AZ

Süfrəmizə qoyduğumuz ölümcül zəhər: Bu məhsulları Azərbaycana kimlər gətirir?

Kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq yüksək olub. 2019-2022-ci illər ərzində “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınmış yeni sortların 88,1%-93,0% intervalında olan hissəsi xarici sortlar olub. Bu da kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq səviyyəsinin nə dərəcədə yüksək olduğunu göstərir.

Qida məsələləri üzrə mütəxəssis, ekspert Ağa Salamov Publika.az-a bildirib ki, xarici sortlardan asılılıq böyük bəla ola bilər:

“Yerli sortların marağında olmalıyıq ki, bu sahəni genişləndirə bilək. Ənənəvi toxumların yetişdirilməsini artırmalıyıq. Buna həm də dövlət tərəfindən dəstək olmalıdır. Suvarma məsələsini gözardı etmək olmaz. Nəzərə alaq ki, istədiyimiz ənənəvi sortları əkmək və çoxaltmaq üçün Qarabağda münbit şərait var. Bura həm dənli bitkilər, həm də meyvə və tərəvəzlər aiddir. Ölkə başçısının dəniz suyunun saflaşdırılması ilə bağlı qərar və planları həyata keçdikdən sonra artıq su ilə bağlı problemlərimiz həll olunacaq. Eyni zamanda azad olunmuş ərazilərdə olan su ehtiyatlarımızın hesabına da suvarma apara bilərik”.

Ekspert bildirib ki, kənardan gələn məhsullar, toxumlar və ya hibrid toxumların nə orqanizmə, nə də cibimizə faydası var: “Çünki bu məhsullar müxtəlif pestisidlərdən hazırlanır. Bunlar da maliyyə baxımından xərcləri artırır və məhsulun baha satılmasına səbəb olur. Baha satılmaqla yanaşı, məhsullar faydalı olmur. Pestisid növləri olduqca çoxdur. Bu da insanlarda allergik reaksiyalara səbəb ola bilər. Pestisidlər kimyəvi olduğu üçün hüceyrələrlə reaksiyaya girir. Bu isə gələcəkdə insan orqanizmində müxtəlif xəstəlikləri törədə bilər. Artıq onlardan imtina etmək, ənənəvi sortları çoxaltmaq lazımdır”.

Dövlət Reyestrinə daxil edilən yerli sortlardan 2020-ci ildə 3 bitki üzrə 3 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 6 bitki üzrə 7 sort Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, 1 bitki üzrə 1 sort Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, 2021-ci ildə 2 bitki üzrə 9 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 2 bitki üzrə 3 sort Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, 2022-ci ildə 5 bitki üzrə 10 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 1 bitki üzrə 4 sort Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılıb. Buna baxmayaraq həmin sortların böyük əksəriyyətinə fermerlər tərəfindən bir qayda olaraq maraq göstərilməyib. Bu da sort yaratma prosesində istehlakçı fermer təsərrüfatlarının tələblərinin əsasən nəzərə alınmadığını, tələblərə uyğunluğu mövcud olan bəzi yeni sortların isə tanıtımı və istehsalının genişləndirilməsi ilə bağlı zəruri işlərin lazımi səviyyədə həyata keçirilmədiyini deməyə əsas verir.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov diqqətə çatdırıb ki, dünyada baş verən bu hadisələr hər bir ölkəni düşündürməlidir:

“Ölkələr özlərinin ərzaq təhlükəsizliyini təmin etmək üçün yeni toxum sortları yetişdirməlidirlər. Toxumçuluq elə sahədir ki, davamlı olaraq orada işlər görülməlidir. Yeni sortları yaradaraq həmin regiona uyğunlaşdırmaq lazımdır. Sahə üzrə alimlər, ekspertlər cəlb edilməlidir. Biz 30 ildir toxumçuluğun inkişaf etdirilməsinin lazım olduğunu deyirik. Hazırda toxumları idxal etdiyimiz ölkə, sabah bundan imtina edə bilər. Ona görə də bu, çox incə məsələdir. Toxumçuluq inkişaf etmədiyi üçün ciddi problemlər var. Yerli sortlardan asılılıq azdır”.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla