AZ

Vəkillərin roluna dair Əsas Prinsiplər

27 sentyabr 1990-cı il tarixində “Cinayətlərin Qarşısının Alınması və Cinayətkarların İslahı” üzrə Havanada keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Səkkizinci Konfransı tərəfindən qəbul edilmişdir.

Dünya xalqları, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində ədalətin təmin edəcək şərtlər formalaşdırmaq üçün verdikləri qərarı təsdiq etdiklərindən və irq, cins, dil və din ayrı-seckiliyi etmədən insan hüquqları və əsas azadlıqlarına hörməti inkişaf etdirmək və təşviq etməkdə beynəlxalq əməkdaşlığa nail olmaq məqsədi daşıdığını elan etdiklərindən,

“Ümumi insan hüquqları haqqında” Bəyannamənin hüquq qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququnu və cinayətdə ittiham olunan şəxsin müdafiəsi üçün bütün təminatları ehtiva etdiyindən,

Buna əlavə olaraq , “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda səbəsiz yerə gecikmə olmadan ədalətli məhkəmə araşdırması hüququnu və qanunla yaradılmış müstəqil, qərəzəsiz və səlahiyyətli məhkəmə tərəfindən araşdırılma hüququnu elan etdiyindən,

“İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktda dövlətlərin “Ümumi insan hüquqları haqqında” Bəyannaməsinə görə insan hüquqlarına və azadlıqlarına ümumbəşəri hörməti və onlara əməl edilməsini təşviq etmək öhdəliyini xatırlatdığından,

Hər hansı bir formada “Tutulan və ya həbs edilən bütün şəxslərin müdafiəsi üçün prinsiplər Məcmusu”nda tutulan bir şəxsin vəkildən hüququ yardım almaq, onunla əlaqə saxlamaq və məsləhətləşmək hüququna malik olmasını təmin etdiyindən,

“Məhbuslarla davranışın minimum standart Qaydaları”nda məhbuslara xüsusilə hüququ yardımın təmin edilməsini və vəkillə məxfi bir şəkildə görüşmək imkanının təmin edilməsini tövsiyyə etdiyindən,

“Ölüm cəzası ilə üzləşmiş şəxslərin müdafiəsinin təminatları”na, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə uyğun olaraq, ölüm cəzası təyin edilə bilən cinayətdə şübhəli bilinən və ya ittiham olunan hər kəsin məhkəmə prosesinin bütün mərhələlərində adekvat hüquqi yardım almaq hüququnu bir daha təsdiqlədiyindən,

“Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri” Bəyannaməsində cinayət qurbanlarına ədalətə çıxışı və ədalətli rəftar, zərərin qarşılanması, kompensasiya və yardım almalarını təkmilləşdirmək üçün beynəlxalq və milli səviyyədə tədbirlərin görülməsini tövsiyə etdiyindən,

Bütün insanların sahib olduğu iqtisadi, sosial, mədəni və ya mülki, siyasi insan hüquqlarının və əsas azadlıqlarının adekvat müdafiəsi bütün şəxslərin müstəqil vəkillər tərəfindən təmin edilən hüquqi xidmətlərə səmərəli çıxışının olmasını tələb etdiyindən,

Vəkillərin peşəkar birliklərinin, peşəkar standartların və etikanın qorunmasında öz üzvlərini təqiblərdən, qeyri-qanuni məhdudiyyətlərdən və pozuntulardan qorumaqda, onlara ehtiyacı olan hər kəsə hüquqi xidmət göstərməkdə, ədalətin və ictimai maraqların təmin olunmasına nail olmaq üçün dövlət və digər qurumlarla əməkdaşlıq etməkdə mühüm rol oynadığından,

Vəkillərin lazımi rolunu təşviq etmək və təmin etmək vəzifəsində üzv dövlətlərə kömək etmək üçün tərtib edilmiş, aşağıda qeyd olunan “Vəkillərin roluna dair əsas prinsiplər” hökumətlər tərəfindən öz milli qanunvericilikləri və təcrübələri çərçivəsində hörmət edilməli, nəzərə alınmalı və vəkillərin, eləcə də hakimlər, prokurorlar, icra və qanunvericilik orqanlarının üzvləri kimi digər şəxslərin və ümumilikdə ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Bu prinsiplər lazımi hallarda vəkillik funksiyalarını rəsmi vəkil statusu olmadan həyata keçirən şəxslərə də şamil edilir.

Vəkillərə və hüquqi xidmətlərə çıxış

1. Hər kəs öz hüquqlarını qorumaq, təsbit etmək və onları cinayət prosesinin bütün mərhələlərində müdafiə etmək üçün seçdiyi vəkilin köməyinə müraciət etmək hüququna malikdir.

2. Hökumətlər irqi, rəngi, etnik mənşəyi, cinsi, dili, dini, siyasi və ya digər əqidəsi, milli və ya sosial mənşəyi, mülkiyyəti, doğumu, iqtisadi və ya digər vəziyyətinə görə ayrı-seçkilik etmədən ərazisində olan və onların yurisdiksiyasına tabe olan bütün şəxslər üçün vəkillərə səmərəli və bərabər çıxış üçün səmərəli prosedurları və ehtiyaclarını qarşılayacaq mexanizmləri təmin etməlidirlər.

3. Hökumətlər yoxsullara və zərurət yarandıqda digər imkansız şəxslərə hüquqi xidmətlər üçün kifayət qədər maliyyə və digər resursları təmin etməlidirlər. Vəkillərin peşəkar birlikləri xidmətlərin, vasitələrin və digər resursların təşkili və təmin edilməsində əməkdaşlıq etməlidirlər.

4. Hökumətlər və vəkillərin peşəkar birlikləri qanunla müəyyən edilmiş hüquq və vəzifələri, vəkillərin əsas azadlıqlarının qorunmasında mühüm rolu barədə ictimaiyyəti məlumatlandırmaq üçün proqramlar hazırlamalıdırlar. Yoxsullara və digər imkansız şəxslərə yardım edərkən, onlara öz hüquqlarını müdafiə etmək və lazım gəldikdə vəkillərin köməyinə müraciət etmək imkanı verilməsinə xüsusi diqqət yetirilməlidir.

Cinayət mühakiməsində xüsusi təminatlar

5. Hökumətlər bütün şəxslərin həbs edildikdə, tutulduqda və ya cinayət törətməkdə ittiham edildikdə öz seçdikləri vəkildən kömək almaq hüququ barədə səlahiyyətli orqan tərəfindən dərhal məlumatlandırılmasını təmin etməlidirlər.

6. Vəkili olmayan həbs edilən, tutulan və ya cinayət törətməkdə ittiham edilən hər hansı şəxslər ədalət mühakiməsinin mənafeyinin tələb etdiyi bütün hallarda səmərəli hüquqi yardım verilməsi üçün cinayətin xarakteri ilə mütənasib təcrübəli və səriştəli bir vəkilin olması hüququna malikdirlər, bu şəxslərin belə xidmətlərin ödənilməsi üçün kifayət qədər vəsaiti olmadıqda, onlar ödənişsiz hüquqi yardımla təmin edilir.

7. Hökumətlər bundan əlavə, cinayət ittihamı ilə və ya cinayət ittihamı olmadan tutulmuş və ya həbs edilmiş bütün şəxslərin dərhal və hər bir halda tutulduğu və ya həbs edildiyi vaxtdan qırx səkkiz saatdan çox vaxt keçmədən vəkillə əlaqə saxlamaq hüququnu təmin etməlidirlər.

8. Bütün tutulan və ya həbs edilən şəxslərə vəkil tərəfindən ziyarət edilmək, təxirə salınmadan, dindirilmədən və ya senzura olmadan və tam məxfilik şəraitində onunla əlaqə saxlamaq və onunla məsləhətləşmək üçün adekvat imkanlar, vaxt və şərait təmin edilməlidir. Bu cür məsləhətləşmələr hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müşahidə oluna bilər, ancaq dinlənilə bilməz.

İxtisaslaşma və təlim

9. Hökumətlər, vəkillərin peşə birlikləri və təhsil müəssisələri vəkillərin müvafiq təhsil və təlimə malik olmasını və vəkillərinin idealları və etik vəzifələri, milli və beynəlxalq hüquq tərəfindən tanınan insan hüquqları və əsas azadlıqları barədə məlumatlı olmasını təmin etməlidirlər.

10. Hökumətlər, vəkillərin peşə birlikləri və təhsil müəssisələri vəkillik peşəsinə daxil olması və ya peşənin icrası ilə bağlı şəxsə qarşı edilən irqi, rəngi, cinsi, etnik mənsubiyyəti, dini, siyasi və ya digər əqidəsi, milli və ya sosial mənşəyi, mülkiyyəti, doğumu, iqtisadi və ya digər statusna görə ayrı-seçkilik istisna olmaqla, vəkilin ölkənin vətəndaşı olması tələbi ayrı-seçkilik hesab edilmir.

11. Hüquqi ehtiyacları təmin edilməyən qruplar, icmalar və ya regionların mövcud olduğu ölkələrdə, xüsusilə belə qrupların fərqli mədəniyyətləri, adət-ənənələri, dilləri olduğu və ya keçmişdə ayrı-seçkiliyin qurbanı olduğu hallarda, hökumətlər, peşəkar vəkil birlikləri və təhsil müəssisələri bu qruplardan olan namizədlərin hüquq peşəsinə girmə imkanlarını təmin etmək üçün xüsusi tədbirlər görməli və onların qruplarının ehtiyaclarına uyğun təlim almalarını təmin etməlidir.

Vəzifə və öhdəliklər

12. Vəkillər ədalət mühakiməsinin həyata keçirilməsinin əsas subyektləri kimi öz peşələrinin şərəf və ləyaqətini hər zaman qorumalıdırlar.

13. Vəkillərin müdafiə etdiyi şəxslər qarşısında vəzifələrinə aşağıdakılar daxildir:

(a) Müvəkkillərinə onların qanuni hüquq və öhdəlikləri, habelə müvəkkillərinin qanuni hüquq və öhdəliklərinə uyğun gələn hüquq sisteminin işinə dair məsləhətlərin verilməsi;

(b) Müvəkkillərinə hər cür yardım göstərmək və onların maraqlarını qorumaq üçün hüquqi tədbirlər görmək;

(c) Müvafiq hallarda məhkəmələr, tribunallar və ya əgər uyğundursa inzibati orqanlar qarşısında müvəkkillərinə yardım göstərmək.

14. Vəkillər müvəkkillərinin hüquqlarını qorumaqda və ədaləti təşviq etməkdə milli və beynəlxalq hüquqla tanınan insan hüquqlarını və əsas azadlıqlarını müdafiə etməyə çalışmalı və hər zaman qanuna, vəkillik peşəsinin standartlarına və etik qaydalarına uyğun olaraq sərbəst və səylə hərəkət etməlidirlər.

15. Vəkillər hər zaman öz müvəkkillərinin maraqlarına hörmət etməlidirlər.

Vəkillərin fəaliyyəti üçün təminatlar

16. Hökumətlər təmin etməlidirlər ki, vəkillər

(a) heç bir hədə-qorxu, maneə, təqib və ya qanunsuz müdaxilə olmadan öz bütün peşəkar funksiyalarını yerinə yetirə bilsinlər;

(b) həm öz ölkəsində, həm də xaricdə sərbəst hərəkət edə və müvəkkiləri ilə məsləhətləşə bilsinlər;

(c) müəyyən olunmuş peşə vəzifələrinə, standartlara və etikaya uyğun olaraq görülən hər hansı hərəkətə görə təqib və ya inzibati, iqtisadi və ya digər sanksiyalara məruz qalmamalı və ya təhdid edilməməlidir.

17. Vəkilin öz funksiyalarını yerinə yetirməsi səbəbindən təhlükəsizliyinə təhlükə yaranarsa, onlar səlahiyyətli orqanlar tərəfindən adekvat şəkildə qorunmalıdırlar.

18. Vəkillər öz funksiyalarını yerinə yetirmələri səbəbindən öz müvəkkilləri və ya müvəkkillərinn işləri ilə eyniləşdirilməməlidir.

19. Vəkil, ondan müvəkkil tərəfindən milli qanunvericiliyə, təcrübəyə və bu prinsiplərə uyğun olaraq imtina edilmədikcə, qarşısında çıxış etmək hüququnun tanındığı heç bir məhkəmə və ya inzibati orqan tərəfindən bu orqanlar qarşısında çıxış etmək hüququndan məhrum edilə bilməz.

20. Vəkillər məhkəmə, tribunal və ya digər hüquqi və ya inzibati orqan qarşısında yazılı və ya şifahi çıxışlarında və ya peşəkar çıxışlarında vicdanla verdiyi müvafiq bəyanatlara görə mülki və cinayət toxunulmazlığına malikdirlər.

21. Səlahiyyətli orqanların sahibliyində və ya nəzarətində olan məlumatları, faylları və sənədləri vəkillərin müvəkkillərinə səmərəli hüquqi yardım göstərmələrini təmin etmək üçün kifayət qədər müddətdə təmin etmək səlahiyyətli orqanların vəzifəsidir.

22. Hökumətlər vəkillər və onların müvəkkilləri arasında peşəkar münasibətlər çərçivəsində olan bütün ünsiyyətin və məsləhətləşmələrin məxfiliyini tanımalı və hörmət etməlidirlər.

İfadə və birləşmək azadlığı

23. Digər vətəndaşlar kimi vəkillərin də ifadə, vicdan, birləşmək və toplaşmaq azadlığı hüququ vardır. Xüsusilə, onlar qanuna, ədalət mühakiməsinin həyata keçirilməsinə və insan hüquqlarının təşviqi və müdafiəsinə aid məsələlərin ictimai müzakirəsində iştirak etmək və qanuni hərəkətlərinə və ya qanuni təşkilatlara üzvlüyünə görə peşə məhdudiyyətlərinə məruz qalmadan yerli, milli və ya beynəlxalq təşkilatlara qoşulmaq və ya yaratmaq, onların iclaslarında məhdudiyyət olmadan iştirak etmək hüququna malikdirlər. Bu hüquqlardan istifadə edərkən vəkillər qanuna və vəkillik peşəsinin tanınmış standartlarına və etikasına uyğun davranmalıdır.

Vəkillərin peşəkar birlikləri

24. Vəkillər öz maraqlarını təmsil etmək, davamlı təhsil və təlimlərini təşviq etmək və peşəkar keyfiyyətlərini qorumaq üçün müstəqil peşə birlikləri yaratmaq və onlara üzv olmaq hüququna malikdirlər. Peşəkar birliklərin icra orqanı onun üzvləri tərəfindən seçilir və öz funksiyalarını kənar müdaxilə olmadan həyata keçirir.

25. Vəkillərin peşəkar birlikləri hər kəsin hüquqi xidmətlərə səmərəli və bərabər çıxışını təmin etmək və vəkillər qanuna və qıbul olunmuş peşəkar standartlara və etikaya uyğun olaraq, qanunsuz müdaxiləyə məruz qalmadan öz müvəkkillərinə məsləhət və yardım təmin etmək üçün hökumətlərlə əməkdaşlıq etməlidir.

İntizam tədbirləri

26. Vəkillərin peşə davranışı kodeksi milli qanunvericiliyə, adət-ənənələrə, tanınmış beynəlxalq standartlara və normalara uyğun olaraq vəkillərin peşəkar birliklərinin müvafiq orqanları vasitəsilə və ya qanunvericiliklə müəyyən edilir.

27. Vəkillərə qarşı öz peşə fəaliyyəti ilə bağlı irəli sürülən ittihamlar və ya şikayətlərə müvafiq prosedurlar əsasında tez və ədalətli şəkildə baxılmalıdır. Vəkillər ədalətli məhkəmə araşdırması hüququna, o cümlədən seçdikləri vəkildən yardım almaq hüququna malikdirlər.

28. Vəkillərə qarşı intizam icraatı məsələsi vəkillərin peşəkar birlikləri tərəfindən yaradılmış qərəzsiz intizam komitəsi, müstəqil hüquqi orqan və ya məhkəmə qarşısında qaldırılır və bu proses müstəqil məhkəmə nəzarəti altındadır.

29. Bütün intizam tədbirləri peşəkar davranış kodeksinə və vəkillik peşəsinin digər qəbul edilmiş standartlarına və etikasına uyğun olaraq və bu prinsiplər nəzərə alınmaqla müəyyən edilir.

Qeyd: “Vəkillərin Roluna Dair Əsas Prinsiplər” ingilis dilindən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin III kurs tələbəsi Günel Şirinova tərəfindən tərcümə edilib, Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov tərəfindən redaktə edilib.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla