AZ

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Şöbə

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan əhalisi orta hesabla gün ərzində 74 qram əlavə şəkərdən istifadə edir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 24 qramdan təxminən üç dəfə artıqdır. 24 qram təxminən altı çay qaşığı deməkdir. Buna müxtəlif qida məhsullarının tərkibindəki şirniyyatları, sərinləşdirilmiş, şirinləşdirici və energetik içkiləri misal göstərmək olar.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) şöbə müdiri Rəşad Mehdizadə jurnalistlərə açıqlamasında söyləyib.

R.Mehdizadə bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlam qidalanmaya təşviqi, eyni zamanda, istehlakçıların maarifləndirilməsi istiqamətində daim silsilə tədbirlər həyata keçirilməkdədir. Agentlik fəaliyyətə başladığı dövrdən etibarən müxtəlif hədəf qrupları üçün belə sosial məsuliyyət layihələri reallaşdırır. “Şəkəri azalt, ömrünü uzat” layihəsi də bu çərçivədə icra olunan növbəti layihələrdəndir.

“Bu gün də layihə çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı, ADA Universitetinin dəstəyi ilə “Qida təhlükəsizliyi” simpoziumu keçirildi. Agentlik 2023-cü ilin dekabrında layihəyə start verib. Müxtəlif özəl təşkilatlar, ictimai xadimlər və vətəndaşlar layihədə yaxından iştirak ediblər. Layihə çərçivəsində iri ticarət mərkəzləri və supermarketlərdə agentliyin maarifləndirici sistemləri qurulub. Həmin sistemlər vasitəsilə istehlakçılar arasında bir sorğusu keçirilib və 2 775 nəfər sorğuda iştirak edib. Biz sorğu nəticələrinə nəzər yetirdikdə görürük ki, əhalinin böyük əksəriyyəti şəkər istehlakını ya kritik həddə, ya da normal həddə istifadə edir. Bu da artıq bizə müəyyən həyəcan təbili çalmağa imkan verir”, - deyə R.Mehdizadə əlavə edib.

Seçilən
13
2
Mənbələr
Şərh ()
Bağla