AZ

Aylardır davam edən söhbət bu həftə bağlanacaq?

Həftəsonu diqqətlər Qəbələyə yönələcək.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan meydan sahibləri digər bölgə təmsilçisi “Kəpəz”i qəbul edəcək.

Oyunun hansı məcrada keçəcəyini, 90 dəqiqə ərzində nələrin yaşanacağını indidən təsəvvür etmək çətin deyil.

Gəncəlilər üstündür

Cari mövsümdə komandalar arasında baş tutan şəxsi oyunlarda gəncəlilərin üstünlüyü var. “Sarı-göylər” Qəbələdə 3:0 və 2:1 hesablı qələbələrə sevinib. “Qəbələ” isə Gəncədə 1:0 hesabı ilə üstün olub. İndiki məqamda Adil Şükürovun rəhbərlik etdiyi kollektiv qələbə sayında və top fərqində üstündür.

Udsalar, söhbət bağlanacaq

Turnir cədvəlindəki vəziyyətə baxanda “Kəpəz”in elitadakı yerini böyük ölçüdə qoruduğunu demək olar. Qərb təmsilçisi 31 xalla 9-cu, “qırmızı-qaralar” 17 xalla sonuncudur. İndiki anda arada 14 xal fərq var.

Bu o deməkdir ki, “Qəbələ” bu matçı 3 xalla başa vura bilməsə, növbəti turlardakı nəticələrdən asılı olmayaraq, “Kəpəz”in elitadakı yerini qoruması rəsmiləşəcək.

Yox, Kaxaber Tsxadadzenin komandası yekunda gülən tərəf olsa, xal fərqi 11-ə enəcək ki, hədəfə çatmaq üçün qarşıdakı 4 oyunda gəncəlilərə bir qələbə kifayət edəcək.

Ciddi itkilər var

Qonaqlar bu oyuna ciddi itkilərlə çıxacaq. Komandanın “ürəy”i Georgi Papunaşvili “Səbail”lə dueldə aldığı ağır zədəyə görə kollektiv çalışmalardan uzaq düşüb.

Adil Şükürovun güvəndiyi hücumçu Amil Yunanov da eyni səbəbdən oynaya bilməyəcək. Ötən həftə “Sabah”la qarşılaşmada meydana çıxmayan Ehtiram Şahverdiyevin durumu yaxşıya doğru dəyişsə də, “11-lik”də yer alıb-almayacağına baş məşqçi qərar verəcək.

“Qəbələ”də əməliyyat olunan Ülvi İsgəndərovla son vaxtlar zədədən əziyyət çəkən Samuel Tettehin forma geyinməyəcəyi dəqiqləşib.

Aprelin 28-də keçiriləcək “Qəbələ” – “Kəpəz” matçı saat 15:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla