AZ

Cənubi Qafqazın hava limanları: Ən çox beynəlxalq aeroport Azərbaycandadır

Laçında inşası davam edən hava limanının tezliklə istifadəyə verilməsi üçün işlər sürətləndirilib. Bir neçə gün əvvəl aeroportun hava hərəkətinə nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb. Laçındakı hava limanının hazır olmasından sonra Azərbaycandakı aeroportların sayı 26 olacaq.

 

Modern.az Cənubi Qafqaz regionundakı ölkələrdə neçə hava limanı olmasını araşdırıb.

 

Azərbaycan

 

 

"Azərbaycan Hava Yolları" (AZAL) şirkətinin rəsmi saytında 10 hava limanının adı qeyd olunub. Bunlar Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportu, Gəncə Beynəlxalq Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı, Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı, Yevlax Hava limanı və hazırda tikintisi davam edən Laçın Beynəlxalq Hava Limanıdır.

 

Bunlardan başqa, Zabrat hava limanı da mövcuddur ki, bu aeroport da əvvəllər AZAL-a məxsus olub. Lakin 2008-ci ildə hava limanı özəlləşdirilərək "Silk Way Holding"ə daxil olan "Silk Way Helicopter Services"in tabeliyinə keçib. Ağdam, Ağstafa, İmişli, Xocalı, Quba, Şəki, Naftalan və Balakən aeroportları da var ki, bunlar hazırda istifadəsiz hava limanlarıdır.

 

Həmçinin Azərbaycanda hərbi təyinatlı aeroportlar da mövcuddur. Bunlar Qala, Dəllər, Kürdəmir, Nasosnı, Sitalçay və Səngəçal aviabazalarındakı aeroportlardır. Beləliklə, Azərbaycandakı mülki və hərbi təyinatlı hava limanlarının ümumi sayı istifadəsiz qalan və inşası davam edən aeroportlar da daxil olmaqla, 26-ya bərabərdir.

 

Gürcüstan

 

 

Gürcüstanda əsas aeroportların sayı 6-dır. Bunlar Tiflis (beynəlxalq), Batum (beynəlxalq), Kutais (beynəlxalq), Ambrolauri, Nataxtari və Kraliça Tamar beynəlxalq hava limanlarıdır. Bundan başqa, Sığnaqdakı Tsnori, Telavi, Muxrani, Psxu, Ozurgeti, Laqodexi, Tsalka, Zuqdidi, Axalkalaki, Omaklo və Anaklia aeroportları da mövcuddur. Hazırda fəaliyyət göstərməyən Poti (beynəlxalq) aeroportu da Gürcüstandadır. 

 

İşğal altındakı Gürcüstan ərazilərində də 2 aeroport mövcuddur. Bunlar Abxaziyadakı Suxumi və Cənubi Osetiyadakı Sxinvali hava limanlarıdır. Mülki aeroportlarla yanaşı, Gürcüstanda hərbi təyinatlı hava limanları da var. Kobuleti, Marneuli, Senaki aviabazaları, paytaxt Tiflis yaxınlığındakı Soğanlıq və Vaziani aviabazaları və işğal altındakı Abxaziyada yerləşən Qudauta aviabazasıdır.

 

Qeyd etmək lazımdır ki, bu yaxınlarda Tiflis Beynəlxalq Hava Limanı bağlanacaq və əvəzinə bir neçə kilometr aralıda yeni aeroport inşa olunacaq. Bununla Gürcüstandakı aeroportların sayı dəyişməyəcək. Beləliklə, Gürcüstanda mülki və hərbi təyinatlı hava limanlarının ümumi sayı 26-dır.

 

Ermənistan

 

 

Ermənistanda 2 beynəlxalq statuslu hava limanı var. Bunlar İrəvandakı Zvartnots beynəlxalq hava limanı və Gümrüdəki beynəlxalq hava limanıdır. Bundan başqa, ölkənin cənubunda - Qafanda yerləşən Sünik Aeroportu da mövcuddur. Gorus və Stepanavan hava limanları isə hazırda inşa mərhələsindədir.

 

Bu mülki hava limanları ilə yanaşı, Ermənistanda 2 hərbi təyinatlı aeroport da mövcuddur. Bunlar İrəvandakı Erebuni aeroportu, Kotayk vilayətindəki Nor Xaçnda yerləşən Arzni aeroporudur. Hava limanları ilə yanaşı, Ermənistanda bir neçə ayrıca uçuş-enmə zolaqları da var. Ölkənin müxtəlif vilayətlərində yerləşən bu zolaqlar əsasən hərbi və texniki məqsədlər üçün istifadə olunur.

 

Tavuş vilayətinin Berd, Geğarkunik vilayətinin Kəvər və Vardenis, Vayots Dzordakı Cermuk, Sünikdəki (Zəngəzur) Sisian və Mehri yaşayış məntəqələrində belə uçuş-enmə zolaqları mövcuddur. Beləliklə, Ermənistanda 3 mülki, 2 hərbi təyinatlı aeroport fəaliyyət göstərir, daha 2 hava limanının inşası davam edir, 6 ədəd uçuş-enmə zolağı var. Yəni Ermənistan 7 aeroporta, uçuş-enmə zolaqları ilə birgə cəmi 13 aviaobyektə sahibdir.

 

Ümumilikdə Azərbaycanda 9, Gürcüstanda 4, Ermənistanda 2 beynəlxalq statuslu aeroport var. Beləliklə, Cənubi Qafqazda ən çox beynəlxalq hava limanına Azərbaycan ev sahibliyi edir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla