AZ

Yaxşı olacaqdı, olmadı

"Neftçi" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ" səddini aşa bilmədi. "Ağ-qaralar"ın çempionatda qızıl medal şansını itirməsi kubokda daha istəkli olacaqlarını düşünməyə vadar edirdi. Eyni zamanda komandanın sükanı baş məşqçi Miodraq Bojoviçə tapşırılanda qarşısına qoyulan iki hədəfdən biri kuboku qazanmaq idi. Lakin alınmadı.

Premyer Liqada 4-cü sırada qərarlaşan paytaxt təmsilçi gümüş medallar uğrunda mübarizə aparır. Ancaq ötən tur bu yoldakı əsas rəqib "Zirə"yə məğlubiyyət komandanı bir addım geri saldı. Gedişat göstərir ki, kubok kimi, gümüş medallar da əldən çıxacaq. Qoyulan hədəflərə çata bilməyən Bojoviçin isə "Neftçi"də gələcəyi görünmür. Mütəxəssisin mövsümün sonunda klubdan ayrılması gündəmdədir.

Kubokun yarımfinalında "Qarabağ"a rəqib olandan sonra Bojoviç açıqlamalarında "atlılar"ı keçmək gücündə olduqlarını bildirirdi. Buna baxmayaraq, iki oyunda sərgilənən futbol açıqlamalarla üst-üstə düşmədi. Hər iki matçda mübaliğəsiz meydanda bir komanda görünürdü - "Qarabağ". İlk görüşdə 0:4 hesablı qələbədən sonra cavab oyununa isə ruhsuz, məğlubiyyətlə barışmış, görüşü formal oyuna çevirən "Neftçi" var idi. I Liqada bombardir olan Ağadadaş Salyanskiy də çempionatda qazanmadığı şansı dünən əldə etdi. Düzü, pis təsir də bağışlamadı. İrəli xətdə aktivlik göstərən gənc oyunçu gələcək matçlar üçün ümid verdi. Onunla yanaşı, Reziuan Mirzov, İvan Brkiç də əsas heyətdə yer almışdı. Sanki Bojoviç "Qarabağ"la oyuna təcrübə xarakterli yanaşdı, az şans qazananları oyuna buraxdı. Nə olur olsun, nəticə "Neftçi" adına fiaskodur.

Azərbaycanın ən güclü iki kollektivi hesab olunan komandaların duelində belə böyük hesabların qeydə alınması da güc nisbətinin bərabər olmadığını göstərir. “Qarabağ” uzun illərdir görülən işlərin faydasını görür, “Neftçi”də isə əksinə. Komanda dirçələ bilmir ki, bilmir. Gedişatın necə olacağı məlum deyil. Narazılıq var, ancaq vəziyyətin düzəlməsi adına hansısa tədbirlər atılmır. Mövsümün əvvəlində “yaxşı olacaq” devizi ilə azarkeşlərini həyacanlandıran “ağ-qaralar” indi fanatlarından da ayrı düşüb. Uğursuz nəticələr komandanın qatı azarkeş qrupu “Forza Neftçi”ni də tribunadan uzaqlaşdırıb.

APL-də mövsümün sonuna beş tur qalıb. Bu, Bojoviç və bir ətək pula gətirilən legionerlərin komandadakı son akkordları ola bilər. Azından gedişat bunu göstərir...

Şahin Cəfərov
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla