AZ

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

TDT-nin

Bakı, 26 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərə müsahibəsində bildirib ki, Cenevrədə keçirilən Türk Həftəsinin proqramı Türk dünyasının zəngin irsini nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, Kubanıçbek Ömüralıyev bazar ertəsi günündən cümə axşamınadək İsveçrədə keçirilən ilk Türk Həftəsi proqramında iştirakı zamanı Türk Dövlətləri Təşkilatının iddialı planlarını açıqlayıb.

Ömüralıyev deyib ki, Türk Həftəsi proqramının keçirilməsinə dair qərar ötən il TDT ölkələrinin BMT-nin Cenevrədəki ofisindəki səfirləri ilə müzakirələrdən sonra verilib.

O vurğulayıb ki, tədbirin təşkili ilə bağlı tapşırıq ötən ilin noyabrında Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşü zamanı TDT-ə üzv ölkələrin dövlət başçıları tərəfindən verilib.

Ömüralıyev müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin tədbirdə böyük həvəslə iştirakından məmnunluğunu bildirib. O, türk dövlətləri arasında kollektiv güc və birliyi vurğulayaraq, TDT-nin əsasını qoyan 2009-cu il Naxçıvan Sazişində təcəssüm olunan əməkdaşlıq ruhunu misal çəkib.

Baş katib Türk dünyası çərçivəsində əməkdaşlığın artan əhəmiyyətini vurğulayaraq, Türk Həftəsi proqramının bu vizyonu gücləndirməyə, üzv dövlətlər arasında daha çox birlik və qarşılıqlı anlaşmaya xidmət etdiyini bildirib.

TDT-nin Baş katibi vurğulayıb ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və Türk Dövlətləri Parlament Assambleyası ilə birgə keçirilən Türk Həftəsinin proqramı türk dünyasının mədəni zənginliyini və incəsənətini nümayiş etdirib.

Proqramda Türk dünyası təşkilatları arasında dialoq və əməkdaşlığın təşviqinə yönəlmiş konfranslarla yanaşı, ənənəvi geyimlər, mətbəxlər və musiqi sərgiləri nümayiş etdirilib. Həftənin bağlanış tədbiri qazax bəstəkarı və pianoçusu Rakhat-Bi Abdyssaginin konserti ilə olub.

Seçilən
16
48
Mənbələr
Şərh ()
Bağla