AZ

Dərdin dərdimizdi, Mahir... - KÖŞƏ

Mahir Emrelinin Zaqreb “Dinamo”sundan ayrılması gündəmdi.

Artıq bu haqda təkcə Azərbaycan mətbuatında yazılar dərc olunmur, xorvatiyalı həmkarlarımız da Mahirin klubdan gedəcəyini gündəmə gətirirlər. Heç təəccüblü də deyil. Görünən odu ki, “Dinamo” tezliklə o qədər də fayda görmədiyi legionerdən can qurtarmağa çalışacaq. Elə Xorvatiya mətbuatındakı sonuncu yazıların birində də bundan bəhs olunur. Qeyd edilir ki, rəhbərlik komandaya fayda verməyən legionerlərdən qurtulmaq, onların yerinə az maaşa oynamağa razı olan, ən əsası, perspektiv vəd edən yerli gənclərə şans vermək fikrindədi.

Əslində “Dinamo”nun strategiyası əvvəldən belədi. Az-çox təqib edirdik, xəbər tuturduq. Zaqreb klubu Avropada ortabablardan sayılsa da, ara-sıra avrokuboklarda boy göstərsə də, legioner oynatmağa o qədər də meyilli deyil. Onların legioner siyasətinin əsasını o qədər də tanınmayan əcnəbilərlə yerli gənclərin sintezindən döyüşkən komanda yaratmaq, sonra da həmin futbolçuların “böyük beşlik” təmsilçilərinə satışından gəlir əldə etmək dayanır. Heç şübhəsiz, Mahir Emrelini heyətə cəlb edəndə də bunu hədəfləmişdilər. Özü də Mahirin “Legiya”dan “Dinamo”ya keçidinin əsasında bu iki klub arasındakı borc məsələsi də rol oynamışdı. Üstəlik 2022-ci ilin fevralında baş tutan keçid zamanı “Legiya” Emreliye göstərdiyi xidmətlərə görə təşəkkür etməyi də lazım bilməmişdi. Baxmayaraq ki, Mahir Polşa klubunun heyətində 33 rəsmi oyuna çıxmış, bu oyunlarda 11 qol vurub, iki məhsuldar ötürmə vermişdi. Polşalılar bu xidmətlərin qarşılığında ədəb xatirinə olsa belə, Mahiri layiqincə yola salmaq istəmədilər.

Polşa çempionatında Mahir daha çox uğur qazana, səviyyəsini artıra bilərdi. Di gəl ki, azarkeşlərlə yaşanan qalmaqal futbolçunun “Legiya”dan ayrılmasına səbəb oldu. Həmin vaxt özünün dediyinə görə, klubun ona sahib çıxmamasına, avtobusa daxil olan azarkeşlərin məhz Emreliyə qarşı aqressiv davranmasına görə qəzəblənmişdi, bundan daha çox təsirlənmişdi. Elə bu səbəbdən də fiziki cəhətdən “Legiya”dan ayrılmazdan öncə Mahir ürəyindən və beynindən klubu silmişdi, bir daha ora qayıtmaq fikrinin olmadığını gizlətmirdi. “Dinamo”da isə onunku, ümumiyyətlə, gətirmədi. Zaqreb təmsilçisi tarixinin ən qalmaqallı, eyni zamanda da zəif dövrlərindən birini keçirdi. Zaqreblilərin Çempionlar Liqasındakı çıxışı bir qədər qanlı-qadalı alındı. Bütün bu psixoloji gərginliyin fonunda “Dinamo” turnirdən bir qədər də bəxtsiz formada uzaqlaşdı. Ardınca isə məşqçi dəyişikliyi, enişli-yoxuşlu yollar başladı. Bu qeyri-sabitlik təkcə Mahir üçün yox, komanda üçün də problemə çevrildi. Heç də təsadüfi deyil ki, Konfrans Liqasındakı 2:0 hesablı üstünlüyü də qorumaq mümkün olmadı, “Dinamo” PAOK-a 1:5 hesabıyla uduzdu.

Xüsusilə də tez-tez yaşanan məşqçi dəyişikliyi Mahirin “Dinamo”dakı oyununa təsir etdi. Hər yeni gələn məşqçiyə özünü sübut etməyə məcbur olan həmyerlimiz daimi etimad qazanıb, əsas heyət üzvünə çevrilə bilmədi. Bunun da nəticəsində hər dəfə ruh düşkünlüyü yaşadı, formasını bərpa etməyə çətinlik çəkdi. Mahiri az-çox tanıyırıq, bilirik ki, o qədər də “dəmir psixologiya”ya sahib deyil. Bir qədər də özünü “yuxarı”dan aparmağı sevən futbolçudu. Görünür, elə bu xarakteri də ona toparlanmağa, özünü tam sübut etməyə imkan vermədi. Yersiz zədə isə Mahirin “Dinamo”dakı bəxtsizliyinin və uğursuzluğunun kuliminasiya nöqtəsi sayılmalıdı. Xeyli vaxtdı yaşıl meydandan uzaq qalan Emreli hələ də zədəsini tam sağaldıb, formasını bərpa etməyib. Bütün bunların fonunda onun “Dinamo”dan ayrılacağı ilə bağlı xəbərlərə inanmaya bilmirsən.

İndi Mahirin daha çox oynamağa və özünəinamı bərpa etməyə ehtiyacı var. “Dinamo”da həmin şansın ona veriləcəyi heç də real görünmür. Heç Avropanın hansısa ortabab klubu da bunu etməz. Çünki son bir-iki ildə Mahirin öyünəsi hansısa uğuru yoxdu ki, həmin uğura görə onu heyətə qatmağa həvəs göstərsinlər. Ümid qalır ya qonşu Türkiyənin aşağı liqa komandalarına, ya da Azərbaycana qayıtmağa. Ramil Şeydayevin “Kocaelispor”dakı çıxışı Türkiyənin hətta səviyyəcə ikinci liqasının belə bizimkilər üçün çətin çempionat olduğunu düşünməyə əsas verir. Etiraf edək ki, orda çıxış edən hazırkı futbolçu nəslinin heç bir nümayəndəsi özünü doğrulda bilməyib. Deməli, Mahir üçün Azərbaycan yol görünür. Ona inanacaq, yenidən şans verəcək klub bizimkilərdən biri olacaq. Ümid edək ki, Mahir də bu şansı lazımınca dəyərləndirib, ötən günlərinə dönəcək. Qəm yemə, Mahir, sənin dərdin hamımızın dərdidi!

AMAL

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla