AZ

Van Deyk “Liverpul”un çempionluq istəyindən danışdı

“Liverpul”un mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk Premyer Liqanın 29-cu turunun oyununda “Everton”a səfər məğlubiyyətini şərh edib.

Arena.az niderlandlı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Əgər biz belə oynasaq, çempionluq yarışında iştirak etmək imkanımız olmayacaq. Hər kəsə güzgüyə baxmaq və öz çıxışlarını qiymətləndirmək gərəkdir – onlar həqiqətən hər şeyi verirlərmi? Özlərinə sual verirlərmi ki, liqanı qazanmaq istəyirlərmi?”, deyə Van Deyk vurğulayıb.

Xatırladaq ki, aprelin 24-də Yurgen Klopun komandası İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Everton”a gözlənilmədən uduzub – 0:2.

Təcrübəli futbolçu mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından da danışıb:

“Düşünürəm ki, mövsümün əvvəlində heç kim çempionluq uğrunda mübarizə aparacağımızı düşünməzdi. Amma kimin nə dediyi məni maraqlandırmır, biz indi buradayıq və hamımız daha yaxşı oynamalıyıq. Olduqca sadə səslənir, amma hər şey mübarizədən, çətinliklərinizdə qalib gəlmək istəyi ilə və qol vurmaq üçün inamla başlayır”, deyə niderlandlı futbolçu bildirib.

Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki həmin vaxt 84,65 milyon avro müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Holland müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 266 oyun, 23 qol, 12 məhsuldar ötürmə.

Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019 mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 66 oyuna çıxıb, 7 qol vurub.

“Transfermarkt” internet-portalı 32 yaşlı holland müdafiəçinin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla