AZ

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Gəncə, 26 aprel, AZƏRTAC

Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, ölkəmizin zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması həmişə prioritet məsələ olmuşdur. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Gəncə Dövlət Universitetində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı tədbirdə çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva deyib.

Tədbirdə deputat, universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri, onların canlı aləmə mənfi təsirlərindən söhbət açıb, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə flora və fauna müxtəlifliyinin qorunub saxlanılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərdən danışıb.

Botanika kafedrasının müdiri, professor Vaqif Novruzov “Ulu Öndər Heydər Əliyev: Yaşıllaşdırma ümumxalq işidir”, Kimya kafedrasının müdiri, dosent Aynur Məmmədova “Yaşıl Dünya – mənim, sənin, bizim qurtuluşumuzdur”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov “Yaşıl dünya naminə həmrəyliyə gedən yol”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Güləbatın Hümbətova “Sağlam bir dünya üçün yaşıl enerji” mövzularında məruzə ilə çıxış ediblər.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla