AZ

Təkliyinə çarmıxlanmış nəsil

Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanı haqqında

Markesin xüsusilə də bu romanındakı üslubu misilsizdir. Əsərdəki şirəli cümlələrin parıltısı gerçəkdən göz qamaşdırır. Əgər Folknerin cümləsi düzənlik boyu ağır-ağır irəliləyən nəhəng çayın təmkinli axışıyla müqayisə olunursa, Markesin şah əsərinin üslubu daşlara dəyə-dəyə şütüyən dağ çayına bənzədilir. Bir müsahibəsində müxbir ona belə bir “bic” sual da vermişdi: “Adama elə gəlir ki, sizin üslubunuz Folknerdən qaçmaqla  formalaşıb...”

Romanın sonuncu cümləsini isə bir çox azman ədəbiyyat xiridarı haqlı olaraq dünya nəsri tarixində ən parlaq final sayır. “Yüz ilin tənhalığı” Servantesin “Don Kixot”undan sonra ispan dilində yazılmış ən yaxşı roman hesab olunur.

Təxminən on il bundan qabaq çalışdığım ədəbi qəzetdə maraqlı bir rubrika açmışdıq. Həmin rubrikada redaksiyanın seçdiyi bir şeirin, yaxud nəsr parçasının bir neçə tərcümə variantı təqdim olunurdu. Tərcüməçiləri də redaksiya seçirdi. Onlar bir-birinin tərcüməsindən, təbii ki, xəbərsiz olurdular. Daha sonra tərcümələri nömrələyib münsifə göndərirdik. Aydındır ki, münsif də tərcüməçilərin kimliyindən, hansı variantın hansı tərcüməçiyə məxsus olduğundan xəbərsiz qalırdı.

Dəfələrin birində Qarsia Markesin dünya şöhrətli romanının ilk üç cümləsini seçib ədəbi ictimaiyyətin yaxşı tanıdığı peşəkar tərcüməçilərə göndərdik. Onların mətni rus dilindən çevirdiyini nəzərə alıb, məhz bu dildəki mətnə orijinal kimi istinad eləmişdik. Ədəbiyyat həvəskarları üçün maraqlı olar deyə həmin variantları diqqətə çatdırmaq istəyirəm.

Ruscası

Proydet mnoqo let, i polkovnik Aureliano Bugndia, stoə u stenı v ojidanii rasstrela, vspomnit tot dalekiy veçer, koqda oteü vzəl eqo s soboy posmotretğ na led. Makondo bılo toqda nebolğşim seleniem s dvumə desətkami xijin, vıstroennıx iz qlinı i bambuka na berequ reki, kotoraə mçala svoi prozraçnıe vodı po loju iz belıx otpolirovannıx kamney, oqromnıx, kak doistoriçeskie əyüa. Mir bıl ehe takim novım, çto mnoqie vehi ne imeli nazvaniə i na nix prixodilosğ pokazıvatğ palğüem.

Tərcümə 1

Çox-çox illər keçəcək, polkovnik Aureliano Buendia da güllələnməyini gözləyə-gözləyə divarın dibində dayanıb atasının onu özüylə buzu görməyə apardığı həmin uzaq axşamı xatırlayacaqdı. Onda Makondo şəffaf suları Nuh əyyamının yumurtaları kimi iri şümal ağ daşlardan ibarət yatağıyla şığıyıb gedən çayın kənarında gildən və bambukdan tikilmiş iyirmi daxmalıq kiçik qəsəbəydi. Dünya o qədər bakirəydi ki, çox şeyin adı yoxudu, onları eləcə barmaqla göstərmək lazım gəlirdi.

Nəriman Əbdülrəhmanlı

Tərcümə 2

Aradan illər keçəcək və divarın önündə dayanıb güllələnməyini gözləyən polkovnik Aureliano Buendia atasıyla buz parçasına baxmağa getdikləri o uzaq  axşamı xatırlayacaqdı. O vaxtlar Makondo dumduru suları iri, əfsanəvi əjdaha yumurtalarına bənzər ağappaq cilalı daşların arasıyla sürətlə axan çayın kənarında bambuk ağaclarından və gildən hörülmüş iyirmiyə yaxın dəyədən ibarət yaşayış yeriydi. Hələ dünya o qədər təzəydi ki, bəzi şeylərin adı belə yoxuydu və o şeyləri barmaqla göstərmək lazım gəlirdi.

