AZ

Asiyadan Avropaya yeni körpü Azərbaycanın “yaşıl enerji” siyasəti sülhə aparır

Laçında keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda Azərbaycanın regional enerji mərkəzi kimi strateji mövqeyi və əhəmiyyəti, eləcə də “yaşıl enerji” infrastrukturlarının qurulması və şaxələndirilməsindəki qətiyyətli siyasəti dünyanın nüfuzlu iqtisadi tədqiqat institutlarının rəhbərləri tərəfindən bəyan edildi. ABŞ-ın və Avropanın tanınmış elmi mərkəzləri Azərbaycanın ötən 30 ildə dünyada sülhə və əməkdaşlığa töhfə verən enerji siyasətinin yeni şaxəsi olan “yaşıl dünya” quruculuğunda hazırkı təşəbbüskarlığını və irəlilətdiyi missiyanı təqdir etdilər. Forumda Azərbaycanın dövlət başçısına ünvanlana? suallardan da aydın oldu ki, beynəlxalq enerji icmasının və ekoloji tədqiqat mərkəzlərinin Azərbaycandan gözləntiləri çoxdur.  

Cenevrə Universitetinin Qlobal Ekoloji Siyasət Proqramının direktoru Aleksandr Hecazinin vurğuladığı kimi Avrasiyanın mərkəzində yerləşən Azərbaycanın böyük qətiyyət və iradə ilə şaxələndirdiyi enerji siyasətinin uğurları ölçülməzdir. Azərbaycan beynəlxalq maliyyə icmasının sərmayələrinə arxayın olmadan birbaşa özünün böyük investisiyaları hesabına son bir neçə ildə strateji infrastrukturların müasirləşməsinə, yenilərinin yaradılmasına nail olubdur. Nəticədə bu çoxmilyardlıq investisiyalar region və dünyanın enerji təminatlarına xidmət edib və hazırda qlobal miqyasda Azərbaycanın yeni trendləri nəzərə çarpmaqdadır. Həmin trendlərdən biri COP29 kimi qlobal məsuliyyəti üzərinə götürmüş Azərbaycanın enerji istehsalı və tədarükü ilə yanaşı, ətraf mühit amilindən maksimum effektivliyi qoruyub saxlamaqdır.    

Məsələ ondadır ki, COP29-la bağlı Azərbaycanın namizədliyi təsdiq edilən vaxtda Avropadakı erməni lobbisinin təsiri altında olan media qurumlarında Azərbaycanın neft ölkəsi olduğu üçün enerji istehlakına daha çox diqqət ayıracağını və ekoloji məsələlərin diqqətdən kənarda qalacağını iddia edən materiallar yerləşdirilirdi. Yeri gəlmişkən, 20-25 il əvvəl Bakı-Tbilisi-Ceyhan çəkilən zaman Avropadakı bəzi “yaşıllar” hərəkatları neft kəmərinin ekoloji tarazlığa fəsadlarını bayraq edərək  kampaniya aparırdı və sonradan onların pulla ələ alınmış QHT-lər olması təsdiqləndi. 

Bu məsələyə sözügedən forumda diqqət çəkildi və Azərbaycan Prezidentinin olduqca sərrast və lakonik cavabı həmin “yaşıllar”ın və mavilərin ekologiya alveri və ya cəfəngiyyatlarına nöqtə qoydu. Cənab Prezidentin bəyan etdiyi kimi 1994-cü ildən bəri bütün neft əməliyyatlarını beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparan ölkəmiz dünyanın aparıcı enerji şirkətləri ilə hər zaman ətraf mühit məsələlərinə xüsusi diqqət yetirib. Azərbaycan Prezidenti təmiz ekoloji mühit, ənənəvi yanacaq tədarükü və s. mövzuda manipulyasiya edənlərə də konkret və əsil  arqumentlərlə cavab verərək bildirdi ki, bu gün dünyada “yaşıl enerji”yə keçidin sürətlənməsi hamı üçün prioritetdir, bununla yanaşı “mavi yanacaq” tədarükü üçün dünya ölkələri müxtəlif planlar üzərində işləyir. Regionda böyük qaz ixracatçısına çevrilmiş Azərbaycandan Avropa İttifaqı daha çox, əlavə qaz istəyir. İki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanıb və Avropa ölkələri 2027-ci ildə Azərbaycan qazının nəqlinin 20 milyard kubmetrə qədər artırılmasında israrlıdır. Avropada yeni ötürücü interkonnektorların tikintisi layihələri də icra edilir. Avropa İttifaqı Azərbaycana TANAP və TAP layihələrinin genişləndirilməsini təklif edir, Adriatik-İon kəmərini inşa etməklə TAP kəmərinə qoşmağa çalışır. Nəticədə Azərbaycanın Mərkəzi-Şərqi Avropadakı qaz coğrafiyası genişlənmiş olacaq, Azərbaycan qazını almaq üçün koalisiyanın üzvü olan 10-a yaxın Avropa ölkəsinin sırasına Xorvatiya və digərləri də əlavə olunacaq. Bütün bunlar onu təsdiqləyir ki, mavi yanacaq istehsalı və tədarükü, nəqli uzun illər davam edəcəkdir.

“Yaşıl enerji”yə gəldikdə, enerji siyasətində şaxələnməni əsas strateji xətlərdən  biri hesab edən Azərbaycan dövlətinin “yaşıl hidrogen” proqramlarında da əsas partnyorları sırasında Avropa ölkələri xüsusi yer tutur. Son 2 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə  bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Həmin layihələrdə maliyyə donorları sırasında  Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) əsas yer alır. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının istismara hazırlanmasına böyükhəcmli kreditlər ayıracaq. 

Həmçinin, “yaşıl enerji”nin əsas ixrac marşrutu olan “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin son nöqtəsi də Avropadır, hazırda Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya doğru gedən yaşıl kabel layihəsinin indi texniki-iqtisadi əsaslandırmasının sonuncu mərhələdədir. Azərbaycan bu layihəyə yeni seqmentlər əlavə etmək istəyir, daha doğrusu Mərkəzi Asiyanı da bu trans-şəbəkəyə qoşmaq istəyir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi “biz artıq praktiki cəhətdən bu kabelin Mərkəzi Asiyaya qoşulması imkanını da müzakirə edirik və layihəni genişləndiririk. Çünki layihə Qara dəniz kabel xətti kimi, yəni, Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinədək uzanan layihə kimi başlamışdır. Biz layihəni Xəzərin şərq sahilinə - Qazaxıstana qədər genişləndiririk”.

Göründüyü kimi Azərbaycan həm təşəbbüskar, həm təchizatçı, həm də beynəlxalq enerji koalisiyasının coğrafiyasını genişləndirən, Avropa ilə Asiya arasında körpü yaradan dövlətdir. Məqsəd və məram isə bütün bölgə ölkələrini bir sülh ailəsində birləşdirməkdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi “bütün bu məsələlər geosiyasət və regional əməkdaşlıq ilə sıx əlaqədardır. Bizim bütün enerji layihələrimiz əməkdaşlığa aparır, bu layihələr dövlətləri birləşdirir. Bu, müştərək maraqdır. Burada uduzan tərəf yoxdur və enerji sülhə doğru aparır”. 

ELBRUS CƏFƏRLİ

Seçilən
14
50
Mənbələr
Şərh ()
Bağla