əvvəlki ilə müqayisədə bir qədər çox yatdım. Yalnız üçüncü gecədə normal yatdığımı söyləyə bilərəm. Həmin an topa yaxınlaşarkən iki seçimim var idi. Ya topu künclərdən birinə, ya da mərkəzə vurmalıydım. İndi burda açıqlamaq istəmirəm, amma küncə vursaydım, hansı istiqamətə vuracağımı özüm üçün müəyyənləşdirmişdim. Bir qədər gözləmək və topa 2-3-cü yaxınlaşmaq istədim. Çünki Luninin ilk zərbələrə necə reaksiya verdiyini görmək istədim. İkinci vurmalı oldum. Zərbə vurmaq üçün topa yaxınlaşarkən onun bir qədər hərəkət etməyə başladığını gördüm. Məhz həmin an düşündüm ki, topu mərkəzə vurmaq ən yaxşı variant olacaq. Çünki təzyiq zamanı qapıçıların 99 faizi künclərdən birinə tərəf istiqamətlənir. Amma Lunin belə etmədi. Yerində qalmağa üstünlük verdi. Onu təbrik edirəm. Mübarizəni dayandırdıq və bununla barışmalıyıq. Sonradan yaşananlar bizim necə böyük bir ailə olduğumuzu göstərdi. Hər kəs mənə dəstək verdi. Komanda yoldaşlarım mənə qarşı özlərini əsl qardaş kimi apardılar. Yumruq kimi birləşdik və növbəti oyunda qalib gələrək kubokun finalına yüksəldik. Artıq bundan sonra əlimizdə olan turnirləri, yəni ölkə kuboku ilə premyer-liqanı qazanmağa çalışacağıq”.
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla