AZ

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur -MÜSAHİBƏ

Amerikalı

Bakı, 26 aprel, AZƏRTAC

“Xırdalan” komandasının amerikalı basketbolçusu Cailan Haslem AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünü dördüncü pillədə başa vurdunuz. Qarşıda komandanızı pley-off oyunları gözləyir. Çempionluq şansınızı necə qiymətləndirirsiniz?

- Yaxşı oyunlar keçirdik. Müntəzəm mövsümün son görüşündə “Cəlilabad”ı məğlub etdik. İnkişaf edirik. Çalışırıq ki, klub və azarkeşlərin yaddaşında qalaq. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq. Sonadək mübarizə aparacağıq.

- Sizcə, bu mübarizədə “Xırdalan”ın əsas rəqibi hansı komandadır?

- Açığı, rəqiblərə fərdi yanaşmaq istəmirəm. Liqadakı hər bir komanda rəqabətə davamlı oyun sərgiləyir. Sadəcə, yaxşı hazırlaşıb, öz gücümüzü göstərmək istəyirik.

- Siz NBA çempionu olmuş Udonis Haslem ilə əmioğlusunuz. Maraqlıdır, o, Azərbaycan çempionatının səviyyəsi barədə sizdən soruşubmu?

- Onun işləri çox olur. Buna görə də tez-tez əlaqə saxlaya bilmirik. Sosial şəbəkələrdə isə bir-birimizi izləyirik. Amma Azərbaycanda oynadığımı bilir. Buraya gəldiyim zaman mənə uğurlar arzulamışdı.

- Azərbaycana gələrkən ondan məsləhət almışdınız?

- Xeyr, onunla məsləhətləşməmişəm. Karyeramla bağlı qərarı ailəmlə birgə verirəm. "Xırdalan"a gəlmək düzgün seçim idi. Burada xoşbəxtəm.

- Hazırda Udonis Haslem “Mayami Hit” klubunun idman direktorudur. Necə düşünürsünüz, özünüzü yaxşı tərəfdən göstərib onun dəstəyi ilə NBA-da oynaya bilərsiniz?

- İnanıram ki, NBA-da çıxış edə bilərəm. Ancaq buna tam hazır olmaq lazımdır. Udonisin mənə kömək etməsi barədə nəsə deyə bilmərəm. Özüm çalışmalıyam. Zəhmətim hesabına irəli getməyi sevirəm.

- Bəs, siz niyə yaxın qohumunuz Udonis kimi güclü basketbolçu ola bilmədiniz?

- O, çox yaxşı oyunçu olub. Formasını geyindiyi komandalarda lider kimi mübarizə aparıb. Bunu bacarmaq çətin iş olsa da, Udonis öhdəsindən gələ bilib. Əlbəttə ki, onun kimi basketbolçu olmaq üçün daha çox çalışmalısan.

- Azərbaycanlı gənc basketbolçulardan kimləri bəyənirsiniz?

- Azərbaycan liqasında potensialı yüksək olan basketbolçular çoxdur. Bizim komandada Fikrət Ələkbərov, Əli Həsənov, Əli Maysərov və Hüseyn Əlizadənin adlarını çəkə bilərəm. Bundan əlavə, “Sabah”ın kapitanı Endər Poladxanlını da qeyd edərdim. O, istedadlı oyunçudur.

- Artıq bir müddətdir burada yaşayırsınız. Azərbaycan haqqında təəssüratlarınız necədir?

- Çox gözəl və fantastik ölkədir. Azərbaycanda olduğum anlardan zövq alıram. Hər kəs mənə çox yaxşı münasibət göstərir. Bakı isə möhtəşəm şəhərdir.

 

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla