AZ

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Azərbaycan

Bakı, 26 aprel, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli Özbəkistanda elmi ezamiyyətdə olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, B.Əhmədli Fərqanə Dövlət Universitetində cədidlərə həsr olunmuş konfransda iştirak edərək “İsmayıl bəy Qaspıralı və Azərbaycanda cədidçilər hərəkatı” mövzusunda məruzə edib. O, həmçinin universitetin Filologiya fakültəsinin tələbələrinə və magistrlərə müxtəlif mövzularda mühazirələr oxuyub. Onun “Türk dünyasında modernləşmə hərəkatı”, “Özbək cədidçiləri və Azərbaycan maarifçilərinin ortaq cəhətləri”, “İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik formulu yeni dönəmdə”, “Ədəbiyyat və repressiya; sovet mexanizminin ədəbiyyata nəzarət mexanizmlərinin gerçəklikləri” mövzularında mühazirələri tələbələr və magistrlər tərəfindən maraqla qarşılanıb. Konfransda Türkiyə və Özbəkistanın müxtəlif universitetlərindən alimlər iştirak ediblər.

Bundan əlavə, professor B.Əhmədli Özbəkistan Milli Universitetinin rektor yardımçısı Həmidulla Baltabayevin dəvəti ilə bu ali məktəbin Filologiya fakültəsində “Türkçülüyün üçlü formulu” mövzusunda mühazirə oxuyub. Mühazirədə universitetin müəllimləri də iştirak ediblər.

B.Əhmədli hər iki universitetlə türk dünyasının inteqrasiyası mövzusunda bundan sonra da yeni mühazirələrin oxunması ilə bağlı razılığa gəlib.

 

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla