AZ

Ağsaqqallar Şurasından Elmira Süleymanovanın vəfatı ilə əlaqədar başsağlığı

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev ölkəmizin İnsan Hüquqları üzrə ilk Müvəkkili Elmira  Süleymanovanın vəfatı ilə əlaqədar başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığında deyilir:

 

"Azərbaycan ictimaiyyətinə və Respublika Ağsaqqallar Şurasına ağır itki üz verib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, ölkəmizin İnsan Hüquqları üzrə ilk Müvəkkili (ilk Ombudsman), görkəmli ictimai xadim, tanınmış alim, professor Elmira  Süleymanova 2024-cü il aprel ayının 25-də 87 yaşında vəfat etmişdir. Elmira Süleymanova Ulu Öndər Heydər Əliyevin ən uğurlu  kadrlarından biri olaraq Azərbaycanın ilk Ombudsmanı kimi 17 il ərzində ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində xalqımıza dəyərli xidmətlər göstərmişdir. Həmişə ədalətin tərəfində olan ictimai-siyasi xadim kimi yüksək beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini qaldıraraq, ölkəmizin işğala məruz qalmasını, yüz minlərələ insanın öz dədə-baba yurdlarından didərgin salınmasını, onların hüquqlarının kobud şəkildə pozulmasını dünya ictimaiyyətinə çatdırmışdr. Ombudsmanlıq fəaliyyəti dövründə dəfələrlə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olmuş, ön xətdə döyüş növbəsi çəkən əsgər və zabitlərimizin vəziyyəti, xidməti, sosial-məişət şəraiti və mənəvi-psixoloji durumları ilə yaxından maraqlanmışdır. Hərbi qulluqçularla keçirilən görüşlərdə insan hüquqları, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar maarifləndirici söhbətlər aparmışdır.

 

Görkəmli alim kimi elmimizin inkişafı sahəsindəki səmərəli  fəaliyyəti nəticəsində bir çox elmi əsərlər yazmış, ölkəmiz üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında yaxından iştirak etmişdir. Çoxşaxəli fədakar əməyi dövlətimiz, habelə bir çox xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə yüksək təltiflərlə - “Şöhrət”, “Şərəf”, 2-ci dərəcəli “Vətənə xidmətə görə”, “Beynəlxalq səfir”, “Böyük Qızıl Xaç”  ordenləri ilə, Beynəlxalq Sülh Mükafatı, Türk Dünyası Onur Medalı və onlarla digər ali mükafatlarla dəyərləndirilmişdir.

 

Fəaliyyəti boyunca daim Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətini qətiyyətlə dəstəkləyən Elmira Süleymanova    Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi nümunəvi ictimai fəaliyyəti ilə xalqımıza, dövlətimizə və təşkilata böyük xidmətlər göstərmiş, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Respublikamızın cənub bölgəsinin kuratoru olaraq şəhər və rayonlarımıza mütəmadi səfərlər etmiş, bir çox səmərəli görüşlər və tədbirlər keçirmiş, Azərbaycan Ağsaqqallar Şurasının xalqımızın milli mənafeyinə xidmət edən fəaliyyətinin daha da intensivləşdirilməsində və ictimai-siyasi proseslərdə yaxından iştirak edərək ölkəmizin dinamik inkişafına öz töhfəsini vermişdir. Dəyərli övlad və nəvələr yetişdirən mehriban ana, nəvazişli nənə və gözəl ailə başçısı olan Elmira Süleymanova şərəfli və fədakar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü ilə cəmiyyətimiz, xüsusilə də gənclərimiz  üçün bir örnək və nümunə məktəbi idi. 

 

Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Tanınmış ictimai xadim, dəyərli ziyalı, gözəl insan Elmira Süleymanovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!".

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla