AZ

Necə yerimək lazımdır? - Vüqar Van

Kulis.az Vüqar Vanın “Necə yerimək lazımdır?” adlı yazısını təqdim edir.

Orhan Pamukun “İstanbul: hatıralar ve şehir” kitabında köhnə İstanbul qəzetlərindəki şikayətlərdən, maraqlı əhvalatlardan, məktublarından ibarət bir hissə var.

1924-cü ildə bir qəzetdə belə bir elan çıxıb:

“... Küçələrdə ağzı açıq yeriməyin”.

Bu elanı görəndən sonra fikirləşdim ki, mən də uşaqlar və yeriməyi bacarmayan böyüklər üçün küçədə necə yerimək haqqında bir yazı yazsam, maraqlı olar.

Küçədə yerimək qaydaları:

1. Küçədə yeriyəndə başınızı qaldırın. Əgər başıaşağı yerisəniz, başqa piyadalarla toqquşa bilərsiniz.

2. Yeriyəndə əllərinizi çox yelləməyin. Tünlük olan yerlərdə belə etsəniz, əlləriniz başqa adamlara toxuna bilər. Ona görə çalışın, əllərinizi yanınızda saxlayasınız. Əgər cibiniz varsa, yaxşı olar ki, əllərinizi cibinizə salasınız.

3. Yeriyəndə birdən dayanmayın, arxaya boylanmayın, anidən geri çevrilməyin. Belə etsəniz, arxadan gələn adam çaşıb sizin üstünüzə çıxa, sizi əzə, yaxud sizə dəyə bilər.

Metroların içində, gur saatlarda axına qoşulub gedəndə qəfildən dayanıb telefonunuza baxmayın, əyilib ayaqqabınızın bağını bağlamayın, cibinizdə nəyisə yoxlamayın, ya da digər naməlum, mənim baş aça bilmədiyim səbəblərdən hərəkətsiz qalmayın.

4. Adam çox olan yerlərdə yeriyəndə hansısa dostunuz, tanışınız, qohumunuz qabağınıza çıxsa, onunla ortada dayanıb hal-əhval tutmayın. Salamlaşan kimi qırağa, daldaya, adam az olan yerə çəkilin ki, gəlib-gedən adamlara mane olmayasınız. Bu sizin üçün də yaxşı olar, rahat-rahat söhbətləşə bilərsiniz.

5. Əgər dostlarınızla şəhərdə yeriyirsinizsə, iki-üç nəfərlik cərgələr halında yeriyin. Hamı eyni cərgədə yerisə, tələsən insanlara keçib-getmək üçün mane ola bilərsiniz.

6. Yeriyəndə gözəl qadın, yaraşıqlı kişi, hansısa aksessuarı ilə sizə qəribə görünən adam görsəniz, ona nifrət və ya heyrətlə dayanıb baxmayın, yaxud ona baxa-baxa yeriməyin. Həm baxışlarınızla onu narahat edəcəksiniz, həm də yolunuza baxmadığınız üçün başınıza min hadisə gələ bilər.

7. Küçədə hansısa meyxanaçı, müğənni, aktyor, aktrisa, futbolçu, bir sözlə, məşhur adam görəndə həyəcanlanıb, özünüzü itirməyin. Axını yara-yara qaçıb onunla şəkil çəkdirməyin. Yox, əgər gördüyünüz adama heyransınıza və şəkil çəkməsəniz, öləcəksinizsə, səbirlə onu izləyin, adamların az olduğu bir yerdə mədəni formada yaxınlaşıb, onunla şəkil çəkdirmək üçün icazə alın. Əgər razılaşsa, şəkil çəkdirin. Onları da başa düşməyə çalışın. Hamı kimi onlar da şəhərə çıxıb gəzmək, hava almaq, istirahət etmək istəyirlər.

8. Əgər əlinizdə, yaxud belinizdə yük, çanta varsa, nəsə daşıyırsınıza, çalışın yeriyəndə digər piyadaları narahat etməyəsiniz.

9. Yeriyəndə tum çırtlamayın.

10. Yeriyə-yeriyə burnunuzu səs-küylə təmizləməyin, burnunuzu eşməyin, əlinizi qulağınıza salıb təmizləməyin.

11. Yeriyə-yeriyə qətiyyən dırnağınızı tutmayın. Ümumiyyətlə, çalışın dırnaqlarınızı evdə tutasınız.

12. Yeriyəndə tüpürməyin, gəyirməyin, öyüməyin, qusmayın, qaz çıxarmayın, hönkür-hönkür ağlamayın (yavaş-yavaş ağlaya bilərsiniz), çox yüksək səslə gülməyin (asta səslə gülə bilərsiniz), tərbiyəsizlik, dostlarınızla şit zarafatlar etməyin, qışqıra-qışqıra danışmayın (asta səslə danışa bilərsiniz).

13. Yanınızda balaca, nadinc, dəcəl uşaq varsa, mütləq onun əlindən tutun. Həm uşağın nadinclik etməyinin qarşısını alacaqsınız, həm də adam çox olan yerlərdə onu gözdən itirməzsiniz.

Məcbur qalmadıqca şəhərin gediş-gəliş çox olan ən sıx küçələrində uşaqlarla yeriməyin, yaxud uşaq arabası ilə tünlük yerlərə çıxmayın. Bu, həm sizin üçün, həm uşağınız üçün, həm də digər piyadalar üçün faydalı olar.

14. Əgər yeriyəndə qasığınız, ombanız, yanbızınız qaşınsa, hamıya göstərə-göstərə qaşımayın.

15. Əgər heç yerə tələsmirsinizsə, vacib işiniz yoxdursa, yaxud gəzməyə çıxmısınıza, çox sürətli halda, qan-tər içindəyeriməyin. Çalışın, adam çox olan yerlərdə digər adamlarla eyni tempdə yeriyəsiniz.

16. Yox, əgər harasa tələsirsinizsə, onda əvvəlcə, az adam olan alternativ yollardan istifadə edin. Bu da mümkün olmasa, insanlara çiyin atmadan, onları itələyib yıxmadan, kobudluq etmədən tez-tez yeriyə bilərsiniz.

17. Səki ilə yeriyin. Yolun ortası ilə qətiyyən yeriməyin. Əgər yolun ortası ilə yerisəniz, mütləq haçansa bir gün sizi maşın vurub öldürəcək.

18. Əlil, şikəst, məhdudiyyətli şəxslərə qarşı daha həssas və diqqətli olmağa çalışmayın. Küçədə əlil adam görəndə ona yazığınız gəlməsin, yaxud dayanıb öz halınıza şükür etməyin. Bu hərəkətlə onu narahat edəcəksiniz. Hamıya necə münasibət göstərirsinizsə, onlara da elə münasibət göstərin. Onlara bir şərtlə kömək edə bilərsiniz. Sizdən kömək istədikdə.

19. Yeriyərkən telefonda nəyəsə baxmayın. Ümumiyyətlə, çalışın bir iş görərkən, bir iş görün. Eyni anda həm yeriyib, həm telefonda nəyəsə baxıb, həm də dostlarınızla söhbət etməyin.

20. Əgər qulaqlıq taxmısınızsa, çalışın mahnının səsini elə ayarlayın ki, ətrafdakı səsləri az da olsa, eşidə biləsiniz. Hansısa maşın sizə siqnal verə, kimsə arxadan sizi çağıra bilər. Ona görə də diqqətli olmalısınız.

21. Yeriyə-yeriyə yemək yeməyin. Ümumiyyətlə, ayaqüstə yemək yeməyin.

22. Yeriyəndə gözünüz açıq olsun. Yanından keçdiyiniz tarixi abidənin, binanın, heykəlin, küçənin adını yadınızda saxlayın.

23. Əgər siqaret çəkirsinizsə, məcbur qalmadıqca adam çox olan yerlərdə siqaret çəkməyin. Yeriyə-yeriyə siqaret çəkməyi xoşlayırsınıza, bunu daha az adam olan yerlərdə edin ki, digər insanları narahat etməyəsiniz.

24. Əgər kimisə ötmək istəyirsinizsə və ona toxunmadan keçmək imkanınız yoxdursa, həmin adam da öz cinsinizdəndirsə, əlinizi yüngül halda onun belinə toxundurub, icazə istəyə bilərsiniz.

25. Ağzı açıq yeriməyin.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla