AZ

Xalqı birləşdirən vahid amal...

Azərbaycançılığın təbliği üçün hansı işlər görülür?

Bu gün ölkəmizi ayaqda saxlayan, eyni zamanda dövlətlə vətəndaşlar arasında mənəvi körpü yaradan əsas təməl sütunlardan biri azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya cəmiyyətimizin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir hadisədir. Bir sözlə, Azərbaycançılıq ümumi sosial identifikasiyamız və ortaq dəyərlərimizi müəyyənləşdirir.

Dövlətimiz xalqı birləşdirən bir amal, ideoloji ruh kimi azərbaycançılığı daima təşviq edib. Məhz ölkəmizin həyata keçirdiyi bu təbliğat nəticəsində hazırda Azərbaycançılıq ideologiyası peşəsindən, etnik irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşlarımızı birləşdirən vahid amallardan biridir.

Mövzunu “Yeni Azərbaycan”a şərh edən politoloq Turan Rzayev bildirib ki, azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında Prezident İlham Əliyevin xüsusi xidmətləri var. Məhz İlham Əliyev sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir: “Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər, öz milli mentallığını qoruyub saxlamaqdadır”.

Politoloqun sözlərinə görə, azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır: “Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.

Məlumdur ki, dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən ideoloji bünövrə məhz Azərbaycançılıq ideologiyasıdır. Xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, qoruyub saxlamağı aşılayan, dövlət və vətəndaş mənafelərini üzvi şəkildə birləşdirən, həmçinin gənclərdə milli və hərbi vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan Azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir”.

Politoloq qeyd edib ki, Azərbaycançılıq ideyası həmçinin dövlətimizin müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə təşəkkül tapmış bir ideologiyadır: “Bu ideologiyanın kökündə vətəndaşlıq dəyəri dayanır. Azərbaycançılığın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Bu ideologiya hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir”.

T.Rzayev qeyd edib ki, ötən illər ərzində bu ideologiyanın dünya azərbaycanlıları arasında daha dolğun şəkildə təbliğ olunması və yayılması istiqamətində dövlət tərəfindən bir çox addımlar atılıb. Lakin bu, bir həqiqətdir ki, istənilən işin uğurlu olması üçün dövlətlə yanaşı, hər bir vətəndaşın, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, o cümlədən ziyalıların, elm və mədəniyyət qurumlarının da üzərinə mühüm vəzifələr düşür: “Azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi də dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Məhz bu mövqe dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsini şərtləndirir.

Tarix elə gətirib ki, dünya azərbaycanlılarının yalnız təqribən beşdə biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin qlobal dəyərlərin böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün böyük maneə yaratmır. Hər şeydən əvvəl ona görə ki, azərbaycanlıların siyasi iradəsini ifadə edən müstəqil dövləti, özünəməxsus adət-ənənələri, dili, dini və Azərbaycançılıq ideologiyası var. Yəni bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Azərbaycançılıq ideologiyasından güc alaraq, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməlidir.

Eyni zamanda azərbaycançılığın əsas istiqamətlərindən olan gənclərin milli ruhda tərbiyəsi xaricdəki soydaşlarımızın da daim diqqət mərkəzində olmalıdır. Xüsusilə də Azərbaycandan kənarda, ayrı-ayrı xarici ölkələrdə dünyaya gələn azərbaycanlı gənclərin öz ana dilində yazıb-oxuya bilməsi istiqamətində fəaliyyətə diqqət yetirmək lazımdır”.

 Y.BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla