AZ

ABŞ polisinin müharibəyə etiraz edən tələbələrlə qəddar rəftarı – VİDEO

ABŞ polisi Emori Universittetindəki aksiyaları dağıdarkən Qəzzadakı müharibəyə etiraz edən tələbələrə və müəllimlərə həddindən artıq güc tətbiq edib.

KONKRET.az xəbər verir ki, dinc etirazçılara qarşı nümayiş etdirilən görüntülər sosial şəbəkələrdə yayılıb.

Videodan görünür ki, polis bir qadın professoru yerə yıxaraq saxlayıb, yerə uzadılmış və əlləri arxadan qandallanmış digər nümayişçiyə isə elektroşoker vurulur.

Yerdə uzadılmış və əlləri arxadan qandallanan qadın “Aman Allah, siz faşistsiniz” deyir.

Bu hadisələrin şahidi olan tələbələrdən biri dəhşətə gəldiyini gizlətmir: “Bu, dəlilikdir. Mən indicə gördüm ki, dinc etirazçılara qarşı polis lazım olmayan zorakılıq göstərir. Gördüm ki, polis yerdə tələbələri döyür”.

Universitetin Fəlsəfə departamentinin sədri Noel Makafi isə aparılarkən bir tələbəyə “Fəlsəfə departamentinin ofisinə zəng edib, həbs olunduğumu deyə bilərsinizmi?” deyir.

Qeyd edək ki, polis cümə axşamı Emori zolağında Universitetində Qəzzadakı müharibəyə etiraz edən tələbələrə hücum edərək, kollec ərazisində qurulmuş düşərgəni dağıdıb və həbslər aparıb.

Xatırladaq ki, ABŞ polisinin dinc etirazçılara həddindən artıq güc tətbiq etməsi ilk dəfə baş vermir.

25 may 2020-ci il tarixində Minneapolis şəhərinin ağdərili polis əməkdaşı əlləri qandallı şəkildə yerə uzatdığı qaradərili Corc Floydun boyun nahiyəsini 7 dəqiqə dizi ilə sıxaraq mülki vətəndaşın ölümünə səbəb olmuşdu. Floydun “Nəfəs ala bilmirəm” dediyini göstərən video sosial mediada paylaşıldıqdan sonra ölkədə irqçiliyə qarşı kütləvi etirazlar başlamışdı. Aksiyaların ABŞ-nin dörd bir tərəfinə yayılmasından sonra bir çox şəhərdə polislər etirazçıların qarşısında diz çöküb, üzr istədilər.

Şarlott şəhərinin şimal-şərqində isə şübhəli şəxs axtaran polislər şəxsi avtomobilinə minən afroamerikalıya xəbərdarlıq etmədən atəş açmışdılar. Ağır yaralanmış şəxs xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı. Məlum oldu ki, öldürülmüş şəxs afroamerika əsilli, 43 yaşlı polis əməkdaşı Lamont Skottdur.

Ferguson qəsəbəsində isə 18 yaşlı qaradərili yeniyetmə Maykl Braun poilis tərəfindən güllələnmişdi.

“Washington Post” nəşrinin araşdırmasında deyilir ki, Amerika polisi 2015-ci il ərzində minə yaxın dinc vətəndaşı ölümcül yaralayıb. Polis zorakılığının qurbanı olan vətəndaşların 40 faizini məhz qaradərili amerikalılar təşkil edib.

Bir sözlə, özünə “umac ova bilməyən” bir ölkə başqalarına “əriştə kəsir”, digər ölkələri avtoritarlıqda ittiham edən hesabatlar dərc edir.

Adamın lap “bir dön öz ölkənə bax!” deməyi gəlir…

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla