AZ

Tavuşdan başlayan delimitasiya İranla sərhədə qədər davam edəcək - Simonyan

Ermənistan-Azərbaycan sərhədinin Tavuş hissəsinin delimitasiyası bu ərazinin təhlükəsizlik dərəcəsini artırıb.
 

Modern.az xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin sərhəd delimitasiyasının niyə məhz erməni tərəfinin ən möhkəm mövqelərə malik olduğu Tavuşdan başlaması ilə bağlı sualını belə cavablandırıb.

“Bu ərazi daha yaxşı qorunur. Əgər bu xəttdəki potensial düşmənin sualı və ya spekulyasiyası yoxdursa, kimin harada olması aydın şəkildə göstərilibsə, bu, o deməkdir ki, ərazi daha da təhlükəsizləşir”, - parlamentin sədri bildirib.

O vurğulayıb ki, hər hansı birtərəfli güzəştdən söhbət gedə bilməz və Ermənistanın “sərhədinin bir santimetri” də sövdələşmə predmeti ola bilməz.

Simonyanın fikrincə, Ermənistanın öz ərazilərini Azərbaycana verməsi barədə bütün söhbətlər spekulyasiyadır və müəyyən dairələr tərəfindən “üçüncü ölkənin təhriki ilə – Ermənistanla Azərbaycan arasında münaqişə yaratmaq və bura sülhməramlılar göndərmək üçün” yayılır.

"Bizə sülhməramlılar lazım deyil, sərhədlərimizi düzəltmək lazımdır", Simonyan deyib.

Parlamentin sədri Ermənistanın sərhədlərinin təhlükəsizliyinin ən təsirli təminatının onların legitimliyi olduğunu vurğulayıb və əlavə edib ki, Tavuş-Qazax hissəsində sərhəd dirəyinin quraşdırılması Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddialarının olmaması deməkdir.

Onun sözlərinə görə, delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq İranla sərhədə qədər davam edəcək.

Seçilən
7
3
Mənbələr
Şərh ()
Bağla