AZ

"İndiki heyətimiz və şəraitimiz mövsümün əvvəlində olsaydı…"

«Qış fasiləsindən sonra keçirdiyimiz oyunlara və nəticələrə nəzər yetirsək, əminliklə bildirmək olar ki, komanda inkişafa nail olub».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin baş məşqçisi Elgiz Kərəmli deyib.

Qarabağ qazilərini təmsil edən klub I Liqada qalmağa iddialıdır. Yeni ildə bir sıra islahatlar aparan və heyətini gücləndirən «fədailər» hazırda 17 xala malikdir.

«Araz Saatlı»nı 7 xal qabaqlayan kollektivin çalışdırıcısı yaxın gələcəyə ümidlə baxır:

«Ötən müddətdə keçirdiyimiz oyunların yalnız üçündə məğlub olmuşuq. Onların da ikisi səfərdə olub və çempionluğa iddialılara uduzmuşuq.

Hərçənd layiqlı mübarizə aparmışdıq və qalib də gələ bilərdik. Son dəqiqələrdə buraxdığımız qollarla minimum 1 xalı əldən vermişik.

Xal cəhətdən bizə yaxın rəqiblərlə oyunlarda udmuşuq. Əsas rəqibimiz «Araz»dır, iki dəfə 4:0 hesablı qələbə qazanmışıq.

«Karvan», «Şamaxı», «Mingəçevir» kimi komandalardan səfərdə 1 xal almağı özümüz üçün üstünlük sayıram. Bizim əsas problemlərimiz birinci dövrəylə bağlı idi.

Böyük ölçüdə götürsək, birinci dövrəni demək olar oynamamışıq. Çünki komandanın durumu acınacaqlı idi.

Sadəcə, yaxşı mübarizə apara bilirdik, nəticəsi isə yox idi. Qazanmağa çətinlik çəkirdik.

Təcrübə azlığı sözünü deyirdi. «Difai» peşəkar çempionatda birinci ilini keçirir.

Tədricən inkişaf edirik və artıq ortabab komanda olmuşuq. İndiki heyətimiz və şəraitimiz mövsümün əvvəlində olsaydı, turnir cədvəlində ən azından beşinci yerdə idik.

Qarşıdan gələn beş tur bizim üçün çox önəmlidir. Düzdür, itkilərimiz var. lider oyunçularımızdan Əbil Əbilovla İlham Allahverdiyevin çiyni sınıb.

Onları itirmək bizim üçün çox üzücüdür. Yenə də hazırlaşırıq və bütün oyunlara 3 xal üçün çıxacağıq.

Ümid edirəm ki, turnir cədvəlində qonşu olduğumuz rəqiblər də bizdən çox uzaqlaşmaz. Əsas çempionatda yerimizi qorumaqdır.

İnanırıq ki, bu çətin yolun sonunda məqsədimizə çatacağıq».

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla