AZ

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” XIII respublika müsabiqəsində uğurla iştirak edərək qızıl və bürünc medala sahib olan şagirdlərlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə institutun baş direktoru Vaqif Fərzəliyev qeyd edib ki, bu günün şagirdi, sabahın alimləri ilə belə görüşlərin keçirilməsinin əsas məqsədi elmlə təhsilin vəhdətinin daha da gücləndirilməsi, məktəblərlə əlaqələrin daha da genişləndirilməsi çərçivəsində istedadlı şagirdlərdə fundamental-tətbiqi elmi tədqiqatların aparılmasına marağın yaradılmasıdır: “Fitri istedadı olan şagirdlərdə aşağı yaş qruplarından başlayaraq elmə marağın yaradılması üçün məktəblərlə birgə iş aparmaq lazımdır. Kimya, biologiya kimi qavranılması bir qədər çətin olan təbiət fənlərinin maraqlı tərəfi laboratoriya təcrübələrinin aparılmasıdır. Şagirdlərə dərsləri təcrübə əsasında tədris edəndə həmin fənlərə maraq oyanır və sevməyə başlayırlar. Eyni zamanda, hər hansı elmi ideyalar da xüsusi maraqdan yaranır”.

V.Fərzəliyev məktəblilərin elmə həvəsləndirilməsi üçün Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Sabahın alimləri” respublika müsabiqəsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib: “2014-cü ildən Aşqarlar Kimyası İnstitutu təkcə bu müsabiqə çərçivəsində indiyə qədər həm paytaxt, həm də regionlarda yerləşən bir çox məktəblərlə əməkdaşlıq edib. Nəticə etibarilə şagirdlərin institut laboratoriyalarında yerinə yetirdikləri layihələr həmin müsabiqə və beynəlxalq bilik yarışlarında qalib olub. Əvvəllər Bakı şəhəri 251 saylı məktəbin şagirdləri Türkiyənin İzmir şəhərində keçirilən OKSEF yaradıcı gənclərin elmi müsabiqəsində bürünc, Mingəçevir məktəbliləri isə həm OKSEF müsabiqəsində gümüş və bürünc, 2022-ci ildə isə “Sabahın alimləri” müsabiqəsində bürünc medal sahibi olublar”.

O, bu ilin daha uğurlu olduğunu deyib: “İnstitutun icraçı direktoru professor Əfsun Sucayevin elmi rəhbərliyi ilə Dünya Məktəbinin 10-cu sinif şagirdləri Səid Aslanov və İbrahim Allahvediyevin "Fizioloji fəal üzvi birləşmələr" laboratoriyasında “Alzeymer xəstəliyinə qarşı yeni nəsil enzim-izoenzim inhbitorların yaradılması” mövzusunda yerinə yetirdikləri layihə müsabiqənin qızıl medalına layiq görülüb. İnstitutun elmi işçiləri Könül Qəhrəmanova və Aygün Alməmmədovanın elmi rəhbərliyi altında Bakı şəhəri 6 saylı tam orta məktəbin XI sinif şagirdləri Elmira Kazımova və Aysu Mustafazadə “Neftlə çirklənmiş torpaqların və su hövzələrinin biofitoremediasiya üsulu ilə təmizlənməsi” mövzusu üzrə yerinə yetirdikləri elmi layihə isə bürünc medala layiq görülüb”.

Professor Əfsun Sucayevin sözlərinə görə, qalib şagirdlərdən biri - Səid Aslanov Aşqarlar Kimyası İnstitutunun əsasın qoyan dünyaşöhrətli alim Əli Quliyevin nəticəsidir. Bu şagirdlər ABŞ-nin "Society for Science" təşkilatı tərəfindən təşkil olunan İSEF - Beynəlxalq Elm və Mühəndislik sərgisində ölkəmizi təmsil edəcəklər.

Laboratoriya rəhbəri professor Pərvin Məmmədova və layihə rəhbəri Könül Qəhrəmanova qalib şagirdlər haqqında öz fikirlərini bölüşüblər. Qeyd edilib ki, bu şagirdlərin həm çalışqan, həm də istedadlı olmaları onların fərqlənməsində əsas rol oynayıb.

Sonda qalib şagirdlərə institutun diplomları təqdim olunub.

 

 

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla