AZ

Cokoviç Madrid turnirini də buraxacaq

Dünyanın 1-ci raketkası, serb Novak Cokoviç İspaniyanın paytaxtı Madriddə aprelin 24-ü – mayın 5-i aralığında keçiriləcək ATP 1000 turnirindən çəkilib.

Onun bu qərarının səbəbi məlum deyil. Cokoviçin turnirin əsas torundakı yerini 19 yaşlı Lüka van Aş tutacaq. Fransa təmsilçisi dünya sıralamasında 99-cu pillədə qərarlaşıb. Xatırladaq ki, Cokoviç ötənilki Madrid turnirini də buraxmışdı. Serb ulduz builki Monte-Karlo turnirində 1/4 finala qədər irəliləsə də, həmin mərhələdə norveçli Kasper Ruuda uduzub (4:6, 6:1, 4:6).

Amma Cokoviç karyerasınının sonuna qədər, heç olmasa, bir dəfə Rafael Nadala qarşı oynayacağını ümidli olduğunu etiraf edib:

“Rafaya çox hörmət edirəm, o, yaxşı adam və bizim idman növünün əfsanəsidi. Bütün bu müddət ərzində əsas rəqibimdi. Mövsümün əvvəlində demişdim ki, onu bir neçə turnirdə görəcəyimə və heç olmasa, bir dəfə qarşılaşacağımıza ümid edirəm”.

37 yaşlı ispaniyalı Nadal aprelin 17-də Barselonada keçirilən ATP 500 seriyalı turnirin ikinci mərhələsində avstraliyalı Aleks de Minaura uduzub - 5:7, 1:6.
Bu arada Cokoviçlə ispaniyalı qadın futbolçu Aytana Bonmati “Laureus” versiyası üzrə ilin idmançısı sayılıb. 36 yaşlı serb bu mükafatı 5-ci, 26 yaşlı ispaniyalı isə ilk dəfə qazanıb. Rəsmi mükafatlandırma mərasimi Madriddə keçirilib. Mərasimdə “ilin sıçrayışı” mükafatı “Real”ın futbolçusu Cud Bellingemə təqdim olunub. Niderlanddan olan Dide de Qroot “ilin paralimpiyaçısı”, İspaniyanın qadınlardan ibarət futbol yığması “ilin komandası”, amerikalı gimnast Simona Baylz “ilin dönüşü” mükafatına sahib çıxıb. 2023-cü ildə ilin idmansını mükafatına argentinalı futbolçu Lionel Messi ilə yamaykalı yüngül atlet Şello-Enn Freyzer-Prays layiq görülmüşdü.
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla