AZ

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİRamizə Məmmədli

Bakı, 26 aprel, Səbinə Mütəllim-zadə, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəbinin 11-ci sinif şagirdi, skripkaçı, çoxsaylı beynəlxalq və respublika müsabiqələri laureatı Ramizə Məmmədlidir.

Ramizə 272 nömrəli orta məktəbdə təhsil alır. Gənc skripkaçı musiqiçilər ailəsində dünyaya göz açıb və uşaqlıqdan musiqiyə maraq göstərib.

Ramizə deyir: “Qardaşım skripkada ifa edirdi. Onu görüb həvəsləndim, mən də bu alətdə ifa etməyi istədim. Bundan başqa, qardaşımın müəllimi, hazırda isə mənim də dəyərli pedaqoqum olan Gülnarə xanım Seyidova istedadımı gördü və valideynlərimə tövsiyə etdi ki, mən musiqi təhsili alım”.

Beləliklə, 2013-cü ildə Ramizə 21 nömrəli musiqi məktəbinə qəbul olundu. O vaxtdan istedadlı skripkaçı çoxlu sayda müsabiqələrin laureatı oldu, onların arasında Qazaxıstanda keçirilən respublika müsabiqəsində Qran-pri, illik “Legends of Autumn” beynəlxalq müsabiqəsində solo, duet, trio, ansambl nominasiyalarda 1-ci yer və Qran-Pri, “Testene Art Baku” müsabiqəsində 2-ci yer, “New Generation” beynəlxalq müsabiqəsində Qran-Pri və bir çox başqaları var.

Ramizə üçün ən yaddaqalan müsabiqə 2-ci yer aldığı Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Uşaq Yaradıcılıq Festivalı oldu.

“İkinci turdan sonra biz iştirakçılarla birlikdə Laçına getdik, orada Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş keçirildi. Oradan çox gözəl xatirələr və təcrübə ilə qayıtdım”, - deyə Ramizə qeyd edir.

Gənc skripkaçının sözlərinə görə, gələcəkdə də özünü skripkasız təsəvvür belə edə bilmir.

“Məqsədim musiqi məktəbini bitirdikdən sonra bu il Bakı Musiqi Akademiyasına qəbul olmaqdır, - deyə Ramizə qeyd edir. – Arzum isə Niyazi adına Dövlət Simfonik Orkestrdə çıxış etməkdir. Bu yolda həm ailəm, həm müəllimim Gülnarə xanım, həm də məktəbimizin direktoru hörmətli Məmməd müəllim Quliyev hər zaman mənə dəstək olublar, buna görə onlara dərin minnətdarlığımı bildirirəm!”

Söhbətdə Ramizənin müəllimi Gülnarə Seyidova da iştirak edir :Ramizə 1-ci sinifdən mənim sinfimdə təhsil alır. O çox mehriban, ünsiyyətcil, zarafatcıl və istedadlıdır. Təbii ki, bu istedad onun genlərindən gəlir. Ramizənin babası Füzulinin məşhur xanəndəsi Eldar Novruzov, atası isə xanəndə Eldəniz Məmmədovdur. Onu da deyim ki, hələ 2 yaşında olarkən və onun qardaşı Kamran mənim dərslərimə gələrkən, kiçik olmasına rəğmən anası ilə birgə dərslərimdə iştirak edir, qəribə maraqla bu prosesi izləyərdi. Ramizə 1-ci sinifdən bu günə kimi gəldiyimiz bu 11 illik dövr ərzində addım-addım bütün pillələrdən keçib, çalışqanlığı, musiqisevərliyi ilə istedadlı violin ifaçısı kimi inkişaf edib”.

Müəllimin sözlərinə görə, musiqini olduğu kimi duymaq, hiss etmək, əsərin dərinliyinə varmaq, musiqinin obrazlı təsvirini ifa vasitəsilə canlandırmaq kimi ifaçıya xas olan önəmli xüsusiyyətlərin hamısı Ramizəyə aid edilə bilər. O əlavə edir: “Bu qız öz texniki imkanlarını, zərif musiqi duyumunu hər zaman savadlı ifası ilə çatdırır. İfa zamanı musiqidə duyduğu bütün emosiyaları - sevinc, kədər, həyəcan, təlatüm dolu hissləri həm ruhi cəhətdən, həm də cismani olaraq çatdırmağı bacarır. Məktəbdaxili, eləcə də digər konsert səhnələrində keçirilən tədbirlərdə solo, duet və digər ansambl nömrələrində Ramizə şagirdlər arasında aparıcı qüvvədir. Savadlı konsertmeyster kimi öz qüsursuz ifası ilə digər şagirdləri də düzgün istiqamətə yönəldir. Nəticədə, həm səslənmə (intonasiya), həm də ritmik cəhətdən mükəmməl ansambl nömrələri yaranır”.

Gülnarə Seyidova vurğulayır ki, violin “alətlər kraliçası” adlandırılır, çünki onun səsi ən mükəmməl və cazibədar insan səsinə olduqca yaxındır. O qeyd edir: “Violin simli yayla çalınan alətlər arasında ən zərif və öyrənilməsi çox mürəkkəb alətdir. Bu aləti yüksək dərəcədə mənimsəmək, bacarıqlı bir ifaçı olmaq üçün iti eşitmə qabiliyyəti, əzələ həssaslığı, yüksək dərəcədə analitik bacarıq, böyük çalışqanlıq və zəhmətlə yanaşı, həqiqətən fitri istedada sahib olmaq lazımdır!”

 

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla