AZ

“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”

Son vaxtlar mediada intihar xəbərlərinin işıqlandırılmasının mənfi nəticələrə səbəb olduğu, insanlarda qorxu, ümidsizlik, gərginlik yaratdığı ilə bağlı ictimai müzakirələr aparılır. Bu cür xəbərlərin bəzi şəxsləri intihara təhrik edə biləcəyi də səslənən ehtimallar sırasındadır.

 

Maraqlıdır, intihar xəbərləri intihara meyilli olan hər hansı bir şəxsin içində bu hissi yenidən oyada, onu həqiqətən də intihara sövq edə bilərmi?

 

Tanınmış psixoloq Samirə Bağırova Moderator.az-a açıqlamasında mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Əsrlər keçməsinə baxmayaraq, kriminal hadisələr, xəbərlər insanların marağına səbəb olur. Cəmiyyət üçün təhlükəlidirmi bu tərz xəbərlər? Gec- gec danışıldığı halda daha təsirli və ehtiyatlı davranma  hissi yaradır. Tez - tez paylaşıldığı halda təbliğat roluna girir və baş vermiş ağır kriminal, ölüm hadisələri adiləşir. İnsanlarda soyuqqanlılıq, mərhəmət hissinin azalmasına, aqresivliyinə səbəb ola bilir.

 

Doomscroll sindromu pandemiya sonrası geniş yayılmış şəkildə üzə çıxdı. Doomscrolling psixoloji pozuntu olaraq neqativ, kriminal, panika, gərginlik, stress, depresiya hissi yaradan hadisələrə meyilli olanlarda rast gəlinir. Bu sindromda olan insan yaxşı düşünə bilmir. Gözü və qulağı ancaq neqativ xəbər axtarır. Hətta məhz bu xəbərlər səbəbindən pis vərdişlərə də  qurşana bilir.

 

Sosial şəbəkələrdəki xəbərlər insanları manipulyasiya edən başlıqla paylaşılır. Onun məqsədi reytinqdir, amma nə qədər intiharların, şiddətin, narkomanlığın və digər neqativlərin səbəbkarı olması nə mediyaya, nə də kimsəyə maraqlı deyil. Burada manipulyasiyaya məruz qalmamaq izləyicinin üzərinə düşə bilər, amma hər kəs  beynini qoruya bilsəydi adiləşmiş kriminallar baş verməzdi. Kimliyindən və sahəsindən asılı olmayaraq, burada mənəviyyat artıq rol oynayır. Çox faiz reklam, reytinq düşünən təşkil etdiyindən belə nəticəyə gəlmək olur ki, mənəviyyat ölmək üzrədir”.

 

Seymur ƏLİYEV

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla