AZ

İqtisadi artım üçün nə edilməlidir?

Pərviz Heydərov yazır...

Cari ilin birinci rübünün ölkə iqtisadiyyatı üçün yaxşı başladığı hələ yanvar ayından özünü göstərmişdi. İqtisadiyyat naziri Mikayıl Cabbarov da bu ilin uğurla start götürdüyünü qeyd etmişdi. Bunu rübün yekunları da göstərdi. İlk rüb ərzində həm ÜDM istehsalında müsbət dinamika davam edib, həm də dövlət büdcəsi üzrə icrada artıq nəticələr əldə edilib. 

Bütün bunlara da səbəb, keçən ilin yekunları hesab edilir.

Statistika Komitəsinin məlumatına əsasən, bu ilin birinci rübündə ölkədə 29 milyard 96,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox ÜDM istehsal olunub ki, qeyri-neft-qaz sektoru 6,7% artaraq 18,7 milyard manat təşkil edib. 

2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon 300 min manat, xərcləri isə 8 milyard 412 milyon 600 min manat təşkil etməklə, 821 milyon 700 min manat profisit əldə edilib. Dövlət Neft Fondundan transfert nəzərə alınmasa büdcə gəlirləri 12,9% çox icra edilməklə 6039,0 milyon manat təşkil edib.

Ümumiyyətlə, 2024-cü ilin ilk rübü ərzində dövlət büdcəsi gəlirləri 8 milyard 544 milyon 800 min manat proqnoza qarşı 9 milyard 234 milyon 300 min manat təşkil edib ki, bu da proqnozla müqayisədə 689 milyon 500 min manat və ya 8,1%, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədəsə 11,4 % və ya 944 milyon 300 min manat çox deməkdir.

Ancaq burada bir nüans var, belə ki, ötən ilə nisbətən neft-qaz sektorundan fərqli olaraq qeyri-neft-qazdan vergilər xətti ilə büdcəyə daha çox vəsait daxil olub. Belə ki, cari ilin ilk 3 ayı ərzində dövlət büdcəsi gəlirlərində neft-qaz sektoru üzrə vergi orqanlarının xətti ilə daxilolmalar 1 milyard 367 milyon 300 min manat təşkil edibsə, ötən il bu rəqəm 2 milyard 284 milyon manat idi. 

Bu, 42%-dək azalma deməkdir.

Qeyri-neft-qaz sektoruna gəldikdə isə 2024-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinə 2 milyard 914 milyon 400 min manat daxil olub ki, ötən ilin eyni aylarında isə bu rəqəm 2 milyard 615 milyon 500 min manat təşkil edirdi. Söhbət, Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmadan gedir.

Bu isə 11,4% çox deməkdir.

Diqqəti yönəltmək istədiyim məqam odur ki, neft-qazdan gəlirlər azalmaqda olduğu halda qeyri-neft-qazdan artır. Bu, müsbət haldır. Mənfi cəhət budur ki, birinci üzrə sürət ikincidən daha çox təşkil edir. Yəni, 42%-dək azalma müqabilində 11,4 % artım qeyri-mütənasibdir. 

Bu temp dövlət büdcəsinin hazırkı icra vəziyyətindəki qənaətbəxş görüntüyə nə vaxtsa xələl gətirə bilər.

Sual yaranır ki, bəs, nə etməli?

Girişdə qeyd etdim ki, birinci rübdə uğurlu başlanğıcın əsasında ötən ilin yekunları dayanır. Ümumiyyətlə, əvvəlki yazılarımın birində də qeyd etmişdim ki, dövlət büdcəsinə proqnozdan artıq gəlirlərin əldə olunmasında ölkədə iqtisadi artımın, yəni istehsalın artması - yeni istehsal, iş yerlərinin açılması və məşğulluğun genişlənməsi mühüm rol oynamalıdır.

Yeri gəlmişkən, 2019-cu ildən bəri pandemiya ilini (2020-ci il) çıxmaq şərtilə ölkədə hər il iqtisadi artım qeydə alınıb. 2019-da iqtisadiyyat 2,2% artmışdısa, 2020-də 4,3%-lik tənəzzüldən sonra 2021-də 5,6%, 2022-ci ildə 4,6%, ötən il isə 1,1% artıq ÜDM əldə olunub.

Elə buna nəzərən də, İqtisadiyyat naziri Mikayıl Cabbarov demişdi ki, neft-qaz hasilatının proqnoz ediləndən artıq enməsi, həmçinin bu sahəyə dair dünya bazarlarında konyunktur şərait ÜDM-in nominal səviyyəsinə təsir göstərsə də, son illər ərzində ölkədə qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri artımda dayanıqlığı qoruyub saxlamağa imkan verib.

Qeyri-neft-qaz sektorunun gələcək inkişafına gəldikdə isə bu istiqamətdə həm hüquqi, həm də praktik sahədə hökumət böyük işlər görüb və görür, müvafiq addımlar atır. Təbii ki, bütün bunlar da öz nəticəsini göstərir. Belə ki, qeyri-neft-qaz sektoru üzrə istehsal və ixrac artır. 

Ölkə üzrə ÜDM istehsalını ayaqda saxlayan məhz bu faktordur. Hər rübdə və ildə nə artım baş verirsə bilavasitə qeyri-neft-qaz sektorunun hesabına olur.

Lakin bu, kifayət deyil. Qənaətbəxş vəziyyət o vaxt əldə olunmuş sayılacaq ki, qeyd olunan sektor üzrə ixrac həcmimiz 50%-ə çatacaq. Bunun üçünsə iqtisadiyyatın liberallaşdırılması daha dərin və geniş həyata keçirilməlidir. Çünki qeyri-neft-qaz sektorunun inkişafı vaxt tələb edən məsələdir. 

İqtisadiyyatda rəqabət imkanları genişləndirilməlidir.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla