AZ

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onun Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Həmin təşəbbüs qrupuna adı açıqlanmayan bir sıra nüfuzlu şəxslərin, o cümlədən Nobel Sülh Mükafatı laureatının daxil olduğu bildirilirdi. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri də məhz Vardanyanın və Vardanyan kimilərin Qarabağda apardığı fəaliyyətin məntiqli nəticəsi idi".

Bu sözləri BiG.AZ-a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, konstruktiv danışıqlar, Azərbaycan dövlətinin təklif etdiyi inteqrasiya planını qəbul etmək, erməni mənşəli sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsinə şərait yaratmaq yerinə, Vardanyan Qarabağın erməni sakinlərində düşmənçilik əhval-ruhiyyəsini möhkəmləndirməyə davam edirdi.
Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Qarabağa gəlməsi ilə bu, daha qabarıq şəkildə özünü göstərdi. Heç bir ölkə tərəfindən tanınmayan, dünyanın Azərbaycanın ayrılmaz parçası kimi qəbul etdiyi Qarabağa qeyri-qanuni gəlib, burada qondarma "dövlət naziri" vəzifəsini tutmaq idi sülh təşəbbüsü?

"2023-cü ilin yanvarın 22-də BBC-nin "HardTalk" verilişi üçün verdiyi müsahibədə Ruben Vardanyan Qarabağın erməni sakinlərinin adından radikal açıqlamalar verərək Qərb auditoriyasını çaşdırmağa çalışmış, azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiyanı "blokada" kimi təqdim etməyə, Qarabağda "humanitar fəlakət" yaratdığı barədə təsəvvür formalaşdırmağa cəhd etmişdi.
"Biz müstəqillik tələbinin ilk günündən demişik: başa düşürük və qəbul edirik ki, biz yan-yana yaşayacağıq, amma biz ayrı ərazi, ayrı dövlət olacağıq. Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük. "Artsax" Azərbaycanın bir hissəsi olmayacaq, bu aydındır", - Vardanyan deyib.
"Biz əminik ki, "Artsax" Azərbaycanın tərkibində deyil, müstəqil olmalıdır", - bu sözləri isə o, 2023-cü il mayın 23-də Azadlıq radiosunun Ermənistan xidmətinə müsahibəsində demişdi".
2023-cü il mayın 29-da Ruben Vardanyan yeni radikal açıqlama verir. O, Azərbaycan tərəfinin Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşlığını qəbul etməsinin vacibliyi haqda açıqlamasına qəbuledilməz reaksiya verir. Azərbaycanla danışıqları qəbuledilməz adlandırır.
"Artsaxlıların Azərbaycanın bir hissəsi kimi hüquqlarının guya mümkün müdafiəsi ilə bağlı demaqogiyanı davam etdirmək artıq mümkün deyil. Bizi məhv etmək və ya kölə etmək istəyirlər. Sonuncu hədd keçilib: ya sən Artsaxın müdafiəsinə qalxırsan, ya da bütün erməni xalqına qarşısan", - deyə Vardanyan çağırış etmişdi.


BiG.Az
Seçilən
15
Mənbələr
Şərh ()
Bağla