AZ

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Musa Quliyev gündəliyə üç məsələnin daxil edildiyini, qanun layihələrinin uyğunlaşdırma xarakteri daşıdığını söyləyib. Əvvəlcə komitə sədri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Musa Quliyev Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim edilmiş layihədə ümumilikdə 3 məcəllədə və 5 qanunda dəyişikliklər edildiyini deyib və komitənin səlahiyyət dairəsinə aid olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif olunan dəyişiklikləri diqqətə çatdırıb.

Bildirilib ki, qanunun 38-ci maddəsində “dövlət monitorinqi” sözləri “monitorinq” sözü ilə əvəz olunur. Bununla yanaşı, qanuna yeni 38.4-cü maddənin əlavə edilməsi nəzərdə tutulur. Əlavəyə əsasən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir. Müzakirələr zamanı komitə üzvləri Vüqar Bayramov, Jalə Əliyeva, Arzu Nağıyev məsələ barədə fikirlərini açıqlayıblar. Sonra komitə sədri Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.

Qeyd olunub ki, layihədə təklif olunan dəyişikliklər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə uyğun olaraq hazırlanıb. Həmin qanuna təklif olunan dəyişiklikdə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatının elektron qaydada aparılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə 7-ci maddənin 2-2-ci hissəsinin və 49-cu maddənin 1-2-ci hissəsinin istisnasız olaraq bütün məhdud məsuliyyətli cəmiyyətlərə şamil edilməsi təmin olunur. Mülki Məcəllədə isə qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasının məhdudlaşdırılması ilə bağlı tələbin digər hüquqi şəxslərə də aid edilməsi nəzərdə tutulur.

Sonra iclasda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) nəzərdən keçirilib. Komitə sədri bildirib ki, layihə “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılma məqsədilə hazırlanıb. Sənəddə müvafiq sahəvi qanunla əhatə olunan sosial müdafiəyə ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin “Təhsil haqqında” Qanunun 14.8-1-ci maddəsi ilə tənzimlənməsi təsbit edilir.

Bu məsələ ilə bağlı deputatlar İlham Məmmədov, Arzu Nağıyev, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev öz fikir və qeydlərini nəzərə çatdırıblar.

Deputatlar hər üç qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

 

Seçilən
20
1
Mənbələr
Şərh ()
Bağla