AZ

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Çində

Bakı, 26 aprel, AZƏRTAC

Pekinin 18-ci Beynəlxalq Avtomobil Sərgisi - “Auto China 2024” öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu il Pekin avtosalonunda dünya markalarının 117 yeni modeli və 41 avtomobil konsepti təqdim olunur. Sərgidə ümumilikdə 278 elektromobil modeli nümayiş etdirilir.

ÇXR Avtomobil Sənayesi Assosiasiyasının (CAAM) məlumatına görə, 2023-cü ildə Çin 4,91 milyon ədəd avtomobil ixrac edib. Bu istiqamətdə müşahidə olunan kəskin artım ötən il yaşıl enerji daşıyıcıları ilə çalışan nəqliyyat vasitələri ixracının 77,6 faiz çoxalaraq 1,2 milyon ədədə çatması ilə bağlıdır. Ötən illə müqayisədə tam elektrik mühərrikli avtomobillərin ixracında 80,9 faiz, hibrid mühərrikli avtomobillərin ixracında isə 47,8 faiz artım qeydə alınıb.

2023-cü ildə elektromobil istehsalı və satışı illik müqayisədə müvafiq olaraq 35,8 faiz və 37,9 faiz artaraq 9,58 milyon və 9,49 milyon ədədi ötüb. Onun bazardakı payı 31,6 faiz təşkil edib.

Ötən il Çində avtomobillərin istehsal və satış həcmi müvafiq olaraq 30,16 milyon (11,6 faiz çox) və 30,09 milyon (12 faiz çox) ədədə çatıb. 2024-cü ildə alternativ enerji mənbələri ilə çalışan nəqliyyat vasitələrinin satışlarının 11,5 milyon ədədə çatacağı, avtomobil ixracının isə 5,5 milyon ədədi ötəcəyi proqnozlaşdırılır.

 

 

 

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla