AZ

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Çendu, 26 aprel, AZƏRTAC

Çinin Sıçuan vilayətinin paytaxtı Çenduda Çin-Azərbaycan investisiya və ticarətin təşviqinə dair forum keçirilib.

AZƏRTAC xəbər verir ki, forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Sıçuan bölməsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Azərbaycanın Çindəki səfirliyinin, ölkəmizin ticarət nümayəndəliyinin, Sıçuan vilayəti xarici əlaqələr ofisinin, AZPROMO-nun və CCPIT-in birgə təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Sıçuan vilayətinin dövlət qurumlarının, işgüzar dairələrin, biznes assosiasiyalarının nümayəndələri, iş adamları iştirak ediblər.

Azərbaycanın tarixi İpək yolu üzərində vacib ölkə olduğunu bildirən CCPIT-in Sıçuan bölməsinin rəhbərinin müavini Van Quancün “Bir kəmər, bir yol” təşəbbüsünün iki ölkə arasında, o cümlədən Çinin müxtəlif regionları ilə xarici ölkələr arasında iqtisadi-ticari, mədəni əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını deyib. O, “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçməsində Çin ilə Azərbaycanın əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Van Quancün Azərbaycan ilə Çinin Sıçuan vilayəti arasında əməkdaşlıq üçün mövcud imkanlardan istifadəni təşviq etmək baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin dövlət başçıları İlham Əliyev və Si Cinpinin səyləri nəticəsində hazırda dinamik inkişaf dövrünü yaşadığını və keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Azərbaycanın Çin ilə iqtisadi-ticari əlaqələrin genişlənməsinə böyük önəm verdiyini vurğulayan diplomat hazırda Azərbaycanın Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu, energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarının nəzərdən keçirildiyini bildirib.

“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıqdan danışan B.Hüseynov Azərbaycanın həyata keçirdiyi nəqliyyat və infrastruktur layihələrinin Çin ilə Avropa arasında yüklərin daşınması üçün etibarlı və sərfəli əlaqəni təmin etdiyini deyib. Diplomat Çinin alternativ enerji sahəsində qabaqcıl təcrübəsinin və texnologiyasının ölkəmiz üçün maraq kəsb etdiyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa-quruculuq işlərində, o cümlədən yaşıl enerji layihələrində Çin şirkətlərinin fəal iştirakı üçün uyğun şərtlər yaradıldığını bildirib.

Səfir B.Hüseynov Azərbaycan ilə Çinin regionları arasında əməkdaşlığın əhəmiyyətindən danışıb, Sıçuan vilayətinin paytaxtı Çenduda fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”nin bu əməkdaşlığın bariz nümunəsi olduğunu deyib.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin biznes və sərmayə mühiti, nəqliyyat-logistika infrastrukturu, “Bir kəmər, bir yol” təşəbbüsünün icrasındakı rolu barədə təqdimat edib. O, siyasi və iqtisadi sabitliyin təmin olunduğu Azərbaycanda Çin şirkətləri üçün iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatında cəlbedici imkanların olduğunu bildirib. Həmçinin 30 illik işğal dövründə böyük dağıntıya məruz qalan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası istiqamətində aparılan işlərdən danışıb, bu prosesdə dost ölkələrin, o cümlədən Çin şirkətlərinin fəal iştirakının arzu olunduğunu deyib. T.Nadiroğlu işğaldan azad olunan bölgələrdə yaradılan sənaye parklarında və iqtisadi zonalarda verilən imtiyazlar, təklif olunan əlverişli şərtlərdən danışıb, habelə, Ələt Azad İqtisadi Zonası (AFEZ) haqqında ətraflı məlumat verib.

AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Azərbaycan iqtisadiyyatının cari vəziyyəti, əlverişli biznes və sərmayə mühiti, ixrac potensialı, xarici ticarət əlaqələri barədə məlumat verib. Bildirib ki, 1995-2023-cü illərdə Azərbaycana 114,4 milyard, o cümlədən qeyri-neft sektoruna 19,4 milyard dollar birbaşa xarici investisiya yatırılıb. Ötən il Azərbaycanın xarici ticarəti 51,2 milyard dollara çatıb.

Z.Qədirov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində yerli və xarici investorlar üçün təklif olunan cəlbedici təkliflər və imtiyazlar barədə məlumat verib, bu istiqamətdə sənaye parkları, iqtisadi zonaların əhəmiyyətini vurğulayıb. O, Çin şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində uğurlu layihələr icra etdiyini, əməkdaşlıq üçün potensialın böyük olduğunu deyib.

Tədbirdə Sıçuan vilayətinin iqtisadiyyatına, xarici ticarət əlaqələrinə, vilayətdəki iri şirkətlərinə dair təqdimatlar olub.

Ticarət nümayəndəliyinin əməkdaşı Natiq Xəlilov Azərbaycanın nəqliyyat-logistika sektoru və iki ölkənin bu sahədə əməkdaşlıq potensialı, Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Çin nümayəndəliyinin rəhbəri Rinat Əzizov ölkəmizin milli aviadaşıyıcının fəaliyyəti haqqında danışıblar.

Qeyd edək ki, Çinin cənub-qərbində yerləşən və 83 milyon əhalisi olan Sıçuan vilayəti iqtisadiyyatın həcminə görə Çinin 6-cı ən iri bölgəsidir. Sıçuanın ümumi daxili məhsulu təxminən 850 milyard dollar təşkil edir. Dünya ölkələri ilə müqayisə olunsa, Sıçuan dünyanın 18-ci ən böyük iqtisadiyyatı olar. Çinin əsas iqtisadi mərkəzlərindən olan Sıçuan vilayəti maşınqayırma, o cümlədən avtomobil sənayesi, tikinti materialları istehsalı, mədən sənayesi, tekstil, elektronika və yüksək texnologiyalar istehsalı, metallurgiya sahəsində böyük nailiyyətlər qazanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Çendu

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla