AZ

Azərbaycanla Qırğızıstan arasında qarşılıqlı fəaliyyət getdikcə möhkəmlənir

“Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox bağlıdırlar. Bu iki xalq arasında münasibətlər qədim tarixə malikdir. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Qırğızıstanda 20 minə qədər azərbaycanlının yaşaması da iki xalq arasında isti münasibətlərin olmasından xəbər verir. Ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, iş adamları arasında da azərbaycanlılar çoxdur. Soydaşlarımız əsasən, Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar. İkitərəfli siyasi münasibətlər də yüksək səviyyədədir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı imzalanan sənədlər də bunu tədiqlədi”.

Bu fikirləri redaksiyamıza açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi Azərbaycanın xarici siyasətinin uğurlarından söhbət açaraq deyib ki, bu istiqamətdə atılan addımlar sırasında türkdilli dövlətlərlə əməkdaşlığın getdikcə möhkəmləndirilməsi diqqəti xüsusilə cəlb edir. Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir. Qırğız Respublikası ilə dövlətlərarası Şuranın ikinci iclası da uğurla keçdi. İmzalanmış sənədlər iki ölkə arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.

Çingiz Qənizadə hər iki ölkənin iqtisadi-ticari sahədə fəal əməkdaşlığından da söhbət açıb:

“Prezident İlham Əliyev də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanata bu məsələni vurğuladı. Qeyd etdi ki, ticarət dövriyyəsi dəfələrlə artır. Potensialın artması tendensiyası da mövcuddur. Azərbaycan–Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artıb. 100 milyon dollar da son hədd deyil. Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir”.

Hüquq müdafiəçisi dövlət başçımızn mətbuata bəyanatında energetika və nəqliyyat sahələrinin böyük potensialının olduğunun da diqqətə çatdırıldığını qeyd edib. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Davamlı əməkdaşlığın əsas meyarlarından biri də Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olmasının zəruriliyi qeyd edilib.

Qırğız xalqının dahi oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışının böyük mədəni hadisə olduğunu və açılış mərasimində Prezident İlham Əliyevin iştirakı iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının göstəricisidir.

Dövlətimizin başçısı qeyd etdi ki, Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışı dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Azərbaycan xalqı Çingiz Aytmatovun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyir.

“Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçiriləcəyi barədə də məlumat verilib. Bu, iki ölkə arasında əlaqələrin daha sıx tellərlə bağlanmasının göstəricisidir” - deyə Ç.Qənizadə bildirib.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla