AZ

İdman, biz və Olimpiada: Amerikanı kəşf etdik - TƏHLİL

İyulun 26-da açılış mərasimi təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının startına 91 gün qalıb.

İdman.biz 13 həftədən sonra cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına həsr olunan silsilə yazılara başlayır.

Paris-2024-ə qədər olan müddətdə Azərbaycan idmançılarının müstəqillik illərində qatıldığı yay Olimpiadalarını yada salacağıq. Düzdür, təmsilçilərimiz uzun illər SSRİ, 1992-ci ildə MDB yığmasının tərkibində bu yarışlara qatılıblar. Amma müstəqil ölkə kimi, öz millimiz kimi debüt 28 il öncə gerçəkləşib.

Afina əvəzinə Atlanta

1996-cı ildə təşkil olunan 26-cı Yay Olimpiya Oyunları yarışın 100 illiyinə təsadüf edib. Öncədən Olimpiadaların vətəni Yunanıstanın milti-idman tədbirinə ev sahibliyi edəcəyi gözlənilirdi. Elə təşkilatçı şəhərin seçimlərində də ilk üç mərhələdə Afina hamını qabaqlasa da, sonrakı iki raundda sevinən Atlanta olimpiyaçıları ABŞ-ın Corciya ştatına yığıb. 1996-cı il iyulun 19-dan avqustun 4-dək keçirilən Olimpiadaya qatılan 197 ölkə arasında müstəqil Azərbaycan da debüt edib.

Bizim “23-lük”

Azərbaycan millisi Yay Olimpiya Oyunlarında ilk cəhdində 23 idmançı ilə qatılıb. Onlardan 20-si kişi, 3-ü qadın olub. Komandamız okeanın o tayına 9 idman növündə mübarizə aparmaq üçün yollanıb.

Millimizin özəyi

Artıq ilk Olimpiadadan Azərbaycan yığmasının ənənəsinin təməli qoyulub. Söhbət yığmada güləşçilərin say çoxluğu qazanması, komandanın özəyinə çevrilməsindən gedir. Sərbəst güləşçilər də xalçada üstünlük təşkil etməyə elə ilk Olimpiadadan başlayıblar. Güləş millimizin 8 üzvündən 6-sı sərbəst, 2-si yunan-Roma üsulunda qüvvəsini sınayıb. Atlantada atletikada 4, boks, cüdo, ağırlıqqaldırma və atıcılığın (biri güllə, digəri stend atcıcısı) hərəsində 2 idmançımız çıxış edib. Ölkəmiz ilk cəhdində suyatullanma, qılıncoynatma və üzgüçülükdə bir nəfərlə təmsil olunub.

Millidə komanda həsrəti

Güləşçilərin yığmanın özəyinə çevrilməsi ənənəsi kimi bir xoşagəlməz tendensiyanın da təməli elə ilk Olimpiadamızda qoyulub. Atlantada yalnız fərdi idman növlərində çıxış edən Azərbaycan idmançıları komanda yarışlarındakı həsrətinə yalnız 8-ci cəhddə Paris-2024-də son qoyub. Hərçənd hələ SSRİ-nin son illərində voleybol, həndbol və otüstü hokkeydə yetərincə güclü klubla malik ölkəmiz müstəqilliyin ilk cəhdində Olimpiada ümidi ilə yaşaya bilərdik. Amma müstəqilliyə keçid dövrü bu idman növlərində müəyyən susqunluq yaratdığından Atlantada da komandamız olmayıb.

Çempion bayraqdar və üç yığmanın bir üzvü

Müstəqil ölkə kimi Olimpiadaya qatılmaq bir çox idmançıların Atlantaya yolunu açıb. Güclü SSRİ millilərinə düşmək o qədər asan olmadığından təmsilçilərimiz üçün Olimpiya yolu asanlaşıb. Bu onlarla idmançıya multiidman yarışında debüt şansı yaradıb. Amma Atlantaya gedən heyətdə təcrübəlilər də olub. 4 il əvvəl Barselonaya MDB yığması ilə yollanan Nazim Hüseynov həmin vaxt qazandığı çempionluğu Azərbaycan millisində təkrarlamağa yollanıb. O, Olimpiadalar tarixinə ölkəmizin ilk bayraqdarı kimi düşüb. Atlantaya yollanan ən təcrübəli idmançımız isə Valeri Timoxin olub. O, 3-cü Olimpiadasına 3-cü komandanın tərkibində yollanıb. Atıcımız Seul-1988-də SSRİ, Barselona-1992-də MDB, Atlanta-1996-da Azərbaycan idmançısı kimi mübarizə aparıb.

Amerikanı kəşf etdik: Avqustun ilk günündə

23 idmançının ABŞ-dakı qazancı bir gümüş medal olub. Amerikanı kəşf etmək də məhz güləş millimizin üzvünün payına düşüb. Sərbəst güləşçimiz Namiq Abdullayev Olimpiadalar tarixində ilk mükafatımızı qazanıb. O vaxtda da güləşçilərin Azərbaycan Olimpiya yığmasının lideri olmasının təməli qoyulub. Çempionluğun bir addımlığında büdrəyən pəhləvanımız gümüş medalı avqustun 1-də qazanıb. Həmin gün idmanımızın Olimpiadalar tarixinə ilk kimi düşüb.

Olimpiadaya Olimpiya devizi ilə

Atlantaya yollanan idmançılarımızın əksəriyyəti Pyer de Kubertenin Olimpiya devizinə üstünlük verib. “Əsas qələbə deyil, iştirakdır” prinsipi ABŞ-dan başlayaraq bütün Olimpiadalarda ölkəmizin güclü olmadığı növlərə şamil edilib. Suyatullanma, üzgüçülük, atletika və qılıncoynatmanı belə növlərdən saymaq olar.

Son addımda büdrəyənlər və 61-ci yer

Abdullayev kimi, digər güləşçilərimiz də Atlantada medal qazana bilərdilər. Amma buna yaxın olan idmançılarımız medala bəzən bir, bəzən iki addım qalmış büdrəyiblər. Cüdo və boksda da təmsilçilərimiz mükafata yaxın olublar. Atıcılıq və ağırlıqqaldırma isə gözlənilənləri ilk Olimpiadada verməyib. Nəticədə bir gümüşü olan yığmamız ABŞ-dan medal sıralamasında 61-ci yerin sahibi kimi qayıdıb.

N

İdmançı

Növ

Yer

1

Aleksey Fatyanov

Atletika, üçtəkanla tullanma

18 (qrupda)

2

Arif Abdullayev

Sərbəst güləş, 57 kq

10

3

Arif Axundov

Atletika, 100 m

7 (təsnifat mərhələsi)

4

Asif Məlikov

Ağırlıqqaldırma, 59 kq

-

5

Davud Məhəmmədov

Sərbəst güləş, 100 kq

11

6

Elxan Məmmədov

Qılıncoynatma, sablya

İlk döyüşdə uduzub

7

Elşad Allahverdiyev

Sərbəst güləş, 68 kq

14

8

Elvira Cabbarova

Atletika, 100 m

8 (təsnifat mərhələsi)

9

Emin Cəbrayılov

Suyatullanma, 10 m

27

10

Emin Quliyev

Üzgüçülük, sərbəst, 50 m

59

11

Ədalət Məmmədov

Boks, +91 kq

8

12

İlham Kərimov

Boks, 81 kq

İlk döyüşdə uduzub

13

İradə Aşumova

Atıcılıq (güllə)

10 m

25 m

10

15

14

Maqomed İbrahimov

Sərbəst güləş, 82 kq

5

15

Maqomedsalam Hacıyev

Sərbəst güləş, 74 kq

8

16

Namiq Abdullayev

Sərbəst güləş, 52 kq

2

17

Nazim Hüseynov

Cüdo, 60 kq

17

18

Tahir Zahidov

Yunan-roma güləşi, 48 kq

14

19

Tofiq Heydərov

Ağırlıqqaldırma, 83 kq

11

20

Valeri Timoxin

Atıcılıq (stend)

38

21

Vasif Əsədov

Atletika, üçtəkanla tullanma

11 (qrupda)

22

Vilayət Ağayev

Yunan-Roma güləşi, 57 kq

10

23

Zülfiyyə Hüseynova

Cüdo, 56 kq

7

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla