AZ

“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”

“O, Putinin andiçmə mərasimində də, ola bilsin,  9 may qələbə paradında da çəkinmədən iştirak edəcək; heç bir problem də olmayacaq, bundan sonra da onu nə Rusiya, nə də Qərb devirəcək...”
 
"Azərbaycan mediası da gecə-gündüz yazır ki, ay haray, Putin Paşinyanı cəzalandıracaq.  Bəs 6 ildir, cəzalandırırlarsa, niyə Paşinyan hələ də postundadır və heç nə olmayıb ona?..”
 
“Qərb də yaxşı bilir ki, son illərin Ermənistan-Rusiya gərginliyi real deyil, sadəcə, bir görüntüdür, oyundur. Çünki hamı başa düşür ki, Kreml Paşinyanı devirmək istəsə, çox asanlıqla devirə bilər. Yadınızdadırsa, 2021-ci ildə Ermənistanda “generalların qiyamı” məsələsi baş qaldırmışdı və Lavrov bir bəyanat verməklə məsələ həll olundu... Yəni bu baxımdan gəlin, bu oyunlara uymayaq”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov “Sizcə, Paşinyan Rusiya lideri Putinin  mayın 7-dəki andiçmə mərasiminə qatılacağı və həm də 9 may qələbə paradında  iştirak edəcəyi halda Qərbin Ermənistana qarşı mövqeyi dəyişəcəkmi?” sualını cavablandırarkən səsləndirib.
 
“Paşinyan deyir ki, KTMT-dən çıxıram, Avrasiya İqtisadi İttifaqından çıxıram. Və s. Özü də  KTMT-yə qarşı maraqlı ittihamlar irəli sürür. Məsələn, deyir ki, Ermənistanı hücumdan qorumadınız. Ona deyən lazımdır ki, sən bu tələbi niyə öncə Rusiya qarşısında qoymursan, axı sənin o dövlətlə birbaşa hərbi müttəfiqlik haqda sazişin var... Guya müstəqil olan Ermənistanın hava hücumundan müdafiə sistemi bu günədək Moskvadan idarə olunur. Ermənistanın Gürcüstan istisna olmaqla  İran, Türkiyə, o cümlədən Azərbaycanla xeyli sərhədlərini 30 ildən çoxdur ki, Rusiya qoşunları qoruyur. Paşinyan isə o boyda sərhədləri qoyub yalnız “Zvartnots” aeroportundakı  20-25 nəfər rus sərhədçiyə “ilişib”. Əslində müstəqil dövlət üçün böyük biabırçılıqdır; sən 33 ildir,  müstəqil dövlət sayılırsan, amma sənin hava limanında qonaqlarının qarşısına Rusiya sərhədçiləri  “FSB” əməkdaşları çıxır. Yaxşı, tutaq ki, “Zvartnots”dan Rusiya sərhədçiləri çıxdı. Bəs elə həmin mülki aeroportla yan-yana hərbi aeorodromdakı Rusiya aviabazasını nə edəcəksən? Orada 18 rus hərbi təyyarəsi və onlarla vertolot var. Heç bundan danışan yoxdur”, -deyə siyasi şərhçi davam edib. 
 
“Bütün bunlar da sübut edir ki, Rusiya ilə Ermənistan arasındakı gərginlik bir görüntüdür, bir oyundur. Bilirsiz, niyə oyun oynanılır? Çünki hazırda Rusiyanın Ermənistana maliyyə baxımından kömək etmək imkanı yoxdur. Ona  görə də Paşinyanın boynuna bu oyunu qoyublar ki, get Qərbdən, ABŞ-dən, Fransadan nə qopara bilirsənsə, qopar... Yəni məsələnin mahiyyəti bundan ibarətdir. Odur ki, Paşinyan Putinin andiçmə mərasimində də, ola bilsin,  9 may qələbə paradında da çəkinmədən iştirak edəcək, heç bir problem də olmayacaq, bundan sonra da onu nə Rusiya, nə də Qərb devirəcək...
 
Bu günədək Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir... Məsələn, 44 günlük müharibədən sonra Azərbaycanla sərhəddə Rusiya hərbçiləri haradan peyda oldu? Paşinyanın qərarı, icazəsi ilə onlar 2021-ci ildən gətirillib  və 4 mövqedə yerləşdiriliblər...
 
Bir sözlə, gəlin, biz Rusiya ilə Ermənistanın teatrına inanmayaq. Mən şəxsən inanmıram... Azərbaycan mediası da gecə-gündüz yazır ki, ay haray, Putin Paşinyanı cəzalandıracaq.  Bəs 6 ildir, cəzalandırırlarsa, niyə Paşinyan hələ də postundadır və heç nə olmayıb ona?”, -deyə sonda keçmiş xarici siyasət idarəsi rəhbəri sual edib.
 
Sultan Laçın
 
Seçilən
8
50
Mənbələr
Şərh ()
Bağla