Tahir  Kazımlı

Tərcümə 3

Uzun illər keçəcək, polkovnik Aureliano Buendia divara söykənib güllələnəcəyi anı gözlərkən, atasının onu  buza baxmağa apardığı o uzaq axşamı xatırlayacaq. O zaman, tarixdən öncəki əfsanəvi nəhəng yumurtalara bənzər parıltılı daşların arasıyla axıb gedən şəffaf sulu bir çayın sahilində Makondo gildən və bambukdan tikilmiş, təxminən iyirmi daxmalıq balaca bir kənd idi. Dünya o qədər təzə idi ki, çox şeyin hələ adı yoxuydu və çox şeyi barmaqla göstərmək lazım gəlirdi.

Zahid Sarıtorpaq

Tərcümə 4

Çox illər sonra polkovnik Aureliano Buendia divara söykənib güllələnməyini gözləyəndə atasının onu buza baxmağa apardığı o uzaq axşamı xatırlayacaqdı. O zaman gildən və bambukdan tikilmiş iyirmiyə yaxın komadan ibarət kiçik bir kənd olan Makondo, bəni-insandan da əvvəllərin nəhəng yumurtalarına oxşayan hamar ağ daşlarla dolu yatağıyla dumduru suları qıjıldayıb axan çayın kənarında yerləşirdi. Dünya o qədər bakirəydi ki, hələ çox şeyin adı yox idi və onları barmaqla göstərməli olurdular.

 Saday Budaqlı

Tərcümə 5

Çox illər keçəcək və güllələnmə intizarında divara söykənib durmuş polkovnik Aureliano Buendia atasının onu buza baxmağa apardığı həmin o uzaq axşamı xatırlayacaq. O zamanlar Makondo özünün şəffaf sularını çox qədim kələz yumurtaları qədər nəhəng bəyaz daşların bağrında açdığı cilalı yataqla çağladan çayın qırağında, gil və bambukdan tikilmiş, təxminən iyirmi daxmalıq kiçik bir kənd idi. Dünya hələ o qədər təzəydi ki, çox şeyin adını qoymamışdılar və onlardan danışanda çarəsizlikdən barmaqla göstərməli olurdular.  

İlqar Əlfioğlu

Tərcümə 6

Uzun illər keçəcək və polkovnik Aureliano Buendia divar önündə dayanıb güllələnəcəyi anı gözləyərkən, atasının onu buza baxmağa apardığı həmin uzaq axşamı xatırlayacaq. Makondo o vaxtlar dumduru suları dinozavr yumurtaları kimi iri, cilalı ağ daşların arasıyla şütüyən çayın kənarında gildən və bambukdan tikilmiş, iyirmiyə yaxın komadan ibarət kiçik bir kənd idi. Onda dünyanın hələ lap cavan vaxtlarıydı deyə, çox şeylər adsız idi və onları barmaqla göstərməli olurdular.

Etimad Başkeçid

Tərcümə 7

Üstündən çox illər keçəcək və divar önündə durub güllələnməyini gözləyən polkovnik Aureliano Buendia atasının onu özü ilə buza baxmağa apardığı o uzaq axşamı xatırlayacaq. Onda Makondo dumduru sularını dinozavr yumurtası kimi nəhəng, hamar və ağ daşlarla döşənəkli yatağı ilə qovan çayın sahilində palçıq və bambukdan tikilmiş iyirmiyə qədər daxmadan ibarət kiçik bir kənd idi. Dünya hələ o qədər təzə-tər idi ki, çox şeylərin adı yox idi, onları barmaqla göstərmək lazım gəlirdi.

Səfər Alışarlı

Tərcümə 8

Uzun illər ötəcək, bir gün polkovnik Aureliano Buendia güllə qabağında divara dirənəndə atasına qoşulub buza baxmağa getdiyi həmin uzaq axşamı yada salacaq. Makondo o zamanlar dumduru suları əjdaha yumurtası boyda hamar daşların arasıyla şütüyən çayın qırağında gildən-bambukdan yapılmış iyirmicə daxmalıq balaca bir kənd idi. Dünyanın erkən çağıydı, hələ çox şeyin adı üstünə oturmamışdı, çox şeyi hələ barmaqla göstərirdilər.

Fəxri Uğurlu

Daha sonra bu parçaları rəy üçün Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin o zamankı dekanı, ustad tərcüməçi, mərhum Vilayət Hacıyevə göndərdik. Onun verdiyi münsif rəyi ilə tanışlıq da, məncə, hörmətli oxucuya maraqlı gələr.

F.Uğurlu

Davamı növbəti sayımızda...

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla