AZ

Entso Fernandes əməliyyat olundu, mövsümü erkən başa vurdu

İngiltərənin “Çelsi” klubunun argentinalı mərkəz yarımmüdafiəçisi Entso Fernandes qasıq yırtığından əməliyyat edilməyə razılıq verib.

Arena.az bu barədə jurnalist Qaston Edula istinadən məlumat verir.

Entso Fernandesin mövsümün qızğın çağında verdiyi bu qərarın arxasında iyunun 20-də Amerika Birləşmiş Ştatlarında başlayacaq Amerika Kubokunda Argentina yığmasının heyətində iştirak etmək məqsədi dayanır.

Mənbənin məlumatına görə, dünən, aprelin 25-də baş tutmuş əməliyyatdan sonra futbolçunun sağalma müddəti təxminən üç həftə çəkəcək. Beləliklə, Fernandes mövsümün qalan hissəsini buraxacaq.

Xatırladaq ki, daha əvvəl mətbuatda, bu zədənin son bir ayda Entso Fernandesi narahat etdiyi barədə məlumat yayılmışdı. Amma konservativ müalicənin yarımmüdafiəçiyə kömək etmədiyi vurğulanır.

Entso Fernandes Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Bir müddət “Defensa”da icarə keçmiş Fernandesi “River Pleyt” “Benfika”ya satıb. 2023-cü ilin yanvarın 31-də isə “Çelsi” Fernandesi 121 milyon avro müqabilində “Benfika”dan öz düşərgəsinə qatıb. Argentinalı futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “zadəganlar”ın heyətində 40 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.

Entso Fernandes 2022-ci ilin sentyabrında debüt etdiyi Argentina yığmasının heyətində 21 oyuna 4 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Yarımmüdafiəçi Argentina yığması ilə 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı argentinalı mərkəz yarımmüdafiəçisi Entso Fernandesin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla