AZ

AFFA "Qəbələ" üçün idman prinsiplərini pozacaq? - AÇIQLAMA

Hazırda mediada “AFFA Premyer Liqanın formatını dəyişir” mövzusu gündəmdədir.

Deyilənlərə inansaq, federasiya 2024/25 mövsümü üçün komanda sayını 12 etmək istəyir. I Liqada ilk 2 pillədə qərarlaşan kollektivlər birbaşa Premyer Liqaya vəsiqə qazanacaq. Təbii ki, burada lisenziyanın alınması əsas şərtdir. Qurum çempionatın autsayderi ilə I Liqanın üçüncüsü arasında pley-off matçı təşkil etmək istəyir. Bunun nəticəsində Premyer Liqada iştirak edəcək 12-ci kollektiv bəlli olacaq.

Federasiya belə addım ata bilməz. Çünki hər iki Liqa arasında format fərqlilikləri var. Legioner limitini nəzərə alsaq, qeyri-bərabərlik yaranır və idman prinsipi pozulur.

Yazılanlara inansaq, federasiya "Qəbələ"nin Premyer Liqada qalması üçün bu addımı atmaq niyyətindədir. Bir kluba görə AFFA idman prinsiplərini pozacaq? Çünki pley-off matçı ilə bağlı Əsasnamədə hansısa qayda yoxdur. Bunları nəzərə alaraq AFFA yenə də belə matçın keçirilməsini təşkil edə bilər?

Sualımızı idman hüquqşünası Elcan Həsənliyə ünvanladıq. Tanınmış vəkil Offsideplus.az-a açıqlamasında bunları dedi:
“Hüquqi cəhətdən bu Əsasnamədə göstərilməlidir ki, çempionu nə gözləyir, aşağı liqanın qalibi yuxarıya qalxacaq? Azərbaycanda belə bir praktika ənənə alıb ki, yarış qutarandan sonra İcraiyyə Komitəsi iclas keçirərək qərar verir.

Düşünürəm ki, bu düzgün yanaşma deyil. Çünki bu məsələlər Əsasnamədə öz əksini tapmalıdır. Bütün klublar da bilməlidir ki, Premyer Liqaya yüksəlməyin qaydası necədir və bunun heç bir formada dəyişdirilməsinə icazə verilməməlidir. Bu il üçün belə formatı tətbiq etmək idman prinsipləri üçün düzgün deyil. Çünki komandalar ən azı 1 il əvvəldən qaydanı bilməlidirlər. Yarışa hazırlıq və digər məsələlər də var. Təbii ki, Azərbaycanda idman prinsipləri uzun müddətdir pozulur. Ona görə də bu qərar verilsə, təəccüblənmərəm”.

Qeyd edək ki, Premyer Liqada 31 turdan sonra 17 xala malik "Qəbələ" sonuncu pillədə qərarlaşıb. "Qırmızı-qaralar" "Kəpəz"lə matçda xal itirsə, çempionatı tərk edəcək.

İradə Hatəmi

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla