AZ

“İmişli”nin idman direktoru: “Hədəfimiz çempion kimi Premyer Liqaya yüksəlməkdir” – MÜSAHİBƏ

“İmişli” klubunun idman direktoru Tamerlan Bəkirzadənin İdman.biz saytına müsahibəsi

- I Liqada mövsümün sonuna 5 tur qalmış ikinci pillədə yer almısız. Əsas hədəfiniz nədir?

- Hazırda 2-ci pillədə olmağımıza baxmayaraq, hədəfimiz mövsümü çempion kimi Premyer Liqaya yüksəlməkdir. Gələcəyimizi formalaşdırmaq və məqsədlərimizə çatmaqda qərarlıyıq. Gənc istedadları meydanda, həmçinin kənarda kəşf etmək, cəmiyyətə dəyər qatmaq, davamlı klub strukturu yaratmaq və əlbəttə ki, futbol sahəsində böyük uğurlara nail olmaq istəyirik. Adımızı futbol dünyasında tanıtmaq üçün böyük bir potensialımız var.

- Onda növbəti mövsüm Premyer Liqada oynamağı planlaşdırırsız?

- Əlbəttə, çempion kimi növbəti mövsümdə Premyer Liqada oynamaq istəyirik.

- Premyer Liqada iştirak üçün lisenziyalaşdırma işləri nə yerdədir?

- Lazımı addımları uğurla tamamlamışıq. Proses zamanı komanda səfərbər oldu. Bütün tələb olunan meyarları həll etmişik. Bu mühüm işi uğurla başa vurduğumuz üçün qürur duyuruq.

- Bugünlərdə AFFA nümayəndəsi ilə bərabər UEFA stadion inspektoru Nebojsa İvkoviç Heydər Əliyev adına İmişli şəhər stadionunda olub. Görüşdə hansı söhbətlər oldu? Stadion standartlara cavab verirmi?

- İvkoviç stadionun lazımı kateqoriyaya yiyələnməsi və “İmişli”nin Premyer Liqaya yüksələcəyi təqdirdə arenanın UEFA standartlarına cavab verə bilməsi üçün lazımi tələblərini bizə çatdırdı. Tapşırıq və tövsiyələrini verdi. Serbiyalı mütəxəssislə keçirilən baxışda stadionun müasir və standartlara cavab verməsi üçün görüləcək işlərlə bağlı geniş müzakirələr apardıq.

- “İmişli”nin maddi-texniki bazası, oyunçuların keyfiyyəti Premyer Liqada çıxış etməyə uyğundurmu?

- "İmişli"nin maddi-texniki bazasının və futbolçuların Premyer Liqada çıxışa uyğun olub-olmamasını qəti şəkildə qiymətləndirmək hələ tezdir. Bilirik ki, bunun üçün tələb olunan standartlar kifayət qədər yüksəkdir və komandanın uğur qazanması üçün təkcə maddi və texniki infrastruktur yox, həm də istedadlı oyunçular, peşəkar texniki komanda, effektiv idarəetmə yanaşması olmalıdır. Hər şeyi nəzərə alacağıq.

- Komanda Premyer Liqaya yüksələrsə, hansı addımlar atılacaq?

- Premyer Liqa daha çox rəqabət və daha yüksək gözləntilər deməkdir. Təbii ki, bu səbəbdən bəzi dəyişikliklər olacaq.

- Bəs baş məşqçiniz Əsgər Abdullayevlə bağlı hansı qərarı verəcəksiz?

- Komandanı bugünkü nəticəyə Əsgər Abdullayev gətirib. Çempion olacağımız halda, onunla yolumuzu ayırmaqda bir məntiq görmürəm.

Emin Ağa
İdman.biz

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla