AZ

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına zərurət YOXDUR

Azərbaycan Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmağı planlaşdırmır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda deyib.

 

"Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik. Əks halda, bizi indi mövcud olan əməkdaşlıq səviyyəsi də qane edir", - dövlət başçısı qeyd edib.

 

Azərbaycanın AİB-ə qoşulması zaman-zaman gündəmə gələn məsələlərdən biridir. Rəsmi Bakının təşkilata üzv ölkələrlə (Ermənistan istisna) iqtisadi əlaqələri yaxşı olsa da, birbaşa üzvlükdən imtina edib. 

 

Qeyd edək ki, AİB 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə əsasında yaradılıb. Ermənistan Avrasiya İqtisadi Birliyinə 9 oktyabr 2014-cü ildə qoşuıub. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb.

 

Bəs indiki halda Azərbaycan Avrasiya İqtasiyyat Birliyinə qoşula bilərmi? 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Azərbaycan Avropa ilə Asiya arasındakı iqtisadi əlaqələrin mərkəzindədir:

 

"Azərbaycan artıq coğrafi baxımdan Avropa ilə Asiyanı birləşdirən logistik mərkəzə çevrilir. Bu istiqamətdə həyata keçirilən layihələr artıq özünü göstərməkdədir. Bakı-Tbilisi-Ceyhan dəmiryolu bu istiqamətdə olduqca önəmlidir. Bu dəmiryolu Azərbaycanın öz təşəbbüsüdür. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın nüfuzu daha da artıb. Zəngəzur dəhlizinin açılması da mövcud reallıqdır. Bu baxımdan götürəndə Azərbaycan Avropa ilə Asiya arasındakı iqtisadi əlaqələrin mərkəzindədir.  Biz artıq Rusiya, Mərkəzi Asiya respublikaları və Çinlə bizim iqtisadi əlaqələrimiz var. Bu əlaqələr getdikcə daha da artır. Digər yandan Azərbaycan Şimalla Cənub arasında yük daşımaların, iqtisadi və logistik əlaqələrin mövcudluğunda əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidenti Rusiyaya səfər etmişdi. Burada Rusiya Prezidentinin Baykal-Amur magistiral dəmiryoluna böyük əhəmiyyət verib,onun Şimal dənizindən Hind okeanına qədər olan sahədə iqtisadi fəallıq üçün böyük töhfə verəcəyini dedi. Baykal-Amur dəmiryolunun Orta Dəhlizə və Şimal-Cənub dəhlizinə inteqrasiya etməsi bütövlükdə elə Avrasiyanı əhatə etməsi deməkdir. Burada Azərbaycan mühüm rol oynayır".

Deputat Azərbaycanın de-fakto Avrasiya məkanında təmsil olunduğunu deyib:

 

"İqtisadi əlaqələr üçün münbit şərait varsa, Rusiya, Mərkəzi Asiya respublikaları və Çinlə iqtisadi əməkdaşlığımız genişlənirsə və Avropaya enerji ixrac ediriksə, deməli, biz Azərbaycanın Avrasiya məkanında  önəmli dövlət olduğunu deyə bilərik. Bizim gələcəkdə bu istiqamətdəki inkişafımızın daha səmərəli və ölkə iqtisadiyyatı üçün əhəmiyyəytli rol oynayacağına şübhə yoxdur. Azərbaycan de-fakto Avrasiya məkanında təmsil olunur. Bu təmsilçiliyin de-yure şəkildə təsdiqlənməsi bu işin daha geniş və əhəmiyyətli şəkildə inkişafına təkan vermiş olar".

 

İqtisadçı ekspert Pərviz Heydərov söyləyib ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına zərurət yoxdur:

 

"Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması gündəlikdə duran məsələ deyil. Yəni buna real olaraq zəruriyyət də yoxdur. Çünki Azərbaycana AİB-ə üzv ölkələrin hər biri ilə qarşılıqlı, ikitərəfli iqtisadi-ticari əlaqələrimiz və müvafiq ticarət dövriyyəmiz vardır. İldən-ilə ticarət dövriyyəsinin həcmi artmaqdadır. Bunun fonunda hansısa iqtisadi birliyə qoşulmaq üçün zərurət görünmür.Mövzu rəsmi olaraq müzakirə olunmursa, ona əhəmiyyət vermək lazım deyil".

İqtisadçı vurğulayıb ki, AİB-ə üzv olmaq Azərbaycana əlavə nəsə verə bilməz:

 

"Birliyə üzv olsaq belə, Azərbaycanın özünün iqtisadi maraqları və mənfeləri var. Maraqlarımız və iqtisadi mənafelərimiz birliyə üzv olsaq da, qorunub saxlanılmalıdır və saxlanacaq da. Amma bugünkü gündə bu tip iqtisadi birliyə üzv olmaq üçün müzakirələrə şəxsən mən rast gəlmirəm. Heç bir narahatlığa ehtiyac yoxdur. Bu cür birliyə üzv olmaq Azərbaycana əlavə nəsə verə bilməz. Azərbaycanın iqtisadi maraqlarına və mənafelərinə müvafiq şəkildə heç bir ziyan da gətirə bilməz".

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla