AZ

İcarə müqaviləsi başa çatır, özü də nə olacağını bilmir

“Kəpəz”in şərəfini qoruyan Şakir Seyidovun Gəncə təmsilçisi ilə icarə müqaviləsi başa çatır.

Sözləşmə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi ötən yay “sarı-göylər”lə 1 illik anlaşmışdı.

Bu isə o deməkdir ki, cari “futbol ili” başa çatan kimi Seyidov “Sabah”a qayıtmalıdır. Lakin “Kəpəz”in baş məşqçisi Adil Şükürov bacarığından razı qaldığı futbolçunun qalmasında maraqlıdır.

Şakir Sportinfo.az-a açıqlamasında mövzuyla bağlı danışıb:

“Sabah”la müqaviləmin müddəti 2025-ci ilə qədərdir. Komandaya yeni baş məşqçi gəlib. Onun gələcəklə bağlı planlarını bilmirəm.

Bəlkə də icarədə olan futbolçulara baxmaq istəyəcək. Belə olduğu halda özümü göstərməyə çalışacam.

Oynamaq şansım olarsa, “Sabah”da qalaram. Olmazsa, mütəmadi oynaya biləcəyim, göz qabağında olacağım komandada davam edərəm”.

Şakir Seyidov cari Premyer Liqa mövsümündə “Kəpəz”in heyətində meydana çıxdığı 25 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla