AZ

“Zaman-zaman Monitorinq Mərkəzinin simvolik olduğu və ciddi funksiya daşımadığı ifadə edildi” - Politoloq

Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunlarının Baş Qərargah rəisi general-leytenant Levent Ergün, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci ilin yanvarın 30-da Ağdam rayonu ərazisində fəaliyyətə başlayıb.

Monitorinq Mərkəzinin fəaliyyətini necə qiymətləndirmək olar? Mərkəz ümidləri nə dərəcədə doğrultdu?

Politoloq Nazim Cəfərsoy Herbiand.az-a bildirdi ki, əslində, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı istiqamətləri bir arada dəyərləndirmək daha doğru olar:

“Mənim gördüyüm və müşahidə etdiyimə görə bu münasibətlərin iki istiqaməti var idi: texniki funksiya və geosiyasi funksiya. Məsələyə texniki kontekstdən baxsaq, Monitorinq Mərkəzinin məqsədi 10 noyabr 2020-ci il atəşkəs bəyanatından sonra mövcud yerdəki vəziyyəti monitorinq etmə, erməni silahlı birlikləri ilə bağlı, orada təhlükəsizliyin təmininin monitorinqi ilə bağlı və Rusiya sülhməramlılarının oradakı missiyası ilə bağlı fəaliyyətləri həyata keçirmək idi. Bu çərçivədə həm o vaxtkı atəşkəs xəttində, həm Rusiya sülhməramlılarının fəaliyyət kontekstində, həm də Ermənistandan Laçın yoluna nəzarət edilməsi məsələlərin monitorinq edilməsi ilə bağlı texniki funksiyaları var idi. Bu proseslə bağlı Azərbaycandakı yanaşma, ümumiyyətlə fəaliyyət birmənalı deyil. Çünki bu prosesdə texniki baxımdan monitorinqin işi sanki ictimaiyyətə görünmədi. Hətta zaman-zaman Monitorinq Mərkəzinin fəaliyyətsizlikdə ittiham edildiyini, əslində onun simvolik bir şey olduğu və ciddi funksiya daşımadığı  ifadə edildi. Monitorinq Mərkəzi özü də bəzən üzərinə Azərbaycanın ictimaiyyəti tərəfindən yönələn təzyiqlər xaric, kölgədə qalmağa üstünlük verdi. Yalnız bəyanatlarla öz işini görməkdə oldu. Bununla bağlı lazımi hesabatları əlaqədar tərəflərə təqdim etdi, müəyyən fəaliyyətlər içərisində olduğunu qeyd elədi. Zaman-zaman texniki baxımdan müəyyən kritik məqamlarda, ən azından monitorinq mərkəzinin müəyyən yanaşmalarında Azərbaycanın mövqeyinə yaxın mövqelərin də səsləndirildiyini gördük. Ancaq ümumi mənada bu proses, oradakı texniki baxımdan təhlükəsizliyin təmini, sənədlərlə bağlı məsələlər oradakı imkanlarının ən azından bu çərçivədə qənaətbəxş olmadığını qiymətləndirməyə əsas verir”.

Politoloqun sözlərinə görə, Monitorinq Mərkəzinin ikinci funksiyası, daha önəmli və daha önə çıxan oldu. O da geosiyasi funksiyadır:

“Geosiyasi funksiya özündə monitorinq mərkəzinin yaradılması, bunun Rusiya ilə Türkiyə arasında olması və müəyyən müsbət tendensiyaları bərabərliyə gətirməsi oldu. Bunlardan birincisi regionda Rusiya ilə Türkiyə arasında rəqabətin Qarabağda yumşamasına xidmət etdi. Çünki həm Ermənistanda, həm Rusiyada, həm də ümumən Qərbdə Rusiya ilə Türkiyəni Cənubi Qafqazda qarşı-qarşıya gətirmək istəyən ciddi qüvvələr var idi. Qərbdəki müəyyən yanaşmalar rus-türk münasibətlərinin gərginləşməsini istəyirdilər. Erməni lobbisi burada xüsusilə fəallıq göstərirdi. Rusiyada müəyyən ənənəvi ermənipərəst siyasət güdən çevrələr istəyirdilər ki, Türkiyə ilə münasibətlərdə daha ciddi gərginliklər yaşatsınlar. Ən azı Kremli buna sövq etsinlər. Ermənistanın strategiyası da budur ki, Türkiyəni bu proseslərdə Rusiya ilə qarşı-qarşıya gətirmək xətti var idi. Düşünürəm ki, geosiyasi funksiya baxımından proseslər Rusiyanın buradakı mövqeyinin yumşalmasına xidmət etdi. Qərbdən bura yönəlik Rusiyanı Türkiyə ilə qarşı-qarşıya gətirməklə bağlı məsələni yumşaltdı və ona imkan verməyəcək bir funksiya daşıdı. Həm də Ermənistanın Türkiyə-Rusiya rəqabət faktoru üzərindən bölgədəki tarazlığı yenidən öz lehinə çevirmə imkanlarını məhdudlaşdırdı. Bu birinci geosiyasi faktordur”.

Nazim Cəfərsoy qeyd etdi ki, ikinci geosiyasi faktor burada Qərbin Azərbaycan üzərində formalaşdıra biləcəyi təzyiqlərə mane oldu:

“Bu təzyiqlər iki şəkildə özünü ortaya qoya bilərdi. Birincisi, Azərbaycanın Rusiya ilə əməkdaşlığı və Rusiyanın Ukrayna səbəbi ilə və ya ümumi mənada Qərblə gərginləşən münasibətlərində Qərbdən Azərbaycana yönəlik siyasi təzyiqlərin artmasına mane oldu. Çünki Qərbin NATO-dakı müttəfiqi və Avropa Birliyinə üzvlüyünə namizəd olan Türkiyənin bölgədə olması Qərbin bu cür addımlarını məncə əngəlləyən faktor oldu. Azərbaycanı Rusiya ilə birlikdə hərəkət etməkdə günahlandırmaq və ya onun üzərindən geosiyasi təzyiq formalaşdırmağı əngəlləmiş oldu. Üçüncüsü də Ermənistanın erməni lobbisinin fəaliyyətləri ilə Qarabağa beynəlxalq qüvvələrin gətirilməsi ilə bağlı Azərbaycana müəyyən təzyiq formalaşdırılmasını əngəlləmiş oldu. Zatən Monitorinq Mərkəzi BMT üzərindən burda nələrinsə edilməsini əngəlləyən bir funksiya daşıdı”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla