AZ

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

Bakı, 26 aprel, AZƏRTAC

Yarım əsrə yaxındır ki, Azərbaycan kino salnaməsini zənginləşdirən “Tütək səsi” filmi tamaşaçılar tərəfindən indi də maraqla izlənilir. Xalq yazıçısı İsa Hüseynovun “Saz” və “Tütək səsi” əsərləri əsasında görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun quruluş verdiyi film 1976-cı ildə ekranlara çıxıb. SSRİ dövlət mükafatına layiq görülən həmin filmin təqdimatı Moskvada və Berlində olub. Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda, mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Kənddə hər evdə müharibənin ağır nəfəsi duyulur. Qadınlar və uşaqlar müharibədə düşmənlə vuruşan kişilərin yerinə hər cür əzaba qatlaşır, arxa cəbhənin bütün yükünü çəkirlər. Filmdə kənd camaatının tarladan qayıtması səhnəsində 500 nəfər iştirak edib. Bir sözlə filmdə həyat da, məhəbbət də, sarsıntı da, sevinc də əks olunub. Bəlkə də elə ekran əsərini sevdirən elə həmin xüsusiyyətlərdir...

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” adlı layihənin növbəti təqdimatı aprelin 26-da Nizami Kino Mərkəzində “Tütək səsi” bədii filminə həsr olunmuşdu.

Qeyd edək ki, Kino Agentliyi, Nizami Kino Mərkəzi, Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə həyata vəsiqə alan layihə milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

“Tütək səsi” filminin rejissoru, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirdə əvvəlcə görkəmli kinorejissorun həyat yolundan bəhs edən videoçarx nümayiş edilib.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və “Tütək səsi"ndə Milli obrazını canlandırmış Xalq artisti Xalidə Quliyeva çıxış edərək rejissorun milli kinomuza bəxş etdiyi dəyərli ekran əsərlərindən, eləcə də “Tütək səsi”nin üstün ekran məziyyətlərindən bəhs ediblər.

Qeyd edilib ki, 47 ildir ekran həyatı yaşamasına baxmayaraq, məna və məzmun baxımından aktuallığını qoruyub saxlayan film bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən maraqla izlənilir. Ümumxalq birliyini əks etdirən hadisələrin fonunda dövrün mühüm problemləri ilə yanaşı, mənəviyyat məsələləri, fərdlər arasındakı mürəkkəb münasibətlər və digər məqamlar emosional və poetik üslubda şərh olunur.

Tədbir iştirakçılarına məlumat verilib ki, "Tütək səsi" "Qatır Məmməd"dən sonra Rasim Ocaqovun rejissorluğu ilə çəkilən ikinci tammetrajlı bədii filmidir. O, Cəbrayıl rolunda Qatır Məmməd obrazına çəkdiyi Şahmar Ələkbərovu görmək istəyirdi. Çəkilişlər başlananda Şahmar Ələkbərov ağır xəstələndiyindən rejissor moldavan aktyoru Mixail Volontiri dəvət edir. Onun personajını isə Şahmar Ələkbərov səsləndirib.

Qusar rayonunun Xoray kəndində aparılan çəkilişlərdə Sayalının evinin qarşısındakı səhnə milis maşınlarının nəzarəti altında çəkilib. Çəkilişlər zamanı kənd camaatı elə zənn edib ki, aktyor doğrudan da əsgər namusuna sataşıb. Ona görə həmin obrazı canlandıran moldavan aktyoru döymək istəyiblər.

Vurğulanıb ki, filmin yaradıcı və texniki heyətinin güclü potensiala malik olması mükəmməl kompozisiyanın (bəstəkar, operator işi və s.) qurulmasına, dolğun xarakterlərin yaranmasına və müharibə həqiqətlərini obyektiv şəkildə tamaşaçıya çatdırmasına səbəb olub.

Qeyd edilib ki, ağ-qara formatda çəkilən filmdə müharibə həqiqətlərinin mahiyyətini dürüst şərh edən təsvirlərin ardıcıllığını, hadisələrə uyğunluğunu Əməkdar incəsənət xadimi, görkəmli operator Teyyub Axundov həssaslıqla lentə alıb.

Sonra film nümayiş olunub.

 

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla