AZ

Basketbolçular məktəbdə sorğu-suala tutuldu

“Gəncə” basketbol klubunun üzvləri şəhərdəki 1 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüblər. Tədbirdə “sarı-göylər”in baş məşqçisi Bedri Meriç, köməkçisi Rizvan Səfərov, basketbolçulardan İrşad Hant, Donovan Filds və Əlibəy Məmmədli iştirak edib.

Məşqçilər klubun fəaliyyəti və uğurları haqqında məlumat veriblər. “Gəncə”nin ötən mövsüm Azərbaycan Basketbol Liqasında gümüş mükafatçı olduğunu və Azərbaycan Kubokunda qalib gəldiyini vurğulayıblar. Oyunçular bu mövsüm keçirdikləri matçlardan danışıb, Gəncədə basketbolun sevildiyini, bunu şəhərdə onlara olan diqqətdən də hiss etdiklərini bildiriblər.

Sonra məktəblilər komandanın üzvlərini sual yağışına tutub. Şagirdlər onları maraqlandıran mövzularda çoxsaylı suallar veriblər. Məşqçilər və oyunçular ünvanlanan sualları həvəslə cavablandırıb, basketbolla məşğul olmaq istəyənlərə məsləhətlər veriblər.

Ən yaxşı sual müəlliflərinə klubunun şərfi hədiyyə olunub. Bu cür görüşlərin basketbolun təbliğatına yönəldiyi, bu idman növünün kütləviliyinin təmin edilməsinə və inkişafına xidmət etdiyi xüsusi ilə qeyd olunub.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